Referendumun Gülən olayı ilə əlaqəsi varmı?

9-08-2016, 09:13   
Referendumun Gülən olayı ilə əlaqəsi varmı?
Türkiyədəki 15 iyul hadisələrinə qədər Azərbaycan hakimiyyətində çatlar özünü göstərirdi

Gültəkin Hacıbəyli: «Hakimiyyət bu çatları aradan qaldırmaq üçün referenduma getdi»

Iyulun 15-i Türkiyədə dövlət çevrilişinə cəhddən dərhal sonra region ölkələrində də maraqlı proseslər baş verdi. Bu hadisələrdən biri də Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referedumdur. Referenduma çıxarılan məsələlər onu deməyə əsas verir ki, Ilham Əliyev ətrafına etimadsızlıq göstərir və hakimiyyətini daha da möhkəmləndirmək istəyir. Məhz buna görə Konstitusiya dəyişikliklərinə gedilir. Bu addım hakimiyyət üçün mühüm əhəmiyyət daşıdığından iqtidar hətta strateji müttəfiq olan Türkiyənin istəklərini də bir müddət ertələnməsini xahiş edib.


Azərbaycanda “Gülən əməliyyatı” başlaya bilər. Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, bununla bağlı Bakı ilə Ankara arasında razılaşma var.

Məlumata görə, bu səbəbdəndir ki, Türkiyədə keçirilən “Gülən əməliyyatı” çərçivəsində SOCAR-ın hədəfə gətirilməsinə rəğmən rəsmi Ankara “gülənçilər”in bu şirkətdən tamamilə təmizlənməsinə tələsmir.

“SOCAR Türkiyə”də artıq iki dəfə əməliyyat keçirilib. Türkiyə mətbuatı isə SOCAR-ın rəhbərliyində Fətullah Gülənə bağlı şəxslərin təmsil olunduğu barədə məlumatlar dərc edir. Hətta həmin məlumatlarda SOCAR-ın “Gülən camaatı”nın əsas maliyyə qaynaqlarından olduğu barədə iddialar da yer alır.

Ona görə, Türkiyədəki hadisələrdən sonra Azərbaycanda da referenduma gedilməsi barədə qərar təsadüfdürmü?

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Azərbaycandakı referendum aktının Türkiyədə baş verən dövlət çevrilişinin nəticələrəindən biri olduğuyla bağlı fikirlər var. Amma referendum aktının sırf bu dönəm irəli sürülməsinin bir təsadüf olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, referendum əvvəlcədən planlaşdırılmış siyasi, hüquqi aksiya idi: “Referendum detallarına qədər ictimaiyyətə təqdim edildi. Dəyişikliklərin mahiyyətinə də nəzər salsaq görərik ki, Azərbaycanın siyasi hakimiyyəti bunu bir məqamlarla əlaqələndirə bilər. Amma Türkiyədəki 15 iyul hadisələrinə qədər hakimiyyət daxilində çatlar özünü göstərirdi. Bu da çox təbii bir proses idi. Çünki Azərbaycanda siyasi hakimiyyət ideoloji bağlar üzərində qurulmayıb. Siyasi hakimiyyət yalnız maliyyə maraqlarına mənfətinə söykənən loyallıq prinsipi əsasında qurulub. Mənfəət, iqtisadi maraqlar azaldıqca, neftin qiyməti aşağı düşdükcə ölkə iqtisadiyyatının mövcud olmadığı bütün çılpaqlığı ilə ortaya çıxdıqca, bundan bütün tərəflər ziyan çəkir. Belə olan halda hakimiyyət daxilində mülkiyyətin yenidən paylaşdırılması, kimlərinsə əlindən mülkiyyətin alınması kimi məsələlər ortaya çıxdı. Əvvəllər ümumi piroqdan daha çox pay götürən oliqarxlar öz maliyyə mənbələrinin əhəmiyyətli hissəsindən məhrum olublar. Amma bunun qarşılığında onlardan daha böyük siyasi loyallıq və sədaqət tələb olunur. Bu insanların da böyük hissəsi cəmiyyətdə vətəndaşlara qarşı sərt addımlar atıblar, hətta cinayətlər də törədiblər. Nə vaxtsa ona görə hesabat verəcəklərini gözəl anlayırlar. Məhz buna görə də hakimiyyət daxilində narazılıqların yaranması təbiidir. Belə olan hakimiyyət daxildəki çatları aradan qaldırmaq üçün bütün hüquqi mexanizmləri işə salır. Hakimiyyət referendumu hüquqi mexanizmlərin ən effektivi kimi görür”.

G.Hacıbəyli onu da bildirdi ki, parlamentdə müxtəlif oliqarxların, siyasi qrupların təsirinin güclü olduğu yaxşı məlumdur. G.Hacıbəylinin sözlərinə görə, ölkənin bundan sonra daha ağır iqtisadi vəziyyətlə üz-üzə qalacağını nəzərə alaraq hakimiyyət özünü gələcək təhlükələrdən sığortalamaq üçün referenduma getdi: “Bu zaman oliqarxların parlamentə təsir imkanları sıfra endirilir. Çünki parlament faktiki olaraq qeyri-funksional orqana çevrilir. Prezident istənilən zaman parlamenti buraxa bilir. Eyni zamanda parlamentdən təsdiqini almalı olan Baş nazir belə səlahiyyətlərini itirir. Ölkənin 2-ci və 3-cü şəxsləri xalqdan heç bir mandat almayan, seçilməyən və yalnız prezidentin təyin etdiyi birinci və ikinci vitse-prezidentlər olur. Bu baxımdan, əminəm ki, qarşıdan gələn referendum Türkiyədə baş verənlərlə bağlı deyil. Bu, ilk növbədə iqtisadi geriləmənin nəticəsində yaranmış iqtisadi böhranın doğurduğu addımdır. Azərbaycan hakimiyyəti gözəl anlayır ki, böhran dərinləşdikcə vəziyyəti idarə etmək çətin olacaq. Ona görə böhranın dibə çatmamışdan daha öncə prezident seçkilərini keçirmək istəyir”.

Türkiyənin Gülənçi şəbəkəyə qarşı mübarizə ilə bağlı istəklərini isə Azərbaycan hakimiyyətinin referendumdan sonra yerinə yetirəcəyi ilə əlaqəli fikirlərə gəlincə, G.Hacıbəyli bildirdi ki, Türkiyənin bu məsələdə kifayət qədər təsir imkanları var. “Bu çevrilişin Türkiyə cəmiyyəti tərəfindən neqativ qiymətləndirildiyini və çevrilişdən sonra hakimiyyətin nüfuzunun kifayət qədər möhkəmləndiyini nəzərə alsaq, onu deyə bilərik ki, Azərbaycan siyasi hakimiyyəti də Türkiyənin bu tələblərini yəqin, yerinə yetirəcək. Yəqin ki, Azərbaycan iqtidarı Türkiyəni qıcıqlandıracaq addımlar atmamağa çalışacaq”, deyə G.Hacıbəyli vurğuladı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.