Dünən məlum oldu ki, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, bunu yerli KİV-lərə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
E.Sultanov bildirib ki, hazırda iş üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.
Elə dünən Azərbaycanda anoloji addımın atılacağı və bu əsnada "Azərsu"nun rəhbərliyinə aid bir neçə simanın, xüsusən də qurumun rəhbəri Qorxmaz Hüseynovun hədəfə şevriləcəyini xəbər vermişdik. Məlumatda qeyd olunurdu ki, "Azərsu"nun tenderlərini Gülənin Bakıdakı iqtisadi dayaqları hesab olunan şirkətlərə qapdıran Qorxmaz Hüseynov bu yolla FETÖ liderinə milyonları qazandırıb.
Bu gün isə DİA.AZ-a daxil olan məlumatlarda qeyd olunur ki, sən demə, Gülən cameəsinə sıx bağlı olan Qorxmaz Hüseynov Fətullah hocasına sədaqətini nümayiş etdirməsi üçün hətta Bakıdakı bağ evlərindən birini də ona bağışlayıbmış.
Məlumdur ki, bu gün qardaş Türkiyə israrla ABŞ-da gizlənən Fətullah Güləni Amerika hökumətindən tələb edir. O da məlumdur ki, artıq əcnəbi KİV-lər Gülənin Amerikadan qaçma, başqa bir ölkəyə sığınma ehtimallarını da irəli sürürlər.
İndi isə aydın olur ki, Gülənin elə Bakıda da evi var imiş. Təbii ki, onun Azərbaycana sığınması imkansızdır. Amma Qorxmaz Hüseynov kimilərinin hocalarına göstərdiyi sədaqətin də sınırsız olduğunu unutmaq olmaz.
Digər məqama gələk. Cinayət işinə... Bununla bağlı danışan bilgili qaynaq isə artıq "Azərsu" rəhbəri ilə bağlı, qurumun tenderlərinin icrası ilə əlaqədar hüquqi araşdırmaların başlandığını da söyləyib. Deməli, Qorxmaz Hüseynovun da qaçacaq yeri yoxdur. Eynən Fətullah Gülən kimi...
Qarşı tərəfi də dinləməyə hazırıq...