Yeni dəyişiklik kütləvi savadsızlığın rəsmi təsdiqinin qarşısını almaq üçündür
Azərbaycanın təhsil sisteminin iflic vəziyyətə düşməsi hər dəfə keçirilən imtahanların nəticəsindən aydın görünür. Hər dəfə məlum olur ki abituriyentlərin böyük əksəriyyəti keçid balını toplaya bilmir. Təbii ki, bu nəticələr ictimaiyyətə açıqlanır və kütləvi savadsızlıq rəsmən etiraf edilir. Əlbəttə, təhsil rüşvət yuvasına çevriləndə, müəllimlər 150 manatın girovu olanda, oxumaq və öyrətmək üçün stimul olmayanda nəticə bərbad olmalıdır.
Amma hökumət təhsildəki vəziyyəti dəyişmək əvəzinə, reallığı gizlətmək qərarına gəlib. Belə ki, Azərbaycan hökuməti yalançı inkişafdan, olmayan uğurlardan danışmağı öyrənib. Indiki halda isə imtahan nəticələrinin açıqlanması, rüsvayçılığın üzə çıxması hökumətin “inkişaf nağılları”nı inkar edir. Ona görə də ölkə başçısı məsələyə “müdaxilə” edib.
Ölkə başçısı Dövlət Imtahan Mərkəzi publik hüquqi şəxsinin nizamnaməsinə dəyişiklik edib. Dəyişiklik mərkəzin hüquqları ilə bağlıdır. Dəyişikliyə görə, Dövlət Imtahan Mərkəzinin qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələri Təhsil Nazirliyinə təqdim etmək hüququ ləğv edilir. Bəli, bundan sonra biabırçı nəticələri elan etməyəcəklər və “təhsilimiz sürətlə inkişaf edir” təbliğatını rahat davam etdirəcəklər. Ancaq bir müddət əvvəl ölkə başçısı ictimai nəzarətin vacibliyindən danışmışdı və hamını bu funksiyanı yerinə yetirməyə çalışmışdı. Imtahan nəticələrinin elan edilməsi də bir növ ictimai nəzarətdi, çatışmazlıqları, axsayan tərəfləri göstərir. Amma son dəyişiklik qərarından da aydın görünür ki, bu hökumətin xasiyyəti dəyişməyib. 23 ildir problemləri gizlədə-gizlədə bütün sahələri necə şikəst ediblərsə, təhsili də həmin qaydada məhv ediblər. Hökumət normal hökumət imtahanından keçə bilmədiyi üçün, anormal imtahan nəticələrini gizlətməyə cəhd edir. Bu da növbəti “islahat” nümunəsi.