Deputat səs yazılarının yayılmasından ehtiyatlanır

19-07-2016, 08:48   
Deputat səs yazılarının yayılmasından ehtiyatlanır
Elmira aElmira Axundovanın yayılmasının qarşısını almağa çalışdığı materiallarda nələr var; xanım deputat prezidentə təkzib məktubu göndərilməsini istəyir

Deputat Elmira Axundova və oğlu Həbib Axundov onlardan şikayətçi olan və kömək üçün dövlət başçısı Ilham Əliyev də daxil olmaqla, ən müxtəlif instansiyalara müraciət edən şəxsləri məhkəməyə verib. Xatırladaq ki, həmin şəxslər şikayət məktublarında Həbib Axundovun onlardan biznes qurmaq məqsədilə çox böyük məbləğdə pullar aldığını və bu günə qədər qaytarmadığını yazır. Bu mövzuda mətbuatda da həm şikayətçilərin, həm də Elmira Axundova və oğlunun mövqeyini əks etdirən məqalələr dərc olunub.


Deputat və oğlu şikayətçiləri məhkəməyə verib

Əvvəlcə Həbib Axundov şikayətçilərdən Fərman Məmmədova qarşı iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib və təhqir-böhtana görə onun üzərinə üzr istəmək, təkzib vermək və 100 min manat təzminat ödəmək öhdəliyinin qoyulmasını istəyib. Məhkəmə prosesinin gedişində Fərman Məmmədov da Həbib Axundov tərəfindən mətbuatda təhqir edildiyini, ona böhtan atıldığını bildirərək, deputat oğlu ilə bağlı qarşılıqlı iddia qaldırıb. O da təkzib verilməsi, üzr istənilməsi və 600 min manat da təzminat tələbi qoyub.

Sonradan Həbib Axundov məhkəməyə iddiaya əlavə təqdim edib və orada daha beş nəfərin Ziya Vəliyev, Firuz Haşımov, Elvin Vəliyev, Sabir Ağayev və Şahin Məhərrəmovun da cavabdeh qismində tanınmasını istəyib, təzminatın məbləğini isə 50 min də artırıb və 150 min istəyib.

Bunun ardınca Elmira Axundova da “müstəqil tələb irəli sürən üçüncü şəxs” qismində məhkəməyə iddia ərizəsi təqdim edib. Həmin iddia ərizəsində bəzi məqamların baxılan işə uyğunsuzluğu ilə əlaqədar geri qaytarılıb. Deputatın nümayəndəsi Rövşən Yusifov iddiaya müəyyən dəyişikliklər edərək, Binəqədi Rayon Məhkəməsində keçirilən dünənki iclasda onu yenidən təqdim edib.

Deputat müəyyən materialların yayılmasını istəmir

Elmira Axundovanın iddia ərizəsində göstərilib ki, cavabdehlər ondan ölkə rəhbərliyinə, parlamentə, müxtəlif idarələrə böhtan xarakterli məktublar yazıb onu hörmətdən salırlar, işgüzar nüfuzuna zərbə vururlar. Deputat iddia edir ki, şikayətçilər Elnur Ibrahimov adlı şəxsə verdikləri pulu Həbib Axundovdan almaq istəyirlər, bu məqsədlə də anasının adını hallandırıb onu şantaj edirlər.

Elmira Axundovanın iddia tələbləri də maraqlıdır. Düzdür, o da oğlu kimi cavabdehlərdən üzr, təkzib və 100 min manat istəyir. Amma onun təkzib tələbi daha orijinaldır. Istəyir ki, cavabdehlər prezident Ilham Əliyevə, parlamentin sədri Oqtay Əsədova və digər dövlət orqanlarının rəhbərlərinə təkzib məktubu gönsinlər.

Deputatın daha bir maraqlı tələbi budur ki, məhkəmə cavabdehlərin üzərinə onunla bağlı fotolar, səs yazıları, telefon danışıqları və s. materialların ləğvi və onlardan istifadənin qadağan edilməsi öhdəliyi qoysun. Amma Elmira Axundova konkretləşdirməyib ki, yayılmasını istəmədiyi materiallarda narahatlığına əsas verən nələr var.

Elmira Axundova həmçinin təhqir və böhtana görə cavabdehlərin barəsində cinayət işi başlanması üçün məhkəmənin xüsusi qərardad çıxarıb prokurorluğa göndərməsini xahiş edir.

Dünənki məhkəmə iclasında cavabdehlərin nümayəndəsi Tahir Əlirzayev bu iddianın qəbul olunmasına etiraz edib. Prosesin gedişində o da məlum olub ki, məhkəməyə iddia vermək üçün tələb olunan dövlət rüsumu ödənilməyib. Bu səbəbdən də iddianın icraata qəbulu məsələsi növbəti məhkəmə iclasına qalıb. Məhkəmə iyulun 29-da davam edəcək.

“Əlimizdə faktlar var”

Deputatın oğlu tərəfindən aldadıldığını deyən Fərman Məmmədov “Azadlıq”a açıqlamasında bildirib ki, dövlət orqanlarında heç bir yalan, böhtan yoxdur və onlar heç kimi də şantaj eləmirlər: “Biz Həbib Axundova verdiyimiz pulu istəyirik. Öz pulunu istəmək nə vaxtdan şantaj olub? Bizi onlar şantaj eləyirlər, təhqirə, böhtana məruz qoyurlar, hədələyirlər. Bu barədə mesajları müvafiq dövlət orqanlarına da göndərmişik”.

Fərman Məmmədov deputatın onlardakı səs yazıları, şəkillərin ləğvi ilə bağlı tələbinə də toxunaraq, bunun absurd olduğunu bildirib. Onun sözlərinə görə, bu, vətəndaşın ifadə azadlığının pozulmasıdır: “Yəqin, bir az sonra da tələb irəli sürər ki, bizə danışmaq qadağan olunsun. Elmira Axundova haradan bilir ki, bizdə nə var? Deməli, onu narahat edən nələrsə var. Özü də yaxşı bilir ki, oğlu bizdən pulu alıb və qaytarmır. Özü ilə də bu barədə dəfələrlə söhbətimiz olub. Bir müddət əvvəl elə bu deputat xanım öz səlahiyyətlərindən istifadə edərək, mənim saxlanılmağıma nail olmuşdu. Onun müraciəti əsasında hüquq-mühafizə orqanında bir neçə saat məni saxladılar ki, niyə şər-böhtan atırsan? Mən də əlimdəki faktları onlara təqdim elədim və bundan sonra sərbəst buraxdılar. Yəni mən faktsız danışmıram. Lazım gəlsə, həmin hadisənin detallarını da açıqlayacam, faktları da mediaya təqdim edəcəm”.

Aytən
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.