Post-neft dövrü sarayların çöküşü dövrdür. Neft pulları hesabına illərlə imperiyalar quran hakimiyyətlərə ən bədbin mesaj post-neft mərhələsinin başladığını xəbər verməkdir. Bu, qan və neft üzərində dayanmış iqtidarların süqutunu yaxınlaşdırır. Azğın və harın nomenklatura, odioz nazir və tayfa-klan modeli üzərində yaradılmış korrupsiya sistemi domino daşı kimi yıxılmağa başlayır. Bu, onlar üçün ölümdən betər hadisədir. Çünki saray daxilində didişmələr, çəkişmələr başlanır və iqtisadi böhran siyasi böhranı dərinləşdirir.
Azərbaycanda iki devalvasiya olub. Artıq üçüncü böhranın tappıltı səsləri eşidilir və məhz hakimiyyətin içərisindəki siyasi böhranın dərinləşdiyini deməyə əsas verir. Merkantil maraqlar və dayaqlar üzərində saxlanmış siyasi vəhdət parçalanma ilə nəticələnə bilər. Post-neft dönəmi iqtidarı mövcud müxalifətin situasiyası ilə eyniləşdirə bilər. Necə ki müxalifət pərən-pərəndir, gücsüzləşib, maliyyə resurslarının yoxluğu ucbatından məlğubiyyətlər sıralanıb, eləcə də hakimiyyəti də oxşar ssenari gözləyə bilər, üstəlik ən ağır şəkildə…
Müşahidələr də göstərir ki, iqtisadi böhrandan sonra neft gəlirlərinin azalması məmurlar arasında həm çaxnaşmalara səbəb olub, həm də sistemə xidmət istəkləri öləziyib.
Korrupsioner nazir və məmurlar pulsuz şəraitdə can-başla hakimiyyətin qorunmasına xidmət göstrəmək istəmirlər. Məmurlar nə qədər sadiqlikdə ipi qırıqdırsa, sistemin çöküşü də bir o qədər sürətlənə bilər.
Artıq cana doymuş sistemin vintcikləri mövcud vəziyyətdən qurtuluş axtarırlar. Onlar da dərk etməyə başlayıblar ki, iqtisadi idarəçilikdə talançılıq və dağıdıcılıq yolu özlərini də uçuruma sürükləyir.
Çünki xalq sürətlə yoxsullaşır, borclar artır, insanların rüşvət verməyə belə imkanı yoxdur və həm yuxarılar, həm aşağılar aqressivləşir.
Lenin böhran və inqilabın ən böyük şərtini də məhz “yuxarılar bacarmır, aşağılar istəmir” devizində görürdü. İqtisadi böhan dərinləşdikcə məmurların hakimiyyətə sadiqliyi, etimadı və bağlılığı azalır.
Nəticədə saray içində siyasi böhran iqtisadi böhranı da üstələyir. Belə vəziyyətdə isə baş ideoloqlar labirintdən çıxış yollar arayır.
Reallıq ondan ibarətdir ki, neft gəlirlərinin azalmasından aqressivləşən məmur təbəqəsi əvvəlki səviyyədə sistemə qulluq etmək istəmir: misal üçün icra hakimləri olduqca etinasızdır, büdcədən regionlara vəsait ayrılmır, maxinasiya üçün heç bir münbir şərait görünmür, vətəndaşlardan isə rüşvət almaq çətinləşib, əhali getdikcə kasıblaşır, referenduma da biganə münasibət var.
Nazirlərə gəlincə, hakimiyyətin başına gələcək hər hansı fəlakətə görə narahatlıq keçirmirlər, neft pullarından milyarderə çevrilənlər indi narazı burjuy elektoratına çevrilir, siyasi rəhbərliyin qəzəbinə tuş gələrək cəzalandırılan və səlahiyyətləri minimuma endirilən nazirlər aqressivləşirlər.
Halbuki, bölgələrdə sosial gərginlik yarananda, etiraz aksiyalar keçiriləndə nazirlər həyəcanlanırdı, regionlarda vətəndaşlarla görüşlər keçirilirdi. Bu arxayınlıq isə nəticə etibarı ilə hakimiyyətin sütunlarını laxladır.
Əslində, post-neft dövründə odiozlaşmış məmur təbəqəsinin bu davranışı siyasi xəyanətdir. Ölkə rəhbərliyinə ən çətin mərhələdə dəstək olmaq və vəziyyətdən çıxış üçün təkliflər vermək, islahatlar paketi təqdim etmək əvəzinə yaxasını kənara çəkərək siyasi iqtidarı təklənmiş vəziyyətdə saxlayırlar. Bu yerdə deyiblər ki, onların çörəyi diz üstündədir.
…1903-cü ilin yayında Bakını tətillər dalğası bürüdü. 20 gün davam edən etirazlar tezliklə imperiyanın digər cənub vilayətlərinə də sıçradı. Tarixçilər Bakı tətillərini “Cənubi Rusiyada ilk ümumi tətil” adlandırırlar.
İstər iqtisadi, istər siyasi nəticələrinə görə çox böyük iz qoyan və Bakı proletariatının ilk mütəşəkkil çıxışı olan bu tətillərin təsvirinə keçməzdən əvvəl onun səbəbləri və o illərin Bakısının vəziyyətini gözdən keçirməyə ehtiyac var.
1883-cü ildən başlayaraq Bakıda neft istehsalı durmadan artırdı. Kapitalist inkişaf yoluna qədəm qoyan Bakı neft sənayesi 20 ildən də az vaxt ərzində o dövrdə dünyada çıxarılan neftin ümumi həcminin 50 faizdən çoxunu təmin edirdi.
Ancaq bu, 1901-ci ilə qədər davam etdi. Və əgər 1883-cü ildə Bakıda cəmisi 60,37 milyon pud (62,5 pud = 1 ton) neft çıxarılmışdısa və 1901-ci ildə bu rəqəm 671,57 milyon puda qədər artmışdısa (yəni, 11 dəfə!), 1902-ci ildən başlayaraq bu rəqəm dönməz şəkildə azalmağa başlamışdı. Bunun da səbəbi dünyanı bürüyən növbəti iqtisadi böhran idi.
İqtisadi böhran Bakı əhalisinin güzaranını da xeyli çətinləşdirdi. Həmin dövrü təsvir edən Manaf Süleymanov özünün “Eşitdiklərim. Oxuduqlarım, Gördüklərim” kitabında yazır: “1900-1902-ci illərdə Mərkəzi Rusiyada quraqlıq üzündən aclıq düşür, minlərlə ac-yalavaclar Bakıya axışır; işsizlər ordusu yaranır, cinayət, macəraçılıq həddini aşır, hökumət orqanları 15 min ac-sərgərdanı zorla gəmilərə doldurub geri qaytarır.
Zülm günü-gündən artır, ehtiyac, yarıtox, yarıac güzəran, sahiblərin, məmurların özbaşınalığı hüquqsuz fəhlələri zara gətirirdi, onların səbr kasaları aşıb-daşırdı…”
Hamı eyni batan gəmidədir. Və çıxış yolu hələlik görünmür…