Bakının Nəsimi rayonunun sakinləri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan kömək istəyir. Onlar Mehriban Əliyevaya ünvanladıqları şikayət məktubunun surətini “Azadlıq”a da göndəriblər. Nəsimi sakinləri məktubda yazır:
“Biz dəfələrlə sizə qanunsuz tikintilərlə bağlı müraciət etmişik. Müraciətlərimiz nəticəsiz qalır, heç kim bizə cavab vermək istəmir.
2012-ci ilin oktyabrında Aygül Musayeva adlı şəxsin nümayəndəsi Hüseyn Rzayev biz sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəni zəbt etdirərək, orada dəmir konstruksiyalı bina inşa etdirmişdi. Şikayətimizdən sonra həmin qurğu söküldü. Saxta bələdiyyə sənədləri əsasında həyətimizi qeyri-yaşayış sahəsi kimi zəbt edən Aygül Musayevanın nümayəndəsi bütün dövlət orqanlarını aldadıb. Nəsimi bələdiyyəsinin sabiq sədri Qurbanovun düzəltdiyi sənədlərlə dinc sakinlərin rahatlığını pozub. Hüseyn Rzayev həmin sənədlər vasitəsilə Cavadxan küçəsi 38 ünvanındakı binanın sakinlərinin ümumi istifadəsindəki həyəti zəbt edib.
Biz sakinlər saxta sənədlər əsasında tikilən və icarəyə verilən qanunsuz tikilinin sökülməsini və haqq-ədalətin bərpa olunmasını xahiş edirik.
Biz sadə vətəndaşlar Nəsimi Rayon Icra Hakimiyyətinin 6 yanvar 2015-ci il tarixli sərəncamının ləğvi və məhkəmələrin ədalətli qərar verməsi üçün bizə kömək etməyinizi xahiş edirik”.