''İlham Əliyevin qızı deyiləm, kasıb adamam''

5-09-2016, 09:42   



Qəzada qolunu itirən qadın biganəlikdən gileylidir

Nailə Həsənova Füzulidən Bakıya qızını müayinə etdirmək üçün gələrkən, özü xəstəxanalıq olub. Onları aparan avtobus yolda yük maşını ilə toqquşub. Nəticədə Travmatologiya İnstitutuna gətirilən Nailə Həsənovanın bir qolu amputasiya edilib.

Başına gələnləri Meydan TV-yə danışan qadın deyir ki, qəza yük maşınının avtobusun üzərinə gəlməsi nəticəsində baş verib. Ən ağır xəsarəti də elə özü alıb:

"Bir də gördüm ki, qabaqdan yük maşını gəlir. Öz-özümə dedim ki, bu niyə bizim üstümüzə sürür? Onunla da özümdən getmişəm. Ətrafda çoxlu polis var idi. Heç biri yaxınlaşıb maraqlanmırdı. Əksinə, deyirdilər ki, təcili yardım indi gələcək. Ancaq təcili yardım da gəlib çıxmadı".


Nailə Həsənova 15 gündən çoxdur ki, xəstəxanadadır. Yaxınları əvvəlcə qolunun kəsilməsinə icazə verməsələr də, bu qolu artıq onunla yaşam savaşında birgə addımlaya bilmir. Həkimlər onu kəsməyə məcbur qalıblar. Bir qolunu itirən Nailə Həsənova deyir ki, bugünə qədər polis ondan izahat almayıb. O, yük maşınının, avtobusun sürücüsündən də şikayətçidir:

"Nə bizi aparan avtobusun sürücüsü, nə də qəza törədən yük maşınının sürücüsü mənimlə maraqlanmayıb. Avtobusun sürücüsü də sərnişinlərə cavabdehdir. Ona pul verməsəm, məni havayı aparar? Aparmaz. Pul ödədiyimə görə aparır. Mən İlham Əliyevin qızı deyiləm, kasıb bir adamam. Gələrdilər, kömək edərdilər mənə. Həyat yoldaşım borc tapmaqdan artıq yorulub. Dərmanların hamısı bahalıdır".

Nailə Həsənova bir qolla yollarda qalıb, dərdinə çarə tapılmır. Qolunu tərpətmək üçün var-gəl edir, amma alınmır. Deyir ki, sanki qolumun üstündən daş sallanıb.

Hadisəni araşdıran baş təhqiqatçı Səfiyar Əliyev isə deyir ki, Nailə Həsənovadan izahat alınıb. Yük maşınının sürücüsü Vüqar Məhərrəmov isə izahatında bildirib ki, qarşısına çıxan atı vurmamaq üçün istiqamətini avtobusa tərəf dəyişib. Nəticədə qəza baş verib. Səfiyar Əliyev deyir ki, ekspertizanın rəyindən sonra hadisə ilə bağlı cinayət işi açılacaq.


"İkarus" markalı avtobusun sürücüsü bildirib ki, avtomobilə 10 min manat ziyan dəyib. Onun özü də yük maşınının sürücüsündən şikayətçidir.

Yük maşınını idarə edən şəxslə əlaqə yaratmaq mümkün olmayıb. Onun iş yoldaşının Meydan TV-yə verdiyi məlumata görə, sürücünün də vəziyyəti yaxşı deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.