Vahid Əhmədovun qardaşı qızından sonra bacısı oğlu da vətəndaşların pulunu alıb qaytarmamaqda ittiham olunur
Polis deputatın bacısı oğlu ilə bağlı şikayəti niyə araşdırmır?
Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Vahid Əhmədovun qardaşı qızı Nigar Əhmədovanın mühakiməsi davam edir. O, bir neçə il əvvəl Rüfət Əliyev adlı vətəndaşdan onu “Kapitalbank”da filial müdiri vəzifəsinə təyin etdirmək adı ilə 32 min 500 dollar pul alıb bu günə qədər geri qaytarmamaqda ittiham olunur. Hazırda həbsdə olan Nigar Əhmədovaya qarşı CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb.
Bu məhkəmə davam etdiyi bir vaxtda “Azadlıq”a deputatın bacısı oğlu Pünhan Əliyev tərəfindən aldadıldığını deyən Ərkinas Ismayılovanın məktubu daxil olub. Bu həmin Pünhan Əliyevdir ki, Nigar Əhmədovanın (dayısı qızı) məhkəməsində onu da şahid qismində dindirmişdilər. Zərərçəkmiş Rüfət Əliyev Nigar Əhmədovadan yazılı şəkildə zəmanət istəyib ki, üç ay ərzində pulunu qaytaracaq. Həmin kağıza o zaman Nigar Əhmədovanın yanında olan bibisi oğlu Pünhan Əliyev də imza atıb. Elə bununla əlaqədar məhkəmədə dindirilmişdi.
“Evimi girov qoyub ona pul verdim”
Yasamal sakini olan Ərkinas xanımın oğlu həbs olunub. Elə ondan, eləcə də qonşusundan pul övladlarının həbsdən buraxılması üçün alınıb: “Mən Nigar Əhmədovanı əvvəldən tanıyırdım. Ondan xahiş elədim ki, oğlumun günahsız həbsilə əlaqədar yuxarı dairələrə şikayət etməkdə mənə kömək eləsin. Doğrusu, kömək elədi də, şikayət məktubları yazıb göndərdi. Günlərin birində dedi ki, bibim oğlu Pünhan oğlunun həbsdən buraxılmasında sənə kömək eləyə bilər. Günlərin birində axşam saat 10 radələrində ikisi də bizə gəldi, Pünhanla tanış olduq. Ondan sonra onunla ancaq telefonla danışırdıq. Bir gün zəng eləyib dedi ki, ”dayımla (Vahid Əhmədovu nəzərdə tutur) danışdım, oğlunun işini yüksək səviyyədə tapşırdı, nə lazımdırsa, eləyəcəklər”. Onu da deyim ki, telefonda dayısının adını çəkməyib, ona “böyüyümüz” deyirdi”.
Ərkinas Ismayılovanın sözlərinə görə, Pünhan Əliyev həm ona, həm də övladı onun oğlu ilə birlikdə həbs olunmuş qonşusuna lazımi məbləği düzəltməyi tapşırıb: “Ikimiz birlikdə 23 min 500 manat pul verdik. Qonşum evini satdı, 11 min 300 manat verdi. Mən də evimi girov qoyub 12 min 200 manat verdim. Elə bundan sonra da yalanlar başladı. Bizə dedi ki, guya, 6 min manat da özü üstünə qoyub. Dedim, təki oğlum buraxılsın, nə iş olsa görərəm, sənin borcunu qaytararam. Məhkəmə vaxtı bildik ki, Pünhan bizi aldadıb. Oğluma 10 il həbs cəzası verildi. Hələ də pulumuzu qaytarmır. Oğlum əlimdən getdi, heç olmasa, pulu qaytarsın, evimi girovdan çıxarım”.
“Deputatın qardaşları da məni hədələyir”
Ərkinas Ismayılova DIN-in 102 xidmətinə məlumat verib, 28-ci polis bölməsinə şikayət edib, amma tədbir görən yoxdur. Deyir ki, Pünhan Əliyevin işi dayısı vasitəsilə düzəltdiyi barədə dediklərini nəzərə alaraq, Vahid Əhmədova da zəng edib, mesaj yazıb: “Vahid Əhmədovun adını çəkdi deyə, inandım ki, deputat adamdı, sözü keçər. Vahid müəllimə mədəni şəkildə dedim, mənə kobud şəkildə cavab verdilər. Köməkçisi mənimlə çox kobud danışdı. Vahid Əhmədovun digər iki qardaşı, səhv eləmirəmsə, birinin adı Rasimdi, məni hədələyirlər. Mən nə istəyirəm, verdiyim pulu istəyirəm də. Hazırda çox pis vəziyyətdəyik. Dərddən özüm də, digər ailə üzvlərim də əsəb xəstəliyinə tutulmuşuq”.
Qeyd edək ki, Ərkinas Əliyevanın əlində ondan pul alınıb qaytarılmadığını təsdiqləyən səs yazısı və digər sübutlar da var. Amma nədənsə, hüquq-mühafizə orqanları polis bölməsi bu sübutları araşdırıb, tədbir görmək istəmir. Ona görə də Ərkinas Ismayılova başına gələnlərlə bağlı prezidentə müraciət edərək, ondan kömək istəmək qərarına gəlib.
“Azadlıq” olaraq, qarşı tərəfin ittihamlara münasibətini öyrənmək üçün dəfələrlə Pünhan Əliyevlə əlaqə saxladıq. Amma bir neçə gün ərzində edilən telefon zənglərinə cavab vermədi. Məcburiyyət qarşısında ona SMS də yazıb, mövqeyini bilməsini xahiş etdik, bunu da etmədi.
Deputat Vahid Əhmədovun köməkçisi ilə də əlaqə saxladıq. Adını açıqlamayan köməkçi Ərkinas Ismayılova ilə aralarında bu mövzuda söhbət olduğunu təsdiqlədi: “Mənimlə əlaqə saxladı, ona bildirdim ki, bu məsələnin Vahid müəllimə heç bir aidiyyəti yoxdur. Dedim ki, əgər hansısa problem varsa, hüquq-mühafizə orqanlarına müraciət eləsin”.
İnformasiya şöbəsi