Müğənni Aygün Bəylərin qardaşı da danışıb. Dəhşətli qətlin yeni təfərrüatları üzə çıxdı.
2013-cü ildən itkin düşmüş hesab edilən Elnur Hümbətovun nəşinin qalıqları aşkarlanıb. Öldürülən şəxs xalq artisti Aygün Bəylərin qohumu, qətlin törədilməsində birbaşa iştirak edən Abbas Hümbətov isə müğənninin qardaşıdır.
Respublikanın daxili işlər orqanları qeyri-aşkar şəraitdə baş verən ağır və xüsusilə ağır –insan həyatına qəsd edilməsi ilə nəticələnən cinayətlərin açılması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər. Belə ki, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib.
Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Elnur Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil və Elnur Əsirov qardaşları tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar. Araşdırmalar zamanı məlum olub ki, qeyd edilən şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar.
Ramil Əsirov - saxlanılan şəxs: "Suraxanıdan keçirdik, gördük ki, o da yoldadır, bizim maşına oturdu, getdik Qalaya. Bir gün qaldıq, səhərisi söhbət elədik. Elvinlə söhbət edəndə mən ayaqyoluna keçdim. Elvinə müqavimət göstərdi, Elvin onu yerə yıxdı, boynundan tutdu, mən də ayaqlarından tutdum. Fuad dedi ki, get balış götür. Mən balış götürməyə gedəndə Elmir bayıra çıxmışdı, yox idi, qorxmuşdu. Mən çatanda uje boğulmuşdu, ölmüşdü. Skoçla bağladıq, atdıq dərəyə, üstünə beton tökdük".
Abbas Hümbətov - saxlanılan şəxs: "Mən səhər gəldim, məni dükana göndərdilər ki, skoç alım. Qayıdanda yolda Elmiri gördüm, götürüb evə apardım. Gəldim bağa, gördüm ki, öldürüblər, mən də evə getdim. Axşam Ramil zəng vurdu ki, gəl, apar bizi evə. Bir az qum qalmışdı həyətdə, onu da yaydıq həyətə. Ramili götürüb getdim".
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümbətovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.
Qeyd edilən fakta bağlı Surraxanı rayon prokuroroluğunda cinayət işi başlanılıb və iş digər istintaq hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib. (Region TV)