Qafqaz Müsəlmanları Idarəsinin (QMI) rəhbəri, şeyx Allahşükür Paşazadə Fətullah Gülən haqqında sərt ifadə işlətməklə özünü hədəfə gətirib. Qeyd edək ki, şeyx Ankarada keçirilən 9-cu Avrasiya Islam Şurası Məşvərət Toplantısında bildirib ki, əgər FETÖ (Fətullah Gülənin Terror Örgütü) silah və tanklarla xalqa qarşı hərəkət edibsə, bu müsəlmanlıq deyil, şeytanlıqdır.
Bundan sonra sosial şəbəkələrdə şeyx tənqid atəşinə tutulub. Allahşükür Paşazadə Azərbaycanda ən çox tənqid olunan və olunmalı fiqurdur. Amma bu dəfəki tənqidlər onun FETÖ haqqında səsləndirdiyi fikirlərlə bağlıdır. Onu tənqid edənlərdən bəziləri də bunu gizlətmir.
Məlumat üçün deyək ki, “gülənçilər”in güclü dayaqlarının olduğu ölkələrdən biri də Azərbaycandır. Hətta bəzi iddialara görə, “gülənçilər” ölkəmizdə dövlət aparatına da nüfuz edə biliblər. Bu baxımdan şeyxin böyük bir güclə qarşı-qarşıya olduğunu söyləmək olar.