Sələmə pul vermiş deputat 328 min dollarını istəyir

18-08-2016, 23:00   
Sələmə pul vermiş deputat 328 min dollarını istəyir
Deputat Rüfət Quliyev vaxtilə dostluq etdiyi, 2015-ci ilin martında dünyasını dəyişmiş Namiq Səfərovun ailəsini məhkəməyə verib. İddiaya Səbail rayon Məhkəməsində baxılır.

Deputat iddia ərizəsində göstərib ki, 2011-ci ildə Namiq Səfərovla aralarında öhdəlik müqavilələri bağlanıb. Həmin müqavilələrə əsasən, aylıq 8-10 faiz olmaqla, Namiq Səfərova ümumilikdə 81 min 850 dollar pul verib. 2014-cü ildə o, verdiyi pulu və faizləri tələb edib.

Ərizədə yazdığına görə, sonuncu dəfə aralarında 2015-ci ilin fevralında bu mövzuda söhbət olub. Namiq Səfərov xahiş edib ki, fevraldan faizlər dayandırılsın, yaxın 3-4 ay ərzində həm əsas borcu, həm də yığılıb qalmış faizləri ödəyəcək. Amma həmin ərəfədə N. Səfərov dünyasını dəyişib.


328 MİN DOLLAR TƏLƏB EDİR

2015-ci ilin aprelində deputat Namiq Səfərovun evinə gedib və həyat yoldaşı Nuranə Səfərovadan pulu tələb edib. Lakin o, həyat yoldaşının kimsəyə borcu olmadığını bildirib və pulu ödəmək istəməyib. Deputat da 2015-ci ilin noyabrında məhkəməyə müraciət edib. Rüfət Quliyev mərhum dostunun ailəsindən 81 min 850 dollar əsas borc, 246 min 800 dollar da faiz olmaqla, ümumilikdə 328 min 650 dollar pul tələb edir.

O vaxtdan bəri deputatın iddiası əsasında məhkəmə prosesi gedir. Bu işə Səbail rayon Məhkəməsində hakim Zaur Əliyev baxır.

Avqustun 18-də keçirilən məhkəmə iclasında cavabdeh tərəfin vəkili Ceyhun Yusifov hakimin bu işə obyektiv baxmadığını, deputatın maraqlarını müdafiə etdiyini və prosesi aylardır uzatdığını əsas gətirərək, iddiaya Zaur Əliyevin sədrliyilə baxılmasına etiraz edib. Vəkil etirazını əsaslandırarkən qeyd edib ki, Zaur Əliyev qanunsuz olaraq, deputatın istəyilə Nuranə Səfərova və övladlarının əmlakının, o cümlədən Bakıda və Qəbələnin Vəndam kəndində yerləşən evlərinin, avtomobilin, qarajın üzərinə həbs qoyulması barədə qərardad çıxarıb. (azadliq.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.