Eldar Mahmudov həbs olunmasa-15 nəfərin ölmünün məsuliyyəti hakimiyyətin üzərində qalacaq

18-08-2016, 08:49   

Eldar Mahmudov həbs olunmasa-15 nəfərin ölmünün məsuliyyəti hakimiyyətin üzərində qalacaq

Bu ölkədə hüquqsuzluğun sərhəd tanımadığı hər ötən gün daha çılpaq şəkildə görünür. Bugünə qədər saysız-hesabsız qanusuz əməllərin, korrupsiya faktlarının, işgəncə hallarının şahidi olmuşuq.

Azərbaycanda korrupsiyanın dövlət siyasətinə çevrilməsi, bütün qurumların korrupsiya xəstəliyinə yoluxması da aşkar faktdır. Hətta iş adamlarından işgəncəylə pul tələb edilməsi, adamların pula görə şantaj olunması haqda da çox eşitmişik. Amma bütün bunlar qeyri-insaniliyin son həddi deyilmiş.


Binəqədidə ötən il mayın 19-da baş vermiş dəhşətli yanğınla əlaqədar həbs olunmuş, binanı üzləyən “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov məhkəmədə dedikləri insanı şoka salır. Miryusif Mahmudov bildirir ki, onu MTN-ə çağırıblar, təhdid ediblər, külli miqdarda pul tələb ediblər. O isə bu pulun dörddə bir hissəsini verə biləcəyini söyləyib. Amma MTN əməkdaşları bununla razılaşmayıb. Miryusif Mahmudov deyir ki, bu söhbətlərdən 3 gün sonra Veteranlar Şurasının binasında müəmmalı yanğın olub. Miryusif Mahmudov Binəqədidəki binanın da qəsdən yandırıldığını bildirib. “Bu, planlaşdırılmış hadisə olub. Məqsəd birinci növbədə aranı qarışdırmaq, Avropa Oyunları öncəsi televizorda ”terror” sözünün işlənməsinə nail olmaq idi. Şükür ki, materialdan yanğın məsələsini ortaya atdılar, “terror” sözü işlənmədi, yoxsa, xaricilər gəlməzdi”.

Bəli, Miryusif Mahmudovun ifadəsindən də aydın görünür ki, əvvəl yanan binalar və Binəqədidəki faciəli yanğın qəsdən törədilib və rüşvət almaq məqsədiylə edilib. Belə çıxır ki, MTN istədiyi pulu ala bilmədiyi üçün 15 insanın ölümüylə nəticələnən yanğını törədib. Belə çıxır ki, bu adamlar kimlərinsə maraqlarının qurbanına çevrilib. Əslində, Miryusif Mahmudovun səsləndirdiyi fikirlərə ölkə başçısı səviyyəsində adekvat reaksiya verilməlidir. Bu cinayət işi yenidən istintaqa qaytarılmalıdır. Həm də hadisə baş verəndə Ilham Əliyev cinayət işini şəxsən nəzarətinə götürdüyünü bildirmişdi. Nəticədə isə JEK müdiri, icra başçısının müavini həbs edildi.

Şirkətin rəhbəri məhkəmədə sensasion açıqlamalar verir və bugünə qədər olan versiyaları darmadağın edir. Adam açıq şəkildə deyir ki, dövlətin səlahiyyət verdiyi şəxslər öz maraqları naminə 15 nəfərin həyatına son qoyub. Söhbət təkcə kimlərinsə vəzifə səlahiyyətlərini aşmasından, dövlətə külli miqdarda zərər vurulmasından getmir, söhbət həm də günahsız insanların faciəli ölümündən gedir.

Bütün bunlara görə məsuliyyət daşıyanlar azadlıqda gəzirsə, hadisənin əsl səbəbləri gizlədilirsə, bunun ən böyük məsuliyyəti Ilham Əliyevin üzərindədir. Fakt budur ki, məhkəmədə səslənən fikirlər ictimailəşib, ortaya yeni ittihamlar çıxıb. Hökumətin istəyi olsa bu cinayət işi obyektiv araşdırılar və əsl günahkarlar üzə çıxar. Bu cinayət işinin obyektiv araşdırılmaması dövlət adına ləkədir, utancdır. Eyni zamanda 15 günahsız insanın ölümünə haqq qazandırmaqdır, cinayətkarları sığortalamaqdır. Şirkət rəhbəri yanğına görə MTN-i günahlandırır, MTN-in başında duran adam isə azadlıqda gəzir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.