LƏNKƏRANSKİYƏ 20 GÜLLƏ DƏYİB – Qətlin yeni təfərrüatları məlum olub – YENİLƏNİR

18-08-2016, 19:02   
LƏNKƏRANSKİYƏ 20 GÜLLƏ DƏYİB – Qətlin yeni təfərrüatları məlum olub – YENİLƏNİR


Rövşən Lənkəranskinin (Canıyev) İstanbulda öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

İstanbulun Florence Nightingale Xəstəxanasından APA-nın Türkiyə bürosuna verilən məlumata görə, avqustun 17-də gecə saat 00:30 radələrində xəstəxanaya taksi sürücüsü tərəfindən üstündə heç bir sənədi olmayan naməlum şəxs gətirilib.

Onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər. 20 dəqiqə ərzində həkim müdaxiləsi olsa da, onu xilas etmək mümkün olmayıb. Daha sonra polis əməkdaşları onun ölkəyə Rövşən Əliyev adı ilə daxil olduğunu müəyyənləşdirib.

R. Lənkəranski xəstəxanaya yerləşdirilərkən bədənində 20-ə yaxın güllə yarası olub.

Prokurorluq əməkdaşları hadisəyə cəlb olunub və R. Lənkəranskinin güllə yaralarından öldüyünə şübhə qalmadığına görə onun nəşinin Məhkəmə Tibbi Ekspertizasına göndərilməsi zəruri sayılmayıb. Mərhumun qohumları da bu qərarla razılaşıblar.

Hazırda R. Lənkəranskinin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq görülür və müvafiq sənədlər hazırlanır. Sənədlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda təsdiqlənəndən sonra cənazə ölkəyə gətiriləcək.

R. Lənkəranski ilə birlikdə maşında olmuş digər şəxs isə hazırda İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində polis nəzarəti altında saxlanılır.

Qeyd edək ki, Rövşən Canıyev “oğru dünyası”nda böyük nüfuz sahibidir və “Rövşən Lənkəranski” kimi tanınır. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R. Canıyev cinayət məsuliyyətindən azad edilib.

Rövşən Lənkəranski 2009-cu ilin dekabrında Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya edilib. Dövlət ittihamçısı R. Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.

İtaliya məhkəməsi də Rövşən Lənkəranski barəsində beynəlxalq axtarış elan edib. Bu səbəbdən o soyadını dəyişərək Əliyev edib. İtaliya məhkəməsi onu mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilib.

***

Rövşən Lənkəranski (Canıyev) İstanbulun Florence Nightingale Xəstəxanasında dünyasını dəyişib.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, onun cənazəsinin Azərbaycana göndərilməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda sənədləşmə işlərinə başlanılıb.

Rövşən Lənkəranskinin atışmada yaralanmış sürücüsü isə İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsindədir.

Reanimasiya şöbəsinin həkimi Şəbnəm Türk APA-nın müxbirinə bildirib ki, onun qarın nayihəsindəki güllələr çıxarılıb.

Yaralının qol və ayaqlarında sınıqlar var, bir neçə gün reanimasiya şöbəsində qalacaq.

Polisdən isə bildirilib ki, xəstəxanaya gətirilərkən yaralının üzərində heç bir sənəd olmadığı, o, xəstəxanada “Morris” soyadı ilə qeydiyyata alınıb.

R. Lənkəranskinin qardaşı Namiq Canıyev isə telefonunu açsa da, qardaşı barədə sualı cavablandırmayıb.

***

İstanbulda dünən gecə güllələnən şəxsin Rövşən Lənkəranski olduğu dəqiqləşib.
APA-nın Türkiyə müxbirinin əldə etdiyi məlumata görə, pasportunda soyadı Əliyev yazılsa da, polis araşdırma nəticəsində onun Rövşən Lənkəranski (Canıyev) olduğunu dəqiqləşdirib.

Agentliyin əməkdaşı onu da öyrənib ki, R. Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri isə gözünə tuş gəlib. Hadisə İstanbul Baş Polis İdarəsi tərəfindən araşdırılır.
Hazırda Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində olan R. Lənkəranskinin vəziyyətinin ağır olduğu bildirilir.

* * *

Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasından Rövşən Lənkəranskinin durumu ilə bağlı açıqlama verilib.

Xəstəxanadan AzNews.az-a bildirilib ki, xəstə hazırda reanimasiyadadır: “Vəziyyəti kritikdir. Xəstə haqqında bundan artıq məlumat verməyə icazəmiz yoxdur. Lakin onu deyə bilərik ki, xəstə yaşayır”.

Xəstəxana rəsmisi onu da bildirib ki, bir neçə dəqiqə sonra Azərbaycanın Türkiyədəki Konsulluğundan da rəsmi şəxslərin xəstəxanaya gəlməsi gözlənilir.

***

Virtualaz.org bu dəqiqələrdə “Rövşən Lənkəranski”nin yaxın ətrafındakı mənbədən kriminal avtoritetin İstanbulda aparıldığı Şişli Etfal Xəstəxanasında keçindiyini dəqiqləşdirib.

Mənbə bildirib ki, Rövşən aldığı güllə yaralarından təxminən 1 saat əvvəl xəstəxanada keçinib. Ona bir neçə güllə dəyib və həkimlər kriminal avtoritetin aldığı yaraların ona yaşamaq şansı qoymadığını bildiriblər.

Məlumata görə yaxınları “Rövşən Lənkəranski”nin cənazəsini Azərbaycana gətirmək üçün İstanbula gediblər.

***

Türkiyədə silahlı hücuma məruz qalan Rövşən Canıyevin (Lənkəranski) vəziyyəti ağırdır. “Report”un əldə etdiyi məlumata görə, Lənkəranski bir neçə güllə yarası alıb. O, hazırda xəstəxanadadır.

Yaxınları onun yanına yollanıb.

Qeyd edək ki, hadisə İstanbulda baş verib. Belə ki, Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.

Hadisə nəticəsində R.Lənkəranski və adı hələlik məlum olmayan sürücü yaralanıb.

na hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar.

Əraziyə çoxlu sayda polis və təcili yardım gəlib. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Polis cinayətkarların axtarışına başlayıb.

***

İstanbulun Beşiktaş bölgəsində azərbaycanlı iş adamı Rövşən Əliyev güllələnib.


Musavat.com Milliyet.com.tr-yə istinadla xəbər verir ki, hadisə gecə saat birin yarıında baş verib. R.Əliyev oteldə toplantı keçirdikdən sonra 90 ND 011 dövlət nömrə nişanlı avtomobilində oteldən çıxarkən naməlum şəxslər tərəfindən dayanacaqda hücuma məruz qalıb.

Cinayətkarlar avtomobili avtomat silahlardan atəşə tutublar. R.Əliyevin sürücüsü də onlara cavab atəşi açıb.

Atışma nəticəsində sürücü və R.Əliyev isə ağır yaralanıb. Xəstəxanaya götürülən sürücü ölüb, R.Əliyev isə ağır yaralıdır.

Bəzi KİV-lərin yazdığına görə, güllələnən şəxs məşhur avtoritet Rövşən Lənkəranskidir.

Polis hadisənin səbəblərini araşdırır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.