“Lotuluğu qəhrəmanlığa çevirən - Lənkəranski...VİDEO

19-08-2016, 11:06   

Xəbər verdiyimiz kimi, MDB məkanının ən nüfuzlu “qanuni oğru”larından olan Rövşən Lənkəranski bu gecə İstanbulda qətlə yetirilib. Rusiyada fəaliyyət göstərən cinayətkar qruplaşmaya liderlik etsə də, adı Rusiya, Azərbaycan və Türkiyə mediasına yaxşı tanış olan Lənkəranskinin yerli əhali arasında da xeyli nüfuzu var.

“Qafqazinfo” bunu nəzərə alaraq 41 yaşlı “vorzakon”un qısa bioqrafiyasını təqdim edir:

Rövşən Canıyev 1975-ci il yanvarın 27-də Azərbaycanda, Lənkəran şəhərində polis ailəsində anadan olub. 17 yaşı olarkən atası Azərbaycanda fəaliyyət göstərən kriminal qruplaşmalardan birinin nümayəndələri tərəfindən qətlə yetirilir. 1996-cı ildə müttəhimlər kürsüsündə əyləşən atasının qatili Canıyev ailəsinin üzvlərini ölümlə təhdid edir. Bu zaman məhkəmə zalında olan Rövşən tapanca ələ keçirərək cinayətkarı qətlə yetirir. Rövşənin ruhi vəziyyətini nəzərə alan məhkəmə ona iki il həbs cəzası kəsir.

Psixi xəstəlikdən əziyyət çəkir...

2000-ci ilin iyununda Canıyev Bakıda “vorzakon” Kəramət Məmmədovu güllələyir və ağır yaralayır. Avtoritetlər tərəfindən ələ keçirilən Canıyev o qədər möhkəm döyülür ki, kəllə-beyin travması alır və ruhi xəstəlikdən əziyyət çəkir. Həkimlər psixi ekspertizadan keçən Rövşənin təcili müalicə olunmalı olduğunu bildirirlər. Elə həmin il istintaq dayandırılır və qərar qəbul edilməsi üçün iş Ağır Cinayətlər Məhkəməsinə göndərilir. Məhkəmə qərarı ilə Canıyev müalicə almaq üçün psixi dispanserə göndərilir. Daha sonra gizlənməyə müvəffəq olan Rövşən 2002-ci ildə DİN tərəfindən beynəlxalq axtarışa verilir.

Rövşənin kriminal aləmə gəlişində azərbaycanlı “vorzakon” Mirseymur Abdullayevin adı çəkilir. 2003-cü ildə M.Abdullayevin, daha sonra Hikmət Muxtarov, Çingiz Axundovun sirli ölümü, Baxa ləqəbli Baxış Əliyev, Vaqif Lənkəranskinin həbsindən sonra Moskvada azərbaycanlıların biznesinə nəzarət Lənkəranskinin əlinə keçir.



Bundan başqa, Rövşən 2003-cü ildə Sank-Peterburqdakı Mütəşəkkil Cinayətkar Dəstənin lideri Elçin Yevlaxskinin ölümündə təqsirli bilinir, lakin o, girov müqabilində azadlığa çıxa bilir.

2008-ci ilin fevralında Canıyev Kiyevdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılır və məhkəmə qərarı ilə ona 40 sutka həbs verilir. Adına cinayət işi açılan ölkəsinə ekstradisiyası gözlənilən Rövşənə hüquq müdafiəçilərinin xahişi ilə gözlənilmədən qaçqın statusu verilir və o, Ukraynada sığınacaq alır. Lakin Kiyevdə 2009-cu ildə yenidən saxlanıldıqdan sonra o, Azərbaycana ekstradisiya edilir.

2010-cu ildə Bakıda qanunsuz silah saxlama maddəsi ilə haqqında cinayət işi açılır. Dövlət ittihamçısı ona 12 il həbs istəsə də, məhkəmə 2 il həbs kəsir və Rövşən elə məhkəmə zalından azadlığa buraxılır.

Nüfuz və 2 böyük düşmən qazanır...

Elə o vaxtdan Azərbaycanı tərk edən Lənkəranski Moskvada qısa zamanda azərbaycanlı avtoritetlər arasında nüfuz, eləcə də, iki ən böyük düşmənini qazanmağa nail olur. 2010-cu ildə nüfuzlu “vorzakon” Ded Xasanın qətli kriminal aləmdə şok effekti yaradır. Qətlin sifarişçisi kimi isə Lənkəranskinin adı hallanır və həmin qətldən sonra Rövşənə qarşı 2 sui-qəsd xəbəri yayılır. 2012-ci ildə Dubayda 3 bıçaq yarasından, 2013-cü ildə isə Türkiyədəki sui-qəsd cəhdindən sağ qurtula bilir.

Qeyd edək ki, Rövşənin yeganə düşməni Ded Xasanın klanı deyildi. Bu siyahıya çeçen qanqsterləri, həmçinin hazırda Qobustan həbsxanasında yatan Nadir Səlifovun (Lotu Quli) da adı daxildir.

Dəfələrlə yerli və xarici mətbuatda ölüm xəbərləri yayılan Lənkəranskinin bu gün gecə qətlə yetirilməsi hələ də bir çoxları üçün müəmmalı olaraq qalır, lakin ona qarşı kimlərin sui-qəsd təşkil edəcəyi artıq heç kimə sirr deyil...



Bu arada qeyd edək ki, sabirabadlı lotu Hikmət 2006-cı ildə Rusiyada qətlə yetiriləndən sonra demək olar ki, oğru dünyasında təkcə Rövşən həm nüfuzu, həm də şəxsi xarakteri ilə o səviyyəyə gəlib çata bilmişdi. Şübhəsiz ki, Rövşən haqda da hələ çoxlu əfsanələr dolaşacaq, kitablar yazılacaq. Dəqiq olan isə budur ki, belə bir əfsanə artıq olmayacaq...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.