Əliyev xarici sərmayədarları ölkəyə çağırır, məmurlar pullarını ölkədən çıxarır
Istənilən parametr üzrə real vəziyyəti dəyərləndirəndə ölkəmizin sürətlə tənəzzülə doğru irəlilədiyini görmək mümkündür. Hakimiyyət iqtisadi inkişafdan, xarici sərmayədarların ölkəyə yatırım etməsindən danışsa da, reallıq bunun əksini göstərir.
Məsələn, 2015-ci ilin 11 ayında Azərbaycan vətəndaşları və şirkətləri Türkiyənin müxtəlif bölgələrində 158 şirkətin qurulmasında iştirak ediblər. Rəsmi məlumata əsasən, 2013-2015-ci illərdə Azərbaycan kapitalı ilə bu ölkədə yeni qurulan şirkətlərin sayı 507 olub. 2012-ci ilin sonuna burada 1 190 Azərbaycan sərmayəli şirkət çalışıb. Türkiyənin Iqtisadiyyat Nazirliyinin məlumatına görə, son 3 il ərzində Azərbaycan şirkətlərinin Türkiyədə fəalllığı təxminən 40 faiz artıb.
Bugünlərdə isə daha bir məlumat yayıldı. Məlum oldu ki, Azərbaycan Gürcüstanda ən iri investorlardan biri olaraq qalır. Bu haqda Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatda deyilir. Məlumata əsasən, ötən il Azərbaycan bu ölkənin iqtisadiyyatına 550 milyon dollar birbaşa investisiya yatırıb. Bura özəl sektor vasitəsilə yatırılan investisiyalar da daxildir. Azərbaycanın yatırdığı investisiya Gürcüstana il ərzində qoyulan birbaşa xarici investisiyaların 35 faizini təşkil edib. Azərbaycan Gürcüstanda ən iri xarici investordur. Ötən il Böyük Britaniya bu ölkəyə 386 milyon dollar, Niderland 155 milyon dollar, Lüksemburq 106 milyon dollar, Türkiyə cəmi 73 milyon dollar birbaşa investisiya yatırıb.
Göründüyü kimi, Azərbaycanın özünün investisiyalara böyük ehtiyacı olduğu bir vaxtda, ölkədən kapital axını davam edir.
Birincisi, iş adamları üçün Azərbyacanda fəaliyyət göstərmək olduqca çətindir. Çünki, ölkədə qanunlar işləmir, bütün sahələr iri məmurların inhisarındadır və sahibkarın biznesinə sığorta yoxdur. Ikincisi, iş adamları da aydın şəkildə görür ki, ölkədə sosial-iqtisadi vəziyyət, biznes mühiti daha da pisləşir. Üstəlik, hökumət əvvəlki “ənənə”lərdən imtina etmək istəmir.
Digər tərəfdən, xarici investorlar üçün Azərbaycana sərmayə yatırmaq əlverişli deyil. Çünki, YAP hakimiyyət ölkənin imicini zədələyib. Azərbaycan dünyanın 22 “qeyri-azad ölkəsi” siyahısına düşüb. Ölkənin valyutası il yarım ərzində 100 faizdən artıq dəyər itirib. Ölkədə bank sistemi iflasa uğrayıb, hüquq analayışı hüquqsuzluqla əvəzlənib. Belə bir ölkəyə sərmayə yatırmaq xarici investor üçün olduqca risqlidir. Həm də, yuxarıda qeyd etdiyimiz kimi, xarici investorlar da iş adamlarının ölkəni sürətlə tərk etdiyini, iş adamlarının şantaj olunduğunu yaxşı bilirlər. Ölkədəki vəziyyəti təsəvvür etmək üçün təkcə Zülfüqarlı qardaşlarının həyat hekayəsinə baxmaq yetərlidir. Bu məsələylə bağlı prezidentə qədər müraciətlər ünvanlansa da heç bir nəticə olmadı. Onu da qeyd etmək lazımdır ki, ölkə başçısının bugünə qədər müşavirələrdə səsləndirdiyi fikirlər, natəmiz məmurların hədələnməsi əməldə özünü göstərməyib. Bu da iş adamlarının nəticə çıxarması üçün mühüm faktdır.
Amma ən önəmli məsələ tamam başqadır. Xeyli müddətdir hökumət xarici investorları ölkəyə səsləyir. Hətta ölkə başçısı Ilham Əliyev hansı ölkəyə səfər edirsə, həmin ölkənin şirkətlərini Azərbaycana çağırır. Amma maraqlı məqam budur ki, Ilham Əliyevin “bəh-bəh”lərinə öz komandası da inanmır.
Bəli, Gürcüstan iqtisadiyyatına yatırılan investisiyanın hamısı kiçik sahibkarların payına düşmür. Araşdırma aparılsa məlum olar ki, bu 550 milyon dolların böyük hissəsi iri məmurların pullarıdı. Ölkədə vəziyyət o qədər acınacaqlıdır ki, məmurlar uzun illər ərzində haram yollarla yığdıqları pulları sığortalamaq istəyirlər. Hətta öz komandası da Ilham Əliyevin “azad biznes”, “sahibkarlığa dəstək”, “iqtisadiyyatın çiçəklənməsi” kimi qulağa xoş gələn sözlərinə inanmırlar.
Komandası Ilham Əliyevə inanmırsa, xarici investor nəyə əsasən Azərbaycana üz tutmalıdır? Iqtisadiyyatı sürətlə balacalaşan ölkədən bir il ərzində 550 milyon dolların çıxması dəhşətli faktdır. Hökumətin real islahatlar aparacağına, vəziyyətin düzələcəyinə məmurlar özləri də inanmır. Həm də Ilham Əliyevin belə vədlərini iş adamları çox eşidib. Xatırlayırsızısa, Ilham Əliyev 2015-ci ilin yanvarında (fevral devalvasiyasından 1 ay qabaq) müşavirələrin birində “manat sabit qalacaq, xarici şirkətləri öz pullarını manat hesabında saxlamağa çağırıram” söyləmişdi. Amma çox qısa vaxt ərzində manat quyunun dibinə düşdü.
Bir sözlə, reallıq bir daha sübut edir ki, daxildə inkişaf nağılları danışmaq, xaricdə iş adamlarına çağırış etmək vəziyyəti dəyişə bilmir. Müsbət nəticələrə nail olmaq üçün müsbət addımlar atılmalıdır. Nə qədər ki, Azərbaycan hökuməti avtoritarizmi çiçəkləndirməklə məşğul olacaq, o zamana qədər də ölkə zəlil duruma düşəcək.
Akif