Yanğında ölən balaca Fərəhin anası məhkəmədə nələr danışdı?

20-07-2016, 09:08   
Yanğında ölən balaca Fərəhin anası məhkəmədə nələr danışdı?
Günay Məhərrəmova: «Belə bir versiya da vardı ki, Miryusif müəllimi «vurmaq» məqsədilə binanı yandırıblar»

Ötən il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı araşdırmalar Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Məhkəmə prosesində zərərçəkmişlərin dindirilməsi mərhələsidir. Zərərçəkmişlərin sayı isə təxminən 150 nəfərdir. Onların arasında yaxınlarını itirən, xəsarət alanlarla yanaşı, mənzilinin yanması nəticəsində ziyan görənlər də var.

Yanğın nəticəsində dünyasını dəyişmiş 3 yaşlı Fərəhin valideynləri də dünənki məhkəmə iclasında dindirilib.


Aması Elnur Məhərrəmov bildirib ki, həmin binada mənzili bir neçə il əvvəl ipoteka ilə alıblar. Işi ilə əlaqədar çox vaxt Bakıdan kənarda olduğundan, həmin mənzildə daimi yaşamayıblar. Hadisə vaxtı isə özü rayonda olsa da, həyat yoldaşı və qızı evdə olub.

“Ziyanı Icra Hakimiyyətindən tələb edirəm”

Fərəhin anası Günay Məhərrəmova həmin gün yaşadıqları barədə ətraflı danışıb: “Səs eşitdim, üzbəüz qonşu qışqırırdı. Uşağı götürüb qaçdım, bir mərtəbə düşdüm, blok qaranlıq idi, hər yeri tüstü basmışdı, daha düşə bilmədim. Qayıdıb yuxarı qalxdım, əl atdım bir qapıya, təsadüfən öz evimiz idi. Qucağımda uşaq, pəncərənin qabağında dayanıb aşağıdakı xilasedicilərə əl elədim ki, kömək eləsinlər. Onlar da əl elədilər, başa düşdüm ki, məni görürlər. Mən huşumu itirdim, ayılanda ağzımda oksigen maskası vardı. Uşağı soruşdum, dedilər ki, ”narahat olma, yaxşıdı”. Balonda oksigen qurtarmışdı deyə, yenə huşumu itirdim. Sonra ayıltdılar. Məni evdən çıxarmağın yolunu bilmirdilər. Orta yaşlı kişi məni çiynində çıxartdı. Məni aparanda yerdə insanların cansız bədənləri vardı, onları adlayıb keçirdik”.

Günay Məhərrəmova ifadəsində binanın qəsdən yandırılması ehtimalından da danışıb: “Sonradan eşitdim ki, Avropa Oyunları öncəsi təxribat məqsədilə yandırılıb. Belə bir versiya da vardı ki, Miryusif müəllimi ”vurmaq” üçün eləyiblər”.

Onlara dəymiş ziyanın məbləğilə bağlı istintaq materiallarında göstərilən rəqəmlə razılaşmadığını deyən Günay Məhərrəmova qeyd edib ki, bu barədə məhkəməyə vəsatət təqdim edəcək. Zərərçəkmiş həmçinin onlara dəymiş ziyanı Binəqədi Rayon Icra Hakimiyyətindən tələb etdiyini bildirib: “Çünki sakinlərin müraciətindən sonra binanın o materialla üzlənməsi dayandırılmışdı. Icra Hakimiyyəti niyə yenidən icazə verdi? Eyni zamanda, bu yanğında təqsiri olan hər kəsdən tələb edirəm”.

“Oğlumu meyitlərin arasına qoyublar, həkimlər baxıb ki, sağdı”

Hadisə zamanı xəsarət almış yanğınsöndürən Kamil Dünyamalıyev də zərərçəkmiş qismində ifadə verib. O bildirib ki, özündəki oksigen maskasını Ibrahim adlı 1 yaşlı uşağa verib, nəticədə özü xəsarət alıb: “Havanı uşağa verdim, özüm boğulurdum”.

Zərərçəkmiş Mina Məmmədova bildirib ki, birtəhər çıxarılandan sonra bir neçə saat binanın qarşısındakı səkidə oturub, baş verənləri izləyib: “Yanğınsöndürən maşınlar həyətə girə bilmirdi, sonra dedilər ki, maşında su yoxdu. Vertolyotdan suyu boşuna tökürdülər, külək imkan vermirdi”.

Məhkəmənin gedişində təqsirləndirilən şəxslərdən Binəqədi Rayon Icra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzovun səhhəti pisləşib və buna görə məhkəməyə Təcili Tibbi Yardım çağırılıb. Bununla əlaqədar məhkəmə iclasında fasilə elan olunub.

Fasilədən sonra zərərçəkmişlər Aynurə Cəfərova, Mirhəsən Seyidov, Surxay Sadıqov, Sevinc Abdullayeva, Zəmanət Daşdəmirov və digərləri ifadə verərək, hadisə günü şahidi olduqları olayları danışıblar.

Surxay Sadıqovun dediyinə görə, yanğın zamanı evdə tək olan oğlunu əvvəlcə ölmüş bilib meyitlərin arasına qoyublar: “Sonradan həkimlər baxıb görüb ki, sağdı, Məlikov adına 6 saylı xəstəxanaya aparıblar”.

Həmin binada kirayə yaşadığını, hadisə zamanı anası və 40 günlük körpəsilə çarəsiz vəziyyətdə qaldığını deyən Sevinc Abdullayeva yanğının təxribat olduğunu düşünür. Fikrini də belə əsaslandırır: “Mən yanğının binaya bitişik əlavə tikilinin üstündəki zibil qalığından olduğuna inanmıram. Çünki ora zibil tökülmürdü. Ən əsası, bir neçə dəqiqənin içində alov binanı bürüdü. Binanın təxribat məqsədilə yandırıla biləcəyini düşünürəm. Bəzi şəxslər də bu barədə danışırdı”.

Məhkəmə iyulun 21-də zərərçəkmişlərin ifadələrilə davam edəcək.

Xatırladaq ki, 15 nəfərin ölümüylə nəticələnmiş yanğına görə məhkəmə qarşısına “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon Icra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, Icra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal Istismar Sahəsinin rəisi olmuş Nizami Orucov, “Dərnəgül Boru” zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov çıxarılıb. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.

Aytən
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.