İllərdir ki, neftdən gələn vəsait sadə insanı yalançı parıltı ilə aldatmağa xərclənirdi. Lakin dünya 8-9 il əvvəl olduğu kimi yenidən, həm də daha ciddi formada iqtisadi böhran mərhələsinə daxil olandan, neftin qiyməti kəskin azalandan sonra artıq ölkə vətəndaşı illərdir ona təqdim olunanın görüntünün animasiya xarakterli olduğunu dərk etdi. Kasıb insana təqdim edilən primitiv, yalançı parıltı bir anda yox oldu. Dövlət başçısının “ölkə artıq qənaət rejiminə keçməlidir” bəyanatından sonra illərdir yalançı təqdimatlarla manipulyasiya edən yerli icra strukturları yeni mərhələdə çaşqın vəziyyətə düşdülər. Bu da təsadüfi deyil. Adamlar illərdir ki, siyasi idarəçiliyin məhz manatla icra mexanizmini bilirdilər. Təyinatlarından həmən sonra kiçik padşahlıqlar yaradan icra başçıları, yerli əhali ilə təmaslarını uzun müddətdir ki, məhz baş vəzirləri – birinci müavinləri vasitəsilə həyata keçirirlər. Hələ tarixdən məlumdur ki, vəzirlər bütün parametirləri ilə yalançı və riyakar olublar. Ölkədə vicdanlı sosial sorğular keçirilsə bir rayonun icra başçısı belə bu sorğudan 50+1 rəqəmi ilə qalib çıxa bilməz. Cumhuriyyet.az olaraq, ölkə qanunlarının imkan verdiyi qədər, bölgələr üzrə yerli icra hakimiyyətlərinin fəaliyyətinə ictimai nəzarət funksiyasını zaman-zaman həyat keçirməyi planlaşdırmışıq. Öncə paytaxtın ucqar rayonlarından hesab olunan Suraxanıdan başlamağı düşündük.
Rayon, yoxsa komersiya müəssisəsi?
11 ildir ki, bu rayona rəhbərlik edən İlqar Abbasov haqqında daim ziddiyyətli informasiyalar dərc edilir. Mətbuatın müxtəlif vaxtlarda dərc etdiyi araşdırmalarda Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun ifşa edilmiş “MTN çetesi”nin rəhbəriı Eldar Mahmudovla və hal-hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla əlaqələrinin olması qeyd edilir. Hesab edirik ki, bu məsələnin araşdırılması sadəcə müvafiq hüquq – mühafizə orqanlarının işidir. Əlimizdə bu məsələ ilə bağlı tutarlı faktlarımız yoxdur. Lakin cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlar rayon ərazisində aparılan qanunsuz tikililəri, 28 oktyabr 2008-ci ildən torpaq sahələrinin alqı – satqısının yerli bələdiyyələrdən alınmasına baxmayaraq, Suraxanı rayonunda həmin prosesin hələ də davam etməsini təsdiq edəcək fakt həmin torpaqlarda inşa edilimiş tikililərdir. Xətai rayonundan, Hovsan qəsəbəsi istiqamətində hərəkət edərkən yolun sağ tərəfində “Qum adası” adlanan sahədə, qəsəbəyə giriş nişanını göstərən ərazidən başlayaraq, yolun yenə sağ tərəfində, dəniz kənarında, hətta zibil yeşkilərinin yerləşdiyi ərazidə inşa edilən evlər özlüyündə faktdır.
Bundan başqa İlqar Abbasovun göstərişi ilə rayon ərazisində inşa olunan bütün tikililərin layihələri məhz başçıya məxsus şirkət tərəfində hazırlanmalıdır. Əks halda həmin şəxsin inşa etdirmək istədiyi evin eskiz – layihəsi başçıya məxsus şirkətdə deyil, məhz vətəndaşın özünün istədiyi təşkilatda çəkilərsə o halda həmin sənəd müxtəlif bəhanələrlə ya qəbul edilmir, ya da qəbul olunması üçün fantastik məbləğ tələb olunur. Qeyd olunan bu məsələ ilə bağlı əlimizdə real faktlarımızın olduğunu Suraxanı rayon icra hakimiyyətinin səlahiyyətlilərinin bilməsi vacibdir. Vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən onun şəxsi mülkiyyəti olduğunu təsdiq edən sənədi aldıqdan sonra, inşa etdirdiyi dörd otaqlı evi məhz Suraxanı rayonu icra hakimiyyəti tərəfindən yaradılmış süni problemə görə sənədləşdirə bilmir. Səbəb isə birdir – eskiz–layihə məhz icra hakimiyyətinin nəzarət etdiyi müəssisədə çəkiməli idi. Göründüyü kimi yerli icra orqanlarına biznes sahəsindən gələn İlqar Abbasov dövlət görəvinə də bu müstəvidən baxır. Nədən məhz yuxarıda göstərilən məsələ ilə əlaqədar cənab İlqar Abbasovun sorumlu olduğunu qeyd edirik. Sadə səbəbdən. Adam zatən dövlət başçısının müvafiq sərəncamı ilə 11 ildir ki, rayondan sorumludur. Görəsən cənab Abbasov yeni tikililərlə bağlı imzaladığı hər sərəncamdan öncə qarşısına gətirilən eskiz-layihələrin nədən eyni müəssisə tərəfindən hazırlandığını bilmirmi? Və ya müvafiq dövlət orqanı tərəfindən vətəndaşın istifadəsinə verilmiş torpaq sahəsini hasara alması üçün nədən yerli icra orqanının “icazəsi” tələb olunur? Suraxanı rayon icra hakimiyyəti vətəndaşdan ona məxsus torpaq sahəsini hasarlamaq üçün hansı “sənədləri” tələb edir?
“Yuxarılar”ın “gözündən necə düşdü”?
Suraxanıda məmur zülmü ərşə dirənib. İcra başçısı İlqar Abbasovun irtica siyasəti nəticəsində total haqsızlıq hökm sürür. Bütün bunların nəticəsi olaraq İlqar Abbasov yaxın vaxtlarda vəzifəsini itirəcəyi deyilir. Bu barədə məlumatlı olan İlqar Abbasovun hara təyin olunacağı ilə bağlı hələlik heç bir bilgi yoxdur.
Məlumatda qeyd olunur ki, İlqar Abbasov icra başçısı kimi yuxarı dairələrdə inamlı ad və iş formalaşdıra bilməyib. Bu səbəbdən də onun hansısa rayona icra başçısı təyin edilməsi gözlənilmir. Bütün bunlar haqda məlumatlı olan mənbənin sözlərinə görə, İ.Abbasovun “yuxarılar”ın “gözündən düşməsi” Avropa oyunları ərəfəsinə təsadüf edir. Belə ki, 1-ci Avropa Oyunları ərəfəsində aparılan təmir-tikinti işləri zamanı Suraxanı rayonunun baxımsız və nəzarətsiz olduğu ortaya çıxıb. Ayrılan pulların hara xərclənməsi ciddi müzakirə mövzusu olub. Nəticədə qərara gəlinib ki, Avropa Oyunları məşəlinin Atəşgahdan aparılması xəttinə düşən ərazinin təmir-tikinti işləri ATEF şirkətinin rəhbərinə həvalə olunub. Bir sözlə, İlqar Abbasov bu işlərdən kənarda saxlanılıb.
Yerli pulyığanlar və şikayət məktubları
Daxil olan xəbərdə deyilir ki, bəzi qohumluq əlaqələrinə arxayın olaraq rayona nəzarəti itirən İlqar Abbasovdan yuxarı instansiyalara saysı-hesabsiz şikayət məkltubları göndərilib. Məktublar arasında əsasən fərdi evlərin tikintisi zamanı alınan rüşvət halları qeyd olunur. Belə ki, Yeni Suraxanı və Hövsan qəsəbəsəindən daxil olan şikayət məktublarında fərdi evlərin tikintisinə icazə almaq üçün vətəndaşlardan İlqar Abbasovun adından 3-5, 10-15 min manat rüşvət istənildiyi qeyd olunur. Bu işlərlə əsasən kənd icra nümayəndələrinin rəhbərləri və İlqar Abbasovun adamı kimi tanınan şəxslər nəzarət edir. Məsələn Hovsan qəsəbəsində konkret faktlar mövcuddur. Hovsan kənd icra nümayəndəsinin Ağasəlim və Daşqın adlı şəxsləri hovsanda fərdi ev tikmək istəyən şəxslərdən 4-5 min manat rüşvət istəyir… Polislə əl-bir işləyən bu şəxslər vətəndaşı hətta polislə qorxudur da.
Sakinlərin etirazı
Rayondan daxil olan məlumata görə, icra başçısının başı torpaq alverinə qarışıb. Belə ki, rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi tapmaq olmur. Tikinti üçün verilən sərəncamlar 3000 manatdan yuxarıdır. Yerli icra strukturları və bələdiyyələr isə əhalini talamaqla məşğuldur. Sakinlər Prezident Adminstrasiyasına şikayət edəcəklərini deyirlər. Onlar hesab edirlər ki, icra başçısı ilə PA-ya edilən şikayətlərdən sonra Abbasov mütləq problemlərlə maraqlanmaq məcburiyyətində qalacaq. Rayonda qanunsuzluğun və özbaşınalığın həddinin olmaması iddia olunur. Buna əyani sübut olaraq, məlumatda bildirilir ki, rayonun Hövsan qəsəbəsində iki həftədir 28 lift oğurlanıb. Buna görə sakinlərdən pul yığılır. 103 və 104 saylı Mənzil Kommunal İstismar Sahələri də vətəndaşların şikayətinə məhəl qoymur. Heç indiyə qədər məlumatlı olsalar da, problemlə maraqlanmayıblar. Şikayətə gedən sakinlərə isə bildiriblər ki, liftlərin “əyləc dolağı” baş idarədə pulla satılır. 70 manat verilməsə, liftlər işləməyəcək. Müraciətdə icra başçısının rayonda anarxiya yaratmasına dair xeyli iddialar var.
İcra hakimiyyətinin küçə ticarəti “biznesi”…
Suraxanı sakinləri iddia edirlər ki, rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbəsində qeyri-qanuni küçə ticarətinin inkşafının bir başa günahkarı rayon icra hakimyyətidir. Belə ki, icra başçısı İlqar Abbasovun icra nümayəndələri küçə ticarəti ilə məşğul olan vətəndaşlardan aylıq hesab alırlar. Bu hesabın adı isə “yer pulu”dur. Şikayətçilər bildirirlər ki, Surxanı rayonu ərazisində 400-dən yuxarı qeyri-qanuni küçə ticarəti mövcuddur. İcazəsiz, lisenziyasız ticarətlə məşğul olan vətəndaşlardan həmçinin rayon polisi də aylıq “haqq” alır. Bu haqda cumhuriyyet.az-a daxil olan məlumatda qeyd olunur ki, Suraxanı rayon polis idarəsinin keçmiş rəisi Etibar Qazıbəyov vəzifəsini məhz küçə ticarətinə görə itirib: “Təzə polis rəisi bəzi yerlərdə küçə ticarətini yığışdırsa da, hələ xeyli sayda küçə ticarəti ilə məşğul olanlar var. Bu şəxslərə isə birbaşa icra başçısı İlqar Abbasovun adamları havadarlıq edirlər”. İddiaya görə, küçə ticarətindən təkcə icra hakimyyətinin aylıq qazancı 50 min manatdan çoxdur.
Başçının kənar gəlirləri
Lakin icra başçısının aylıq “gəlir”i bununla məhdudlaşmır: “İlqar Abbasovun qazanclı qəsəbələrindən biri də Qaraçuxur qəsəbəsidir. Bu qəsəbədə bələdiyyə sədri İxtiyar Nəcəfov torpağın 1 sotunu 10 və 12 min manat arasında satır. Son 2 ildə qəsəbənin mərkəzi parklarının ətrafında 50 dən çox sahibkar obyektləri tikilib. Bu obyektlərin tikliməsi üçün verilən torpağın 1 kvadratmetri isə 2000 manatdan aşağı olmayıb. Bundan başqa Hövsan qəsəbəsində “koneçni” deyilən ərazidə 5 hektar ərazi sotlara bölünərək hazırda 2500-3000 manata satılır. Amma Hövsanda icra başçısının əsas gəlirli biznesi dəniz yaxınlığında torpaqlarda 30 yaxın villa tipli evlərin tikilərək satılmasıdır. Bu biznesə icra başçısının ən yaxın adamı nəzarət edir. Son 5 ildə Hövsan qəsəbəsində dənizə yaxın ərazidə 80-dən çox ev tikilərək satılıb. Həmin evlərin qiyməti isə 80 min manatdan başlayaraq müxtəlif qiymətlərə qədərdir”. Bundan başqa, Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənov, Əmircan bələdiyyəsinin sədri Rəfael Cəfərov, Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov, Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev və Zığ bələdiyyəsinin sədri Kənan Nəsrullayevin də adı torpaq alverində və müxtəlif qanunsuzluqlarda hallanır. Sakinlər onlarla bağlı da maraqlı faktlar təqdim edib. Həmin faktlar üzrə reportajlarımızı yaxın günlərdə təqdim edəcəyik.
Mövzunu diqqətdə saxlayacağıq. Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.