«Onlar normal işləməyiblər, binaya girəndən sonra da oğurluqla məşğul olublar, evdən brilyantlarımı, hətta mətbəxdəki gümüş qaşıqlarımı da götürüblər»
«Binada qaz yox idi, həkim rəy verib ki, nəvəm qazdan boğulub…»
Ötən il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında çoxsaylı insan tələfatı ilə nəticələnmiş yanğınla bağlı məhkəmə prosesi davam etdikcə, xeyli maraqlı məqamlar üzə çıxır. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmişlərin dindirilməsi mərhələsidir. Bu iş üzrə zərərçəkmişlərin sayı təxminən 150 nəfərdir ki, dünənki məhkəmə iclasında onlardan 26-sı dindirilib.
Yanğın zamanı dünyasını dəyişmiş 1 yaş 9 aylıq Ömərin babası Təyyar Cavadov ifadəsində bildirib ki, hadisə nəticəsində nəvəsi tüstüdən boğulub, qızı isə ağır xəsarət alıb: “Mən imtahanda idim. Zəng gəldi ki, eviniz yanır. 15 dəqiqəyə maşınla evə necə gəlmişəm, onu bir Allah bilir.
Hesab edirəm ki, ölümlərə əsas səbəb blokların pəncərələrinin bağlı olması idi. Bina üzlənəndən sonra açılmayan pəncərələr qoyulmuşdu. Tüstü və alov bloklarda qalıb. Heç kim evdən çıxa bilməyib. Xilasetmə işləri də lazımi səviyyədə aparılmadı”.
T.Cavadov onlara dəymiş mənəvi zərərə görə günahları sübut olunan şəxslərdən 100 min manat təzminat tələb etdiyini bildirib.
Digər zərərçəkmiş Səbinə Manafova hadisə zamanı evdə olmayıb. Onun sözlərinə görə, hələ binaya üzlük vurulanda poliureatan material qaynağın qığılcımından alışmışdı: “Sonra atam həmin materialın bir hissəsini alışqanla yandırdı, alışdı. Sonra işi dayandırdılar. Dedilər yanan material olub-olmaması araşdırılır. Sonra yenidən iş başladı. Düşündük ki, yəqin icazə verilib və yanan material deyil”.
Bu yerdə təqsirləndirilən şəxslərdən Miryusif Mahmudovun vəkili Ilhamə Həsənova diqqətə çatdırıb ki, sakinlərin şikayəti əsasında araşdırma aparılıb və rəsmi cavab da verilib. Vəkilin sözlərinə görə, həmin sənəd iş materiallarına əlavə olunub.
Miryusif Mahmudov özü isə binaya bitişik qeyri-yaşayış obyektindən danışıb. Belə söz-söhbət var ki, həmin tikilinin damına zibil tökülüb və yanğın da oradan başlayıb.
“Binaya bitişik əlavə tikilinin olması tikinti normalarına ziddir. Hansısa tikili ən azı, binanın hündürlüyünün üçdə biri qədər aralı məsafədə tikilməlidir. Bu tikintiyə kim icazə verib? Bunu da araşdırmaq lazımdır. Yanğın baş verən gündən insanları fərqli istiqamətə yönəldirlər. Həmin gün müsahibə verənlər deyir ki, üzlükdən yanıb, tərkibinə qatqı qalılmayıb. Axı həmin an bunu necə bilmək olardı. Ekspertiza rəyi 9 ay sonra verib”, – deyə Miryusif Mahmudov bildirib.
Zərərçəkmiş Ilqar Vahabov deyir ki, hadisədən bir gün əvvəl binaya vurulan üzlüyün bir hissəsində siqaretlə yanmış yer görüb: “Siqaret külü ilə ərimişdi. Mən bunu özüm görmüşəm”.
“Həmin həkimin üzünə tüpürmək istərdim”
Yanğın zamanı dünyasını dəyişmiş iki yaşlı Ayxanın nənəsi Zəhra Babayeva da dindirilib. O, ifadəsində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və yanğınsöndürənlərdən narazılığını bildirib: “Hadisə baş verərkən işdə idim. Mən gələndə bizim ev tərəf yanmırdı. Nəvəmin yanında dayə var idi. Zəng edirdik. Saat 11-12 arasında nəvəm sağ idi. Ayxan ölməyə bilərdi. Biz Fövqəladə Hallar Nazirliyinin və polis işçilərinə yalvardıq, amma bizi buraxmırdılar. Xilasedicilər gəlmişdi, lakin kran yox idi. Fövqəladə Hallar Nazirliyinin işçilərinin maskası yox idi deyə, içəri girə bilmirdilər, polislər bizi itələyirdi. 16 mərtəbəli binaya gətirilən kran 5-ci mərtəbəyə qədər qalxdı. Içəri girən xilasedicilər 3-cü mərtəbədə pəncərədə oturub siqaret çəkirdi. Vertolyot suyu binanın yox, camaatın üstünə tökdü. Saat 2-nin yarısında gətirilən kran artıq yuxarı qalxırdı. Biz dayə ilə sonra danışanda dedi ki, artıq uşaq nəfəs almır. Kran bizim mərtəbəyə qalxanda yanğınsöndürən pəncərədən baxıb işarə etdi ki, heç kim yoxdur. Içəri girmək istəmirdi. Aşağıdan biz qışqırandan sonra içəri girdi. Uşağı çıxardı. Xəstəxanaya aparanda bizi aparmadılar, dedilər ki, sağdı. Kürəkənim dedi ki, köynəyinin üstündən iynə vurublar.
Nəvəm bizim nəfəsimiz, həyatımız idi. Biz onunla nəfəs alırdıq. Həmin gün bütün xəstəxanaları axtardıq. Nəvəmin cansız bədənini morqdan tapdıq. Həkim rəy verib ki, nəvəm dəm qazından boğulub. Həmin həkimin üzünə tüpürmək istəyərdim. Bu bizi bilirsinizmi necə yandırır? Bizim binada qaz olmayıb, o necə qazdan boğula bilərdi? Niyə düzünü yazmırlar ki, tüstüdən boğulub?”
FHN-nin xilasedicilərindən Xətai Şahverdiyev də zərərçəkmiş qismində ifadə verib. O bildirib ki, yanğın baş verən vaxt işdə olmayıb, lakin könüllü şəkildə hadisə yerinə gedib: “Eşitdim ki, yanğının miqyası böyükdür. Işdən icazə alıb, hərbi formada ora gəldim. Bloka girəndə alov və tüstü var idi. Tempratur yüksək idi. 4 və 5-ci mərtəbələrə qalxdım. Sonrası çətin oldu…”
“Mən burada yüksək vəzifəli şəxsləri gözləyirdim”
Zərərçəkmişlərdən Fariz Yusifov da FHN əməkdaşlarından şikayətlənib. O, hətta FHN əməkdaşlarını oğurluqda ittiham edib: “Fövqəladə Halların işçiləri normal işləsəydilər, nəticə belə olmazdı. Ora 8 yanğınsöndürən maşın gəlib, su olmadığına görə dayanıblar. Sonra vertolyotla su töküblər, o da camaatın üstünə. Bunlar belə işləyiblər. Binaya girəndən sonra da oğurluqla məşğul olublar. Evdə brilyantlarım vardı, onları, hətta mətbəxdəki gümüş qaşıqlarımı da götürüblər”.
Fariz Yusifov deyir ki, yanğından xəbər tutub hadisə yerinə çatanda kənardan öz mənzilinin yanmadığını görüb:
“Axşam saat 6-da gördüm ki, mənzilimin bir tərəfi tüstüləndi. Saat 8-in yarısında söndürdülər. Mən hesab edirəm ki, saat 6-ya qədər mənim mənzilimə girib qiymətli əşyalarımı götürüb, sonra oranı yandırıblar. Həmin gün axşam saat 11-12 radələrində Hacıbala Abutalıbovla görüşəndən sonra iki polislə birlikdə mənzilimə qalxdım. Binaya ilk girən mən oldum. Hansısa əşyalar, qiymətli geyimlər yananda, heç olmasa, külü qalır. Amma elə əşyalarım vardı ki, onların nə özü vardı, nə də külü”.
Hələ bina üzlənən vaxt orada bir dəfə yanğın olduğunu deyən zərərçəkmişin sözlərinə görə, o zaman Binəqədi Rayon Icra Hakimiyyətindən tutmuş, FHN-ə qədər lazımi orqanlara bu barədə şikayət edib: “Mən burada yüksək vəzifəli şəxsləri gözləyirdim. Çünki onlara vaxtında xəbərdarlıq eləmişdim. Binanı o şəkildə üzləməklə bizi gün işığından məhrum eləmişdilər. Qış vaxtı idi, binanı üzləmək üçün poliuretan materialları bağlamalarda aşağı yığmışdılar, yuxarıdan üstünə qığılcım düşmüşdü, alışıb yanğın olmuşdu. Şikayət elədim, FHN-dən, icra hakimiyyətindən, şirkətdən gəldilər. Dedim ki, ”siz bu binadakı adamları yandıracaqsız”. Axır ki, yandırdılar da… Bizim bina yenə yanacaq, çünki təmir zamanı işıq sistemini düz çəkməyiblər”.
Binanın 25a mənzilinin sahibi Zaur Mustafayev də zərərçəkmiş qismində ifadə verib. Bu mənzildən həmin vaxt orada yaşamış Yaşar Nəcəfov özünü pəncərədən atıb. Vəkillər zərərçəkmişləri dindirərkən Yaşar Nəcəfovla bağlı məqamı xüsusi araşdırır, həmin şəxsin o binada nə vaxtdan yaşaması, özünü necə aparmasını soruşurlar. Zaur Mustafayev bildirib ki, Yaşar onun həmkəndlisi və uzaq qohumudur, onun ailəsini də yaxşı tanıyır: “Heç bir problemi olmayan insan idi. ”Favorit Market”də işləyirdi. Bəlkə onun yerində olsaydım, mən də özümü atardım. Divarlardakı suvağa qədər yanmışdı. Qızdırıcıların dəmirləri kül olmuşdu”.
Hadisə zamanı xəsarət almış yanğınsöndürənlər Rasim Ağayev və Mehdi Məsimli də məhkəmədə dindirilib. Onlar FHN əməkdaşlarının səhlənkarlığı, qeyri-peşəkarlığı və s. ittihamlarla razılaşmayıblar. Bildiriblər ki, hadisə yerinə çağırışdan 15 dəqiqə sonra çatıblar, maşınlarda da su olub. Su vuran rezin boruların bəzilərini isə pəncərələrin sınmış şüşələri deşib.
Məhkəmə prosesi davam edir.
Xatırladaq ki, bu iş üzrə binanı üzləyən “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov, binanın yerləşdiyi ərazi üzrə “JEK”in rəisi olmuş Nizami Orucov da daxil olmaqla, ümumilikdə 8 nəfər mühakimə olunur.
Aytən Məmmədova