Həbsdəki bankir maliyyə nazirini yerdən - yerə vurdu: 'Devalvasiyanı o etdi'- gerçək sensasiya

25-08-2016, 08:54   
Həbsdəki bankir maliyyə nazirini yerdən - yerə vurdu: 'Devalvasiyanı o etdi'- gerçək sensasiya
Cahangir Hacıyev üsyan püskürdü: “Mənə işgəncə vermək nəyə lazımdır?”; "Mən yazılan və yazılmayan qanunları gözəl bilirəm, onların da heç birini pozmamışam”

“Beynəlxalq Bank işi”nə görə həbs edilənlərin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Bankın sabiq rəhbəri C.Hacıyev məhkəmədə ifadə verib.

O, əvvəlcə saxlanma şəraiti ilə bağlı danışıb: “Dekabrın 19-dan qaldığım kameradan məni başqa korpusa köçürüblər. Hansı ki, həmin korpusda məhkum olunmuş şəxslər saxlanılır. Əvvəlki korpusda gündə iki dəfə su verilirdi. Burada cəmi bir gündə 4 dəqiqə su verilir. Soyuducusu isə yoxdur. Təsəvvür edin ki, həftə bir dəfə yemək qəbul edirlər. Əgər soyuducu yoxdursa, bu o deməkdir ki, bir gün yeyib 6 gün ac qalmalısan. 45 dərəcə istidə belə şəraitdə saxlanmaq nə deməkdir? Allah heç kimə qismət etməsin. Ancaq yaddan çıxarmayın ki, hamının başına gələ bilər. Dustaqların bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək vermirlər. Xahiş edirəm ki, bu məsələlərə qanun şəklində baxasınız. Mənə işgəncə vermək nəyə lazımdır? Bunu da bilsinlər ki, buna göstəriş verənlər heç nəyə nail olmayacaqlar”.

O, istintaq işinin aparılamasından da narazılıq edib:

“Mən istəmişəm ki, bu işi Baş Prokuroluq araşdırsın. Oranın məsuliyyətli, peşəkar mütəxəsisləri var. Əfsuslar olsun ki, bu işin istintaqını BMCQMİ aparıb. Orada isə mütəxəsis yoxdur. Onlara çox şeyi mən özüm başa salırdım. İttiham aktında deyilir ki, guya mən 211 milyon ziyan vurmuşam. Nə qədər hesablayıramsa, bu qədər məbləğ alınmır. Bunu hesablayanların məktəbdə riyaziyyat müəllimləri kim olub?”- deyə C.Hacıyev iddialı danışıb.
C.Hacıyev qızının adına borc yazılmasından da narazılığını bildirib.
O, söyləyib ki, qızı Leylanın ümumiyyətlə borcu yoxdur: “Niyə onun adı ittiham aktına yazılıb? Məqsədləri budur ki, məbləği 211 milyona çatdırsınlar? Yüzlərlə insanı təcrid edib, minlərlə adamın ölkədən çıxışına qadağa qoymaqla nə qaytarılıb? Heç bir qəpik də qaytarılmayıb”.

Özünün və ailə üzvlərinin səhmlərinin satıldığını deyən C.Hacıyev həmin məbləğin onun borclarının silinməsinə yönəldilmədiyini bildirib: “Mənim və yaxınlarımın 5 milyona yaxın səhimlərimiz alqı-satqı olunub. Ancaq həmin məbləğ kreditin ödənilməsinə yönəldilməyib. Niyə həmin məbləğ kreditimin ödənməsinə xərclənməyib? Çünki ortada qərəz var. Harada bir cümlə var ki, bu pullar bizim cibimizə gedib. Biz tərəfdən mənimsəmə deyilən bir hal olmayıb. Adi kredit əməliyyatları olub. Bu işdə cinayət yoxdur, ola da bilməz.
Dəfələrlə ifadə verib istintaqı istiqamətləndirmişəm ki, fiziki şəxslərin adına verilmiş kreditlər filan layihələrin həyata keçirilməsinə yönəlib. Mən yazılan və yazılmayan qanunları gözəl bilirəm. Və bu qanunların da heç birini pozmamışam”.

C.Hacıyev çıxışının davamında maliyyə naziri Samir Şərifovu ittiham edib: “Beynəlxalq Bankın Lüksemburqdakı nümayəndəliyi indi Samir Şərifovun və bankın indiki rəhbərliyinin mülkiyyətinə keçib. 2013-cü ildən 600 min iş yeri yaradılması ilə bağlı prezidentin fərmanı çıxarkən gəlib dedilər ki, pambıqçılıq, fındıqçılıq, kənd təsərrüfatı ilə bağlı Qazaxıstanda, Rusiyada, BƏƏ və s. ölkələrdə layihələr maliyyələşdirilməlidir. Ayrılmış kreditlər vasiyəsi ilə də maliyələşdirirdik. İndi deyirlər ki, o layihələr uğursuz olub. Əgər o layihələr uğursuz idisə, niyə ən yüksək sərgidə prezidentə həmin layihələri son 10 ilin ən uğurlu layihələri kimi təqdim edirdiniz? Beynəlxalq maliyyə təşkilatlarının hebatlarına görə bizim yaratdığımız baza qeyri-neft sektorunun 50 faizini təşkil edirdi.

Mənə deyirlər ki, “limiti aşmısan və bankın Müşahidə Şurasının razılığı olmadan 1.5 milyondan artıq kredit vermisən”. Düz edib vermişəm. Müşahidə Şurasının qərarları qanuna ziddi idi. Mən Samir Şərifovun qərarlarını icra etməli idim, yoxsa Milli Məclisin qərarlarını? Audit Komissiyasının üzvləri həm də Maliyyə Nazirliyinin işçiləridir. Onlar 3 qanunu- dövlət qulluğu, korrupsiyaya qarşı mübarizə, bank və bank fəaliyyəti haqqında qanunları pozurdular. Mən qanunu seçməli idim, yoxsa hansısa bir məmurun istəyini yerinə yetirməli idim? Bir daha deyirəm ki, bu pul bizim cibimizə getməyib, layihələrə yönəldilib. Sadəcə istintaq aparılmayıb. Dediyim məsələlərin arxasınca heç kim getməyib”.

C.Hacıyev ona və rəhbərlik etdiyi banka qarşı qərəzin 2008-ci ildən başladığını deyib.

O, Samir Şərifovu ittiham edərək, devalvasiyanın günahkarının da onun olduğunu açqılayıb: “Beynəlxalq maliyyə böhranı baş verəndə bütün dövlətlərin maliyyə nazirlikləri, mərkəzi bankları kapitalın möhkəmləndirilməsi isitiqamətində işlər görməyə başladılar. Bircə bizdən başqa. 2013-cü ilə qədər dövlətdən banka heç bir vəsait gəlmədi. Əksinə biz maliyyə nazirliyi tərəfindən təzyiqlərə məruz qaldıq.

Biz ölkə rəhbərliyinə, baş nazirə məktublar yazırdıq ki, bir sıra layihələr kağız üzərində qaldı. Bununla da dövlətdən vəsait çıxarılır. 15 il sədr işləmişəm. Bu, burada oturanların da uğurudur. Bu müddət ərzində bankın reytinqi ölkənin maliyyə reytinqindən 2 dəfə yüksək olub. Samir Şərifov MOODYS-un nümayəndələri ilə görüşdə deyirdi ki, niyə onların reytinqini artırırsınız? Mən dəfələrlə demişəm ki, bu adamın fəaliyyətini araşdırmaq lazımdır ki, o niyə ölkəyə düşmən kəsilib?

Samir Şərifov dövlət rəhbərliyini aldadıb. 2014-cü ildən Beynəlxalq Bank 25 milyon xalis mənfəətlə çıxıb. Mən oxuyuram, görürəm və bilirəm ki, internetdə insanlar arasında Elman Rüstəmov haqqında pis-pis sözlər deyirlər. Onun devalvasiyanın səbəbkarı olduğu yazılır. Amma inanın ki, onun devalvasiyaya aidyyəti yoxdur. O, bunun əleyhinə idi. Bir gecənin içində 34 fazilik devalvasiyanın tək müəllifi Samir Şərifovdur. Devalvasiya olmalı idi. Ancaq bu şəkildə yox, tədricən olmalı idi. Bank sistemində kapital artırılmalı, möhkəmləndiriləndən sonra bu tədricən olmalı idi. Beynəlxalq Banka əvvəlcədən heç bir xəbər vermədən bu addımı atdılar. Bu qərara görə bir gecədə 130 milyon kapital itirdik. Oradakı menecmentlərin sayəsində aktivlərin dəyişməsindən 7-9 milyon ziyanla çıxdıq. Əgər menecmentlərin səyi olmasa idi, 150 milyon ziyan olacaqdı. Hamı bilsin ki, bunun günahkarı Samir Şərifovdur. Mən elə-belə demirdim ki, o adam burada oturmalıdır. İnanıram ki, bir gün oturacaq da”.

C.Hacıyev fəaliyyəti dayanan və ona məxsus olduğu deyilən “Azərinşaat”la bağlı da danışıb və qeyd edib ki, şirkət Azərbaycanda yol tikintisi ilə məşğul olan ən böyük şirkətlərdən biri olub:

“Şirkətə 2013-cü ilə qədər dövlət büdcəsindən 250 milyon manat vəsait ayrılmışdı. Amma reallıqda həmin vəsait oraya çatmamışdı. Büdcə vəsaiti başqa yerə yönəldilib. İstintaqda da bu məsələ sübuta yetirilib. Tələb etdik ki, “Azərinşaat”ın rəhbəri olmuş Bülənt Kara dindirilsin. O demişdi ki, məndə vəsait yoxdur. Vəsait Samir Şərifovdadır”.
Özünü təqsirli bilməyən C.Hacıyev daha sonra prokuror Fərid Nağıyevin suallarını cavablandırıb.

Kreditlərin necə ayrılması ilə bağlı sualı cavablandıran C.Hacıyev belə deyib: “İş adamları müraciət edirdi. Layihələrə baxılırdı, kreditlərin verilib-verilməməsi ilə bağlı qərar verilirdi”.

Sonrakı dialoq:

Prokuror: Kim müraciət edirdi?

C.Hacıyev: Adlar eşitmək istəyirsiniz? Məncə açıqlamasam yaxşı olar.

Prokuror: Niyə müxtəlif şəxslərin adına kredit ayırıb, başqa ölkələrə göndərirdiniz?

C.Hacıyev: Çünki başqa ölkədə olan şəxslər və ya şirkətlərin adına pul ayırmaq mümkün deyildi. Ona görə də fiziki şəxslərina adına ayrıb, oraya köçürürdük. Bundan bütün bank sistemində istifadə olunur.

Prokuror: Sizin özünüz və ailə üzvlərinizin adına 16 plastik kart vasitəsi ilə faizsiz kredit verilib?

C.Hacıyev: Təminatsız kredit verilməsinə qadağa yoxdur. Bütün banklar bunu verirlər. Sıfır fazilə verilib. Həmin ayrılan vəsaitlər bizim ailə xərclərimizə getməyib. Həmin xərclər səhimlərin alınmasına- kapitala yönəldilib. Bundan həm də bank qazanıb.

Prokuror: Səhimlərin alınmasında məqsəd nə idi?

C.Hacıyev: Kapitalın artırılması.

Prokuror: Bankın öz vəsaiti ilə bankın kapitalını artırıdınız?

C.Hacıyev: Bu doğru yanaşma deyil. Mənim üçün deyirdilər ki, iki təyyarəsi var. Amma heç birini tapmadılar. Guya lordlar yaşayan yerdə mənim evim var. Samir Şərifovun bir sürücüsü var. O, internet resursunun rəhbəridir. Ona görə bu cür məsələlər aydındır.

Prokuror: Sizin yoldaşınızın, qızınız Leylanın adına olan kartlardan sağlamlıq, istirahət mərkəzlərində, Avropada turizm mərkəzlərində istifadə olunmayıbmı?

C.Hacıyev: Olunub. Ancaq eyni zamanda Azərbaycanda da nəğd vəsaitlər çıxarılıb. Bu da az vəsait deyil. Konkret hər bir kreditlə bağlı mən göstəriş verməmişəm. Mən ümumi olaraq göstəriş vermişəm ki, bu şəkildə kredit ayırmaq olar.

C.Hacıyev çıxışının davamında bunları əlavə edib: “Azər Bayramov mənə demişdi ki, mənim və yaxımlarımın səhimlərinin alqı-satıqısından əldə edilmiş vəsait “Texnikabank”ın borcunun bağlanmasına yönəldilib. Baş prokurorun və nazirin yanında sual verdim ki, niyə bizim pulumuzla “Texnikabank”ın borcunu bağlamısınız? O, hörmətli şəxslərin yanında dedi ki, Emil Mustafayev bizə belə deyib”.

Prosesdə maraqlı bir dialoq da qeydə alınıb.

C.Hacıyev: “Hamı futbola baxmağı sevir. Ancaq burada futbol tək qapıya oynanılır”.

Prokuror: Ola bilsin ki, hava dumanlıdır və siz digər qapını görmürsünüz.

C.Hacıyev: Hava yox, kiminsə başı dumanlıdır. Müşahidə Şurasının 4 üzvü Maliyyə Şurasının işçisi idi. Onlar gündəlik sistemdəki əməliyyatı görə bilirdilər. Hər 6 ayın yekunlarında yoxlama olurdu. Həmişə də xeyirlə çıxırdıq. Müşahidə Şurasının qərarlarını icra etməməkdə düz edirdim. Çünki hüquqi baxımdan qanuna ziddi idi. Digər bir tərəfdən də bankın fəaliyyətini dayandırmağa yönəldilmişdi”.

Məhkəmə prosesi avqustun 26-da davam edəcək.

İlkin Muradov
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.