Ölkəni silkələyən generalitet əməliyyatı ilə bağlı şok gəlişmələr var. Redaksiyamızın əldə etdiyi məlumata görə, sabiq MTN şefi ilə əlaqəli olduğu deyilən Əmlak Məsələləri Dövlət Komitəsi sədri və deputat qardaşı təhlükədən yayına bilib. Kərəm və Malik Həsənovlar Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovun həbsi ilə özlərini “sudan quru” çıxarmağa müvəffəq olublar. Bir müddət qabaq elektron və yazılı media Həsənovların MTN şəbəkəsinə bağlılığı haqda faktlar tirajlamışdı. Artıq mətbuatın gündəmindən düşən Həsənovlar təhlükənin sovuşduğuna arxayınlaşıb. Hətta media kampaniyasını da dayandırıblar.
Komitə sədri və qardaşı barəsindəki faktları ört-basdır etmək üçün mətbuatla loyal münasibətlər qurmağa çalışdı. Elə ki Mahmudov təhlükəsi geridə qaldı, Həsənovlar rahatladılar. Mənbənin redaksiyamıza qeydlərindən: “Ən ciddi məsələ Malik Həsənovla bağlı idi. Onun deputat mandatı məhz MTN-ə bağlı qüvvələr tərəfindən verilib. Malik Həsənovun daxil olduğu şəbəkənin vurulması onun mandatını itirməsi ilə nəticələnə bilərdi. Ona görə də qardaşı Kərəm Həsənovdan daha çox, özü narahat idi. Həqiqətən də ölkə rəhbərliyi qardaşlara möhkəm qəzəbli idi və həbs təhlükəsi var idi. Azərbaycanın siyasi arsenalında həmin 10 gündə cərəyan edən hadisələr təlatüm effekti doğurmuşdu. Ölkənin gündəmini silkələyən və sunami təsiri bağışlayan həbslər dalğası genişlənməkdə idi. Həsənovlar da növbənin onlara çatacağını hiss etmişdi. Amma İmanovun həbsi hasar oldu. Çünki qardaşların generalitet və rabitə şəbəkəsinin birgə cinayətləri ilə yanaşı əmlak sektorunda da öz qanunsuzluqları vardı”.
Redaksiyamıza verilən məlumatlarda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyi ilə Rabitə Yüksək Texnologiyalar Nazirliyindəki yüksək çinli məmurların qruplaşmasında Əmlak Məsələləri Dövlət Komitəsinin də çinovniklərinin olduğu üzə çıxıb. Eldar Mahmudovun 2010-cu ildə ortaya çıxardığı və hakimiyyət dairələrindən şəxsi xahiş əsasında deputat seçdirdiyi şəxs Malik Həsənov var imiş. Böyük bizneslərə sahib olan Həsənovların Eldar Mahmudovla şərikli işləri də olub. Sabiq MTN şefi ilə komitə sədrinin «Azinko» tikinti şirkəti üzərindən ortaqlıqları mövcuddur. Bundan başqa, onların digər işlərdə də əlləri olduğuna dair bilgilər var. Bu ortaqlıqlar kadr məsələlərində də öz rolunu oynayıb. Kərəm Həsənovun DYP-də işləyən və rütbəcə kapitan olan qudası qısa müddətdə MTN-də mühüm baş idarələrdən birinin rəis müavini təyin olunub.
Malik Həsənovun 2015-ci ildə keçirilmiş parlament seçkilərində də YAP-ın siyahısına adının düşməsinin səbəbkarı elə sabiq MTN şefi Eldar Mahmudov olub. Malik Həsənovun yenidən namizəd olaraq, mandat qazanmasına seçkilərdən xeyli əvvəl Mahmudov təminat verib. O zaman YAP rəhbərliyindən israrlı şəkildə xahiş edib ki, Malik Həsənovu da siyahıya salsınlar və seçilməsinə yardımçı olsunlar. Mənbə qeyd edir ki, Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənova məxsus olan “Azinko” Bakıda həyata keçirilən bir sıra layihələrdə iştirak edib. Bu layihələrdən biri isə Bayraq Meydanına yaxın ərazilərdəki evlərin sökülməsindən ibarət olub. Həmin vaxt vətəndaşların zorla evindən çıxması, binalarını başlarına uçurmaları da fakt olaraq məlumdur.
Mənbə bildirir ki, o zaman yarana biləcək sıxıntı və qalmaqallarla bağlı Kərəm Həsənovla Eldar Mahmudov arasında danışıq olur və sabiq MTN şefi komitə sədrini arxayın salır ki, heç bir problem yaşanmayacaq. Etiraz edənlərin susdurulması üçün Eldar Mahmudov Kərəm Həsənovun adamlarından istifadə edib. Amma onlara nəzarət sabiq nazirin adamları tərəfindən həyata keçirilib. Bu əsnada o da deyilir ki, Eldar Mahmudovun dəstəyi ilə “Azinko”nun iri layihələr üzrə tenderləri udmaları da sirli məsələ hesab olunmur.
Bundan əlavə, Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanov paytaxtdakı bir çox iş adamlarına və məmurlara aid əmlakların siyahısını Eldar Mahmudovun dəstəsinə veribmiş. Onu da qeyd edək ki, komitə sədrinin qardaşı Şahin Həsənovun MTN-də beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə gətirildikdən sonra isə bu münasibətlər ən yüksək səviyyədə olub və «işgüzar» münasibətlər daha da inkişaf edib. Məhəmməd İmanov paytaxtdakı bir çox iş adamlarına və məmurlara aid olan əmlakların siyahısını Eldar Mahmudovun dəstəsinə verib. Həmin siyahı əsasında hansı iş adamının və məmurun nə qədər mal-mülkə sahib olduğunu çox rahatlıqla müəyyənləşdirilib və həmin şəxslər növbə ilə şantaja məruz qalıblar.
Bütün bu faktlar dosye şəklində ölkə rəhbərliyinin masasına qoyulub və Həsənov qardaşlarının taleyi müzakirə edilib. Ancaq göründüyü kimi, son anda qurtula biliblər.