“Azərbaycanda generalların həbsi olacaq” – ŞOK İDDİA

18-08-2016, 09:03   
“Azərbaycanda generalların həbsi olacaq” – ŞOK İDDİA
Tutduğu vəzifəsindən, qohumluq əlaqələrindən, var-dövlətin aşıb-daşmasından asılı olmayaraq, heç kim həbsdən sığortalanmayıb. Amma bəzi kateqoriyadan olan vəzifə sahibləri var ki, türmə qapıları onların üzünə digərlərindən daha gen açılmış kimi görünür. Azərbaycan türmələrində sıradan olmayan dustaqlar zümrəsinə tez-tez general paqonu daşıyan vəzifə sahibləri daxil olur. Ötən əsrin son 10 illiyində Azərbaycan türmələrinə generallar İsgəndər Həmidovun, Rəhim Qazıyevin, Vahid Musayevin və digərilərinin yolu “salınıb”.
Bu gün Azərbaycanda həbsdə olan 4 general var. Bunlar bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, qurumun Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovdur.
MTN-in daha bir generalı Əməliyyat-texniki idarəsinin sabiq rəisi, general-mayor Natəvan Mürvətova hazırda ev dustağıdır. Generalları həbsə aparan, onları bir günün içində yüksək postdan salıb əli qandallı adama çevirən hansı amildir?
Təhlükəsizlik orqanın istefada olan polkovnik-leytenantı İlham İsmayıl deyir ki, generalların həbsə aparan situasiya hər dəfə eyni olmur: “1993-cü ildə İsgəndər Həmidovu, Vahid Musayevin və yüksək rütbəli digər zabitləri həbs etmişdilər. Bu insanlar güc strukturlarında işləmişdilər. İnsanlar güc strukturlarında olanda müəyyən səlahiyyət sahibləri olurlar. Hakimiyyət dəyişəndə isə həmin səlahiyyət sahiblərində suç axtarışları başlanır və əhəmiyyətsiz olan ən kiçik səhvlər şişirdilib həbs üçün əsas yaradılır. O dövrdəki həbslər hakimiyyət dəyişikliyindən sonra baş vermişdi. İndiki həbslər isə belə dəyişikliklərdən kənar baş verib. Bu gün Azərbaycanda general sarıdan bolluqdur. Balaca bir ölkə olmağımıza baxmayaraq, xeyli general var və onlardan bəzilərinin çox ciddi səhvlərə, cinayətlərə yol verilməsi general bolluğunda təəccüblü olmamalıdır”.
İ.İsmayıl deyir ki, son həbslər hakimiyyət daxilində baş vermiş hadisələrin kəskin fazasında gerçəkləşib: “Bütöv bir güc strukturunun səlahiyyətliləri, generalları ən müxtəlif cinayətlərdə günahlandırılıb həbs olundular. Bu gün həmin generallara cinayətkar deyə bilmirik. Ona görə ki, barələrində məhkəmə hökmü yoxdur. Əgər illər öncə generalları hakimiyyət dəyişikliyindən sonra həbs etmişdilərsə, sonuncu general həbsləri isə hakimiyyətdaxili gərginliyin nəticəsidir, hakimiyyətin içindən gələn prosesdir”.
İ.İsmayıl vurğulayıb ki, yaxın perspektivdə Azərbaycan həbsxanalarda generalların sayı artacaq: “Yaxın 10 ildə general həbslərin şahidi olacağıq. Azərbaycan güc strukturlarında ciddi bir yoxlama, təhqiqat aparılsa, səlahiyyət sahibi olan generalların həbsi labüddür. İstisna etmirəm ki, yaxın 10 ildə həbsdəki generalların sayı artacaq”.
İ.İsmayıl güc strukturlarında yüksək vəzifə tutan generalların qolu qandallı adama çevirilməsinin səbəbini belə izah edir: “Generallar bir qayda olaraq səlahiyyət sahibidirlər. Ona görə də əməllərində cinayət tərkibi çox asanlıqla müəyyən olunur. Leytenant, kapitan, mayorun səlahiyyəti o qədər də böyük deyil və ona görə də tutulanda diqqəti cəlb etmir. Ölkə daxilində miqyası bu qədər böyük cinayətlərin törədilməsi, illərlə cəzadan kənar qala bilmələri kiçik rütbəlilərin səlahiyyət sərhədlərini aşan məsələ idi. Məhz belə əməlləri geniş səlahiyyət sahibi olan generallardan gözləmək olardı”.
E.MƏMMƏDƏLİYEV, Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.