Hökumət təhsil sahəsini niyə darmadağın etdi?

15-08-2016, 09:07   
Hökumət təhsil sahəsini niyə darmadağın etdi?
Uzun zamandır ki, ölkənin təhsil sahəsindəki problemlərdən yazılır. Təəssüf ki, sistemin çürüklüyünün fəsadları özünü təhsil sahəsində daha dərindən göstərir. Nazir dəyişikliyindən sonra da problemlər azalmaq əvəzinə, əksinə, sürətlə artmaqda davam etdi. Sübuta yetdi ki, bütün problemlər sistemin məqsədli şəkildə ölkədə təhsilsizlik yaratmasındadır. Axı təhsili olmayan cəmiyyəti idarə etmək daha asandır.

Məktəbə qayğı seçkidən-seçkiyə yada düşür


Təhsil sahəsindəki problemlər vətəndaş olaraq hamımızı narahat etməlidir. Çünki ölkənin bu günü, gələcəyi sağlam təhsil sisteminə söykənməlidir. Amma təhsil sahəsindəki problemlər orta məktəblərdən başlayaraq universitetlərə qədər ardıcıl şəkildə davam edir. Məktəblərə diqqət və qayğı ancaq seçkidən-seçkiyə yada düşür. Bir ara ilin “ən yaxşı məktəbi”, “ən yaxşı müəllimi” nominasiyası üzrə pul mükafatı verilirdi, artıq onu da ləğv etdilər. Müəllimlərin maaşı normal ölkələrdə olduğundan qat-qat aşağıdır. Şagirdlərin məktəbdə aldıqları biliklə ali təhsil müəssisələrinə qəbul ola bilməsi az qala, möcüzəyə çevrilib. Valideynlər mütləq ailə büdcələrindən kəsib, övladlarını əlavə hazırlığa göndərməlidir ki, onlar tələbə adını qazana bilsin. Müəllimlər məktəblərdə normal dərs keçməyə maraqlarını artıq çoxdan itiriblər. Azacıq fərasəti olan müəllim repetitorluq üçün bir yol tapıb, kasıb büdcəsini artırmağın qayğısını çəkir və əslində, düz də edir.

Tələbələr təhsilhaqqını ödəyə bilmir

Universitetlərə qəbul olan tələbələrin ailələri üçün əsl problem bundan sonra başlayır. Təkcə ona görə yox ki, universitetlərdə bir çox hallarda tələbənin başına yox, cibinə baxıb qiymət yazırlar. Bundan daha ağır dərd var. Ali məktəblərə qəbul yerlərinin 60 faizi ödənişlidir. Ödəniş qiymətləri isə 1320-4500 manat arasında dəyişir. Əvvəla, soruşan gərək ki, orta aylıq əməkhaqqına görə Cənubi Qafqazda sonuncu yeri tutan, işsizlik faizinin bu qədər yüksək olduğu ölkədə belə yüksək təhsil haqqı hansı əsas və meyarla müəyyən edilib? Təkcə son 3 ilin statistikasına baxsaq, görərik ki, 17 min tələbə təhsil haqlarını ödəyə bilmədiyi üçün universitetlərdən xaric edilib.

Statistika bununla bitmir. Bu il 29 iyul-10 avqust aralığında ali təhsil müəssisələrinə ixtisas seçimində iştirak edən abituriyentlərdən 440 nəfəri öz ərizəsini təsdiqləməyib. Niyəsi yəqin ki, aydındır. O abituriyentlər ödənişsiz qruplara düşə bilməyəcəklərini, ödənişli təhsilə isə imkanlarının çatmayacağını bəri başdan yəqin ediblər. Amma ali təhsil almaq imkanından imtina edənlərin sayı bununla yekunlaşmayacaq. Universitetlərə qəbul cavabları açıqlandıqdan sonra ödənişsiz qruplara düşəcəyinə ümid edib, lakin ödənişliyə qəbul olan tələbələrin də içərisindən təhsilhaqqını ödəyə bilmədiyi üçün imtina edənlər olacaq.

Universitetlər də çətin durumda…

Ölkədə ümumi dövlət idarəçiliyinin mahiyyəti, o cümlədən təhsil siteminin başında duranların da o mahiyyətə uyğun olduğu bəllidir. Amma o da nəzərə alınmalıdır ki, bu gedişlə universitetlərin özlərini ciddi problemlər gözləyir. Ölkədə ağır böhranlı vəziyyət var və olduqca yüksək təhsilhaqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq dayandıranların, ümumiyyətlə yuxarıda qeyd olunan 440 nəfər kimi ərizələrini təsdiq etdirməyənlərin sayı ildən ilə artacaq. Hələ bu ilin əvvəlində Azərbaycan Dillər Universitetinin rektor əvəzi Dünyamin Yunusov müsahibəsində demişdi ki, dövlətin universitetlərə ayırdığı maliyyə yardımı yetərli deyil. Universitetlərin daha çox öz hesablarına fəaliyyət göstərdiyini nəzərə alsaq, indidən həyəcan təbili çalınmalıdır. Abituriyentlərin bu sürətlə ödənişli təhsildən imtina etməsi ödənişsiz təhsil alan tələbələrin təqaüdlərinin verilməsində, qismən fəaliyyət göstərən yataqxanaların saxlanmasında və s. sahələrdə də problemlər yaradacaq. Heç olmasa, qabaqlayıcı tədbirlər görmək lazımdır. Heç olmasa, məsələn, təhsil haqlarının aylıq olaraq ödənilməsi tətbiq edilə bilər ki, insanlar birtəhər övladlarının təhsil haqqını ödəyə bilsin. Bu variant universitetlərin özü üçün də məqbul sayıla bilər.

Pulu olmayan oxuya da bilmir…

Indiyədək az gəlirli ailələr mikro-kreditlərlə və istehlak kreditlərini nəğd pula çevirməklə birtəhər övladlarının təhsil haqlarını ödəyə bilirdilər. Indi bu variantlar da çətinləşib, maliyyə böhranı bir tərəfdən kreditləşməni məhdudlaşdırıb, o biri tərəfdən kredit yükü altına girməyi hədsiz dərəcədə riskli edib. Indiki vəziyyətin davam etməsi cəmiyyəti təhsil sahəsində ədalətsiz və çox acı nəticələrlə üz-üzə qoyur. Belə çıxır ki, kimin daha çox maddi imkanı varsa, onun da oxumaq şansı var. Çünki biri şərti olaraq 550 bal yığır, ancaq təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini ya yarımçıq dayandırır, ya da təhsildən imtina edir. 450 bal yığan və imkanı olan biri isə tələb olunan pulu ödəyib təhsilini davam etdirir və biz nisbətən üstün savada malik gənclərin təhsildən məhrum olması gerçəkliyi ilə üzləşirik.

Təhsildəki problemlər təəssüf ki, yazmaqla bitməyəcək qədər çoxdur. Siyasi rəhbərliyin bu problemlərdən narahat olmurmuş kimi görünməsi isə bəlkə də təbiidir. Axı avtoritar rejimlər öz təməllərini elə təhsilin aşağı səviyyəsi üzərində möhkəmləndirirlər. Təhsilsiz toplum belə rejimlərin xoşbəxtliyidir.

Aqil Məhərrəmov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.