Generalların nəzarətə götürülməsi ilə bağlı sensasion iddia
MTN-in həbsdə olan generallarının nəzarətə götürülməsi ilə bağlı redaksiyamıza sensasion məlumatlar daxil olub. Qeyd edək ki, bir neçə gün öncə MTN generallarının nəzarətə götürüldüyü barədə xəbər yayılmışdı. Xəbərdə deyilirdi ki, bu, generalların intihar etməsinin qarşısını almaq məqsədi daşıyır.
Məlumat üçün deyək ki, Eldar Mahmudov və dəstəsi ifşa ediləndən sonra MTN-in Anti-Terror Mərkəzinin rəis müavini Ilqar Əliyev təcridxanada intihar edib. Bundan sonra Eldar Mahmudovun ölümü barədə xəbər yayılıb. Lakin bu xəbər təkzib olunub. Sonuncu dəfə isə MTN-in həbsdə olan generalı Akif Çodvrovun intihara cəhd etdiyi barədə məlumat yayıldı. Lakin bu məlumat da təkzib olundu.
Lakin təhlükəsizlik üzrə ekspertlər hesab edir ki, həbsdə olan generalların həyatına kənardan təhlükə ola bilər: “Şəbəkənin hələ azadlıqda olan üzvləri var və onlar kifayət qədər güclüdürlər. Mümkündür ki, onlar tərəfdən generallara təhlükə var. Yəni, generalların danışmaması üçün onları aradan götürmək planı ola bilər.
Amma o da mümkündür ki, generallara ciddi psixoloji və fiziki təzyiqlər edilir. Onlar da canlarını qurtarmaq üçün intiharı çıxış yolu seçirlər. Hakimiyyət də bunun fərqində olduğu üçün onları nəzarətə götürür”.
Azadlıqa daxil olan məlumatda isə deyilir ki, əslində generalların nəzarətə götürülməsi onların bayıra məlumat ötürməyə cəhd etmələrilə bağlıdır. Iddia olunur ki, məqsədli şəkildə generallara telefon ötürülüb və onların davranışı izlənilib. Generalların bayıra informasiya ötürmək niyyətində olduqları dəqiqləşəndən sonra əməliyyat keçirilib. Daha sonra isə onların xüsusi nəzarətə götürülməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, təhlükəsizlik üzrə ekspert Ilham Ismayıl da “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, generalların nəzarətə götürülməsi bayıra informasiya sızması ilə bağlı ola bilər.