Azərbaycanda vəzifəli şəxsin bir vətəndaşı ağır yaraladığı haqda Azad.Media-ya məlumat daxil olub. Məlumat bundan ibarətdir ki, Bakı rayonlarından birinin icra başçısı təxminən beş ay əvvəl başının dəstəsi ilə Xızıya ova gedib. Ov ovlamaq, quş quşlamaq ehtirası ilə tüfəngi əlinə alan icra başçı növbəti gülləsini təsadüfən yerli sakinlərdən birinə çaxıb. Düzgün nişan ala bilməyən başçının gülləsi Xızının Fındığan kəndindən olan zavallı kişinin, xoşbəxtlikdən, qoluna dəyib. Yaralının qol sümüyü ciddi zədə alsa da, özü ölüm təhlükəsindən ötüşüb.
Məlumatı çatdıran yerli mənbələr deyirlər ki, həmin icra başçısı ov üçün Xızıda tez-tez peyda olur. Xızı camaatı az qala onun bu rayonda işlədiyini zənn etməyə başlayıblar. Təəccüblənirlər ki, “iki günün biri” Xızıya ova gələn icra başçısı Bakıdakı, rəhbərlik etdiyi rayonla bağlı işlərini görməyə necə vaxt tapır?
O da məlum olub ki, icra başçısının yaraladığı şəxs əslən Ermənistanın Qafan rayonundandır.
Azad.Media-nın başqa mənbədən az əvvəl əldə etdiyi başqa bir məlumata görə, həmin icra başçısı Nərimanov RİH başçısı Abdin Fərzəliyev imiş. A.Fərzəliyevin ova çox həvəsli olduğu, tez-tez rayonlara ov üçün və istirahət üçün getdiyi deyilir.