Zahid Oruc: “Ramil Usubov Türkiyәdən yeni dosyesi ilә dönә bilәr”; “Bu sәfәr Azәrbaycanın tәhlükәsizliyi üçün çox әhәmiyyәtlidir”
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki gün öncə Ankaraya səfər edib. O, türkiyəli həmkarı əfqan Ala ilə görüşüb. Bu görüşdə R.Usubov bildirib ki, FETÖ ilə mübarizədə Azərbaycan Türkiyənin yanındadır. Ramil Usubov birgə mətbuat konfransında bəyan edib ki, FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq. Bunun qarşılığında əfqan Ala deyib ki, Türkiyə ilə Azərbaycan qarşıdakı dövrdə də məlumat və kəşfiyyat bilgilərinin mübadiləsi, görüləcək tədbirlər məsələsində tam iş, fikir birliyində olacaq.
İkinci maraqlı hadisə odur ki, azərbaycanlı nazirlə görüşdən bir neçə saat sonra əfqan Alanın istefa verdiyi barədə baş nazir Binəli Yıldırım açıqlama yaydı və dərhal da Türkiyənin yeni daxili işlər naziri təyin edildi.
R.Usubovun Türkiyə səfərini, orada verilən açıqlamaları, gözləntiləri deputat Zahid Oruc “Yeni Müsavat”a şərh edib. Bildirib ki, son iki ayda gedən həbslər və hadisələr fonunda göründü ki, Türkiyə nə qədər güclü bir qüvvə ilə üz-üzə qalıb.
Darbə uzun illər ərzində Türkiyəni içdən ələ keçirmək, hakimiyyətə səssiz bir şəkildə sahib durmaq və xalqı kənar paytaxtlardan idarə etmək planının tərkib hissəsi idi. Azərbaycan dövləti isə bu illər ərzində özünün xarici siyasətini, xüsusilə də qardaş Türkiyə ilə münasibətlərini yüksək səviyyədə qurarkən etibarlı tərəfdaş olduğunu dəfələrlə sübuta yetirib: “Cənab nazir Ramil Usubovun da səfəri bunun bir sübutu oldu. Hörmətli Ramiz Mehdiyev prezident İlham Əliyevin xarici siyasətini qiymətləndirərkən mühüm bir termindən istifadə etmişdi: ”Kişi sifətli xarici siyasət".
Bu gün ayrı-ayrı ölkələr arasında maraq və mənafelər uğrunda savaş elə bir səviyyədədir ki, qeyd olunan terminlərə uyğun siyasət yürüdənlər tapmaq çətindir. Bu mənada Azərbaycan bütün risklərə baxmayaraq, Gülən hərəkatının uzun illər Türkiyəni içəridən gəmirən, nəinki paralel hakimiyyət, az qala bütövlükdə hakimiyyətə çevrilən qüvvələrə qarşı öz siyasi mövqeyini göstərərkən bunun davamı da gəlməli idi. Ramil Usubov Azərbaycan dövlət idarəçiliyində yüksək vəzifə tutmasına rəğmən kifayət qədər nüfuzlu şəxsiyyətdir. O, Heydər Əliyev hakimiyyətinin ən ağır dönəmlərində prinsipial mövqeyi ilə tanınıb. Belə bir şəxsin Türkiyəyə səfərə getməsi və görüşlər keçirməsi, rəmzi mənada bir daha Ərdoğanın, onun yürütdüyü siyasətin müdafiə etdirilməsi anlamından daha yüksək məna daşıyır. Görünür, Azərbaycan bütövlükdə FETÖ-çü hərəkatın və onların bu dövr ərzində maliyyən-bank sektorundan təhsil məkanına qədər sızmasının təhlükələrini real olaraq görür və bu yöndə addımlar atmaq qərarındadır. Hörmətli Ramil müəllimin dilindən orada bəyan edildi ki, Azərbaycanda bu yöndə tədbirlər həyata keçiriləcək".
Deputatın sözlərinə görə, məlum “Balyoz əməliyyatı” “Eergenekon” həbsləri və sair addımların indi tam mahiyyəti açılır ki, istər polis orqanlarında, istər xəfiyyə strukturlarında, istərsə də məhkəmə, prokurorluq təsisatlarında yer alan Gülənçilər mahiyyət etibarilə Ərdoğanı sadiq silahdaşlarından məhrum etmək, Türkiyəni sevənləri zərərsizləşdirməklə ən sonda da Ərdoğanı aradan götürərək Türkiyəyə sahiblənmək planı üzərində işləyiblər: “Bu yöndə şəxslər Azərbaycana nə qədər yansıyıb, bu məlumatları dövlətin mühüm şəxsləri bilərlər. Parlament üzvü olaraq kənardan biz yalnız müşahidələrimizdən danışa bilərik. Ramil Usubov özünün xarakteri etibarilə daxili işlər naziri olaraq bu dövr ərzində dövlət mənafeləri məsələsində prinsipiallığı ilə tanınmasına rəğmən, imkan verməz ki, kimsə əsassız yerə damğalansın, suçlandırılısın, günahı olan kimsə də kənarda qalsın. Ötən on illərdə dövlət çevrilişinə cəhdlərin qarşısında dayanan ən mühüm dövlət strukturlarından biri Daxili İşlər Nazirliyidir. Hesab edirəm ki, nazirin Türkiyəyə səfəri Azərbaycanın təhlükəsizliyi üçün də çox əhəmiyyətli idi. Bir daha onu vurğulamaq yerinə düşər ki, söhbət təkcə yaşlı bir adamın Pensilvaniyadan yüz minlərlə insanı yönləndirməsindən, milyardlarla dollar vəsaiti üzərindən ayrı-ayrı ölkələrə paylatdırmasından getmir. Gülənin arxasında dayanan güc mərkəzləri var. Bu, zamanında sınaqdan keçirilmiş modellərdir, bir çox ölkələrin içərisinə yeridilib.
Azərbaycanda da siyasi islam anlayışı ilə vətəndaşların inancına sahib durmaq və bu siyasi ekstremizm vasitəsilə hakimiyyəti ələ keçirmək planları olub. Bəli, burada çox dəqiq sərhədlər qoymaq lazımdır ki, təhsil məkanında uğur qazanan və yaxud bu sistemdən keçənlərin hamısını gülənçi elan etmədən Azərbaycan bu məsələdə öz təhlükəsizlik maraqlarını düzgün müəyyənləşdirməyi bacarmalıdır”.
“Ramil Usubov dərin dövlət adamıdır, ölkə rəhbərinə sədaqətlidir və prinsipialdır, heç kəsə qarşı süni şəkildə ittihamlara yol verilə bilməz, eyni zamanda gülənçi olduğu sübuta yetirilən heç kəsə də güzəşt edilməz”
O ki qaldı Azərbaycanın daxili işlər nazirinin Türkiyənin daxili işlər nazir Əfqan Ala ilə görüşdən bir neçə saat sonra Ə.Alanın vəzifədən istefa verdiyinin açıqlanmasına, Z.Oruc qeyd edib ki, Ə.Ala R.T.Ərdoğanın ən yaxın komanda üzvlərindən biri olub, dövlət çevrilişinə cəhd edənlərin qarşısına çıxanlardan və gülənçiləri hakimiyyət strukturlarından təmizləməkdə davamlı olan şəxslərdən biri kimi tanınıb: “Lakin müxtəlif iddia və versiyalar var. Kimi onun istər polis, istər digər strukturlarda mövcud olan gülənçilərin sayının minlərlə olduğunu vurğulamağını əsas götürür, kimiləri fərqli fərziyyələrdən danışır. Hər halda, rəsmi açıqlama verən baş nazir bu yöndə heç bir fikir söyləmədi, həmçinin Əfqan Alaya ehtiramını ifadə etdi. Ona görə də nazirin Türkiyədə belə qeyri-sabit dövrdə və hökumətdə kəskin dəyişikliklər zamanında vəzifəsindən getməsi bizim ölkəmizlə münasibətlərə və səfər zamanı nəzərdə tutulan planların həyata keçirilməsinə mane ola bilməz. Oturuşmuş dövlətlərdə hər şey yalnız bir məmurdan asılı olmur. Düşünürəm ki, bizim üçün Azərbaycan dövləti olaraq bu yöndə Türkiyə ilə əlaqələrimizi dərinləşdirərkən, həmçinin xəfiyyə-kəşfiyyat məlumatlarının mübadiləsini apararkən, şəxslərlə deyil, Türkiyə dövləti ilə işləməkdir. Qardaş ölkənin hakimiyyət orqanlarında kardinal dəyişikliklər həyatakeçirilməkdədir. Şükürlər olsun ki, Azərbaycanın hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti də Eldar Mahmudovun cinayətkar generallarından azad olunub. Rahat bir şəkildə FETÖ məsələsində kimin həmin təsirlərə yuvarlandığını, hansısa maraqların subyektinə çevrildiyini, ölkədə qeyri-qanuni fəaliyyət həyata keçirdiyini yaxşı bilərlər. Ramil Usubovun mühüm dövlət adamı kimi keçmişdə Azərbaycan əleyhinə olan fəaliyyətlərin qarşısında dayanmasına rəğmən, məhz onun Türkiyədə belə bir səfərdə bulunması tamamilə məntiqli hadisə idi. Düşünürəm ki, bu səfərdən sonra da Türkiyə və Azərbaycan öz maraqlarını birgə qorumaq işini davamlı etdirəcək”.
Z.Oruc onu da bildirib ki, nazirin səfərindən sonra Azərbaycanda yeni FETÖ-çülərin ortaya çıxarılması mümkündür. Dövlətin gücü ondan ibarətdir ki, mediaya sızan, mətbuatda yayılan məlumatların nə qədər doğru olduğunu sübuta yetirsin: “Azərbaycanda nə qədər gülənçilər var, onlar hansı səbəbdən bu fəaliyyətə yuvarlanıblar, məqsəd siyasi hakimiyyət uğrunda mübarizə olub, yoxsa yalnız özünün iqtisadi, maliyyə güclərini genişləndirmək üçünmü, yoxsa şantaj qarşısında bu yola gediblər, bütün bunlar dövlətin müvafiq orqanlarında analiz olunmalıdır. Ramil Usubov dərin dövlət adamıdır, ölkə rəhbərinə kifayət qədər sədaqətlidir, millətimizin təhlükəsizliyi və hüzulu yaşaması məsələsində sərt və dönməz xarakteri ilə seçilən şəxsiyyətdir. Əslində burada qətiyyətliliyin nə qədər vacib olduğunu hər kəs yaxşı başa düşür. Razılaşın ki, 20 il öncə Azərbaycanda dövlətə qarşı xəyanət planlarını həyata keçirənlərlə müqayisədə hazırda Türkiyədə terror hörgütü kimi qəbul olunan ”Hizmət" hərəkatı heç də az təhlükəli deyildir. Ona görə də yalnız siyasi bəyanatlarla deyil, mühüm kəşfiyyat məlumatları ilə həmin şəbəkəni ifşa etmək gərəkdir, lakin bu zaman heç kəsə qarşı süni şəkildə ittihamlara yol verilə bilməz, eyni zamanda gülənçi olduğu sübuta yetirilən heç kəsə də güzəşt edilməz. Başlıca məsələ, burada dəqiq hərəkət etməkdir, elə addımlar atmaqdır ki, bu məsələ Azərbaycan dövlət idarəçilik sistemini zədələməsin, parçalanma və kompromat savaşlarına rəvac verməsin. Əslində həbsə məruz qalanlar da bizim öz vətəndaşlarımızdır. Biz bilməliyik ki, onlar hansı səbəbdən belə fitnəyə gediblər. Onun fərqindəyik ki, Azərbaycan informativ, diplomatik, siyasi olaraq gülənçi hərəkatın, onu müdafiə edənlərin hədəfində olub. Rəsmi Bakını sevməyən və bu ölkəni neft çəlləyində boğacaqlarını bildirən “camaatçılar”ı əldə saxlayan xarici kəşfiyyat-siyasi mərkəzlərin bütün təzyiqlərinə və Türkiyədəki son çevrilişi demək olar ki, müdafiə etmələrinə baxmayaraq, bizim ölkəmiz özünün həyati maraqları naminə Gülən sisteminin dağıdılmasında qərarlıdır. Ondan ötrü də dövlətin əsas vəzifə sahibləri bütün bu məqamları hesablayır, lakin Türkiyənin müdafiəsində tərəddüd, ikili mövqe ola bilməz. Daxili işlər nazirinin qardaş ölkəyə səfəri də Azərbaycanın yüksək səviyyədə Türkiyəni müdafiə etməsi anlamına gəlir".
R.Usubov Azərbaycana döndükdən sonra ölkədə yeni həbslərin olub-olmayacağı barədə suala Z.Oruc belə cavab verib: “Hər halda, iki ölkənin daxili işlər naziri arasındakı görüş informasiya mübadiləsi ilə müşayiət olunub. Bunu birgə mətbuat konfransında nazirlər də dedilər. Türkiyə bütün miqyası ilə məlum hədəfə qarşı əməliyyatlarını dərinləşdirməkdədir və hər hansı nazirlərin görəvdən getməsi halında belə, mübarizəni dayandırası deyil. Ona görə də Azərbaycana təqdim oluna biləcək sənədlərin miqyası haqqında yalnız təxminlərimizi bölüşə bilərik. Güman ki, bəzi dəqiqləşdirmələr olub. Unutmayın ki, DİN məxfi xidmət və kəşfiyyat məlumatları ilə işləyən mühüm dövlət qurumudur. Bu mənada hörmətli Ramil müəllimin Azərbaycana gəldikdən sonra kimlərinsə həbs olunacağını demək mənim üçün çətindir. Lakin istisna etmirəm ki, hörmətli nazir ölkəyə FETÖ-nün Azərbaycan uzantısı ilə bağlı sözün birbaşa və siyasi mənasında müəyyən məlumat dosyesi ilə dönsün. Bu, o anlama gəlməsin ki, biz dövlət olaraq hətta özümüzə qardaş saydığımız Türkiyə Cümhuriyyətinin verdiyi siyahı ilə hərəkət edirik. Əsla. Söhbət yuxarıda bəhs etdiyimiz informasiya, kəşfiyyat məlumatlarının paylaşılmasından gedir. Lakin bütün hallarda yüksək dövlət adamı kimi nazir bu məlumatları ölkənin birinci şəxsi ilə bölüşür və prezidentin tövsiyəsi ilə gələcək qərarlar müəyyənləşir”.
Etibar SEYİDAĞA