Bir mənzilin iki nəfərə satılması ilə bağlı iddia qalmaqala səbəb oldu - FOTOLAR

6-09-2016, 11:11   
Bir mənzilin iki nəfərə satılması ilə bağlı iddia qalmaqala səbəb oldu - FOTOLAR
Rəfi İbrahim oğlu Əkbərov “İdeal-İ İnşaat” MMC-nin rəhbəri İsa Məmmədovdan şikayətçidir. Şikayətçinin sözlərinə görə, İ.Məmmədov onlara 148 min manata satdığı mənzili, ikinci dəfə qanunsuz olaraq, başqa bir nəfərə də satıb. Nəticədə onlar pulunu ödədikləri mənzillərindən kənarda qalıblar.

Şikayətçi problemin dərinləşdiyini görüncə, məsələni ictimailəşdirmək üçün musavat.com saytına müraciət edib.

O, başına gələnləri aşağıdakı kimi anladıb: “19 avqust 2015-ci ildə bacım Səbinə Əkbərovanın adına kassa mədaxil orderi, ikitərəfli müqavilə olmaqla 148 min manat dəyərində 3 otaqlı mənzil almışıq. Mənzil Xətai rayon, Xocalı prospekti 29 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 13 mərtəbəsində yerləşir və nömrəsi 884, sahəsi isə 148 kv.m-dir. Hər bir kvadratına 1000 manat olmaqla, ümumilikdə şirkətə 148 min manat pul ödəmişik. Mənzil təmirsiz idi. Növbəti ilin 22 fevral tarixində mənzili atamın adına keçirmək qərarına gəldik. Bunun üçün MMC-nin yerləşdiyi ünvana getdik. Bu proses üçün hansı sənədin lazım olduğunu soruşduq. Onlar bizə lazım olan sənədləri söylədilər. Beləliklə də 23 fevral tarixində mənzili atamın adına keçirdik. Onu da qeyd edim ki, kassa mədaxil orderi və müqavilə mənzili alan zaman bacımın adına bağlanmışdı. Onlar bu sənədləri də dəyişdilər və məbləği saxlamaqla, sadəcə adı yeniləyərək, atamın adını sənədə qeyd etdilər. Bu ilin mart ayında öyrəndik ki, bizə məxsus mənzil MMC tərəfindən Yeganə Rzayeva adlı ikinci bir şəxsə satılıb”.

Şikayətçi bildirib ki, ilk olaraq MMC tərəfindən onlara mənzillərinin satılmadığını bildiriblər. Daha sonra isə vəziyyət dəyişib: “Bu məsələni öyrəndikdən sonra İsa Məmmədovla telefon əlaqəsi saxladıq. O, bizə dedi ki, mənzilin satılması mümkün deyil. O zaman bacım dedi ki, biz mənzilə qapı qoymaq istəyirik. İsa Məmmədov da cavabında bildirdi ki, istəyirsiniz darvaza qoyun. Ora sizin şəxsi mənzilinizdir və nə istəsəniz edə bilərsiniz. Biz də bir neçə gün sonra 500 manat dəyərində qapı alıb, ora apardıq. Qapını qoyduğumuz zaman gördük ki, içəridə tikinti avadanlıqları var. Səhəri günü qapının ətrafında bərkitmə işləri aparanda bir usta yaxınlışıb, anamın ondan nə istədiyini soruşub. Usta deyib ki, mənim əşyalarım oradadır və bu mənzil də Yeganə Rzayeva adlı bir xanımındır, biz də işçilərik. Yeganə Rzayeva ilə də əlaqə saxladıq. O, bildirdi ki, 133 min verib mənzili almışam, mənzil mənimdir. Həmin zaman İsa Məmmədov Dubayda olduğu üçün köməkçisi Çingiz Məmmədov anamı qəbul edib. O da bildirib ki, mənzil satılmayıb, anlaşılmazlıq olub. İsa bəy gəlib yoluna qoyacaq. İsa Məmmədov isə gələndə bacımla anama deyib ki, siz bizim işçimzsiz (bacımla mən işçiləri olmuşuq) vəziyyətimi bilirsiz. Söylədi ki, sizin mənzili girov qoymuşam. Yeganə Rzayevaya da deyiblər ki, mənzil sizindir. Guya bizim şirkətə borcumuz var. Əgər bizim borcumuz vardısa, nə üçün mənzil bacımın adından atamın adına keçirilirdi? İkincisi də əgər elədirsə məhkəməyə verib müqaviləni ləğv etməmiş mənzili ikinci adama necə satıblar? İ.Məmmədov bizdən 2 ay müddət istədi ki, səbir edin məhkəmədən mənə mənzil qayıdacaq. Sözlərinə görə, 51 mənzillə bağlı şəriki ilə problem yaşayırdı. Həmçinin dedi ki, o zamana qədər heç bir təmir işləri də aparılmayacaq. 2 aydan sonra dedi ki, 1 ay da səbir edin. Üçüncü ay getdik, gördük ki, ev təmir olunur. Bunun səbəbini soruşanda cavab verdi ki, siz bizə bir manat da olsun, pul verməmisiniz. Halbuki, əlimizdə müqaviləmiz, digər sənədlərimiz var. Biz onlara bildirdik ki, sizi Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə şikayət edəcəyik. Bir də xəbər tutduq ki, onlar da bizi Xətai rayon Məhkəməsinə veriblər. Guya bu, cinayət işi yox, mülki işdir. Sonda Namidar Misirzadənin hakimliyi ilə məhkəmə prosesi keçirildi. Bütün sənədlərimizi ortaya qoysaq da, hər bir faktı məhkəməyə təqdim etsək də, hakim onların xeyrinə qərar çıxardı. Faktiki olaraq qarşı tərəfin vəkili nə danışacağını bilmirdi. Məhkəmənin gedişi tam haqlı olduğumuzu açıq şəkildə göstərirdi. Ancaq hakim bu və ya digər səbəbdən onların xeyrinə olan qərar çıxardı”.

Şikayətçi bildirib ki, bu MMC ilə təkcə onların deyil, bir çox sakinlərin problemləri var. Elə internetdə də axtarış etdiyimiz zaman MMC ilə bağlı bir sıra bu kimi şikayət halları ilə rastlaşdıq.

Məsələ ilə bağlı MMC-nin rəhbəri, yazıda adı hallanan İsa Məmmədovla əlaqə saxladıq. İ.Məmmədov isə şikayətçinin fikirlərinin yalan olduğunu bildirdi: “Bu işlə bağlı bizim xeyrimizə əlimizdə məhkəmə qətnaməsi var. Rəfi Əkbərov bizimlə işləyib. Xahişini nəzərə alıb ona ev vermişik. Mənzilin pulunu ödəmədilər, sonra da başladılar, bizə şər atmağa... Məhkəmədə də onları hakim dinlədi və qanuni formada bizim xeyrimizə qərar çıxardı. Bizim yaxşılığımız bu olub ki, işə götürmüşük, inanıb ev vermişik. Dedi ki, evimizi satacağıq, sonra qalanını ipoteka ilə götürüb ödəyəcəm. Sonra da başladılar, dələduzluq yoluna əl atmağa... Bizə bir manat da olsa, bu adamlar pul ödəməyiblər. Onun pulu var ki, bizə pul ödəyə..? İkincisi də müqavilə birinci qızının adında olub, sonra isə özünün... Heç bir müqavilədə də ödəniş kağızı yoxdur. Sonra gəldilər ki, bankdan ipoteka götürmək istəyirik. Biz onların əllərində olan sənədləri, həmin zaman verdik. Bankdan da onlara ipoteka vermədilər. Onlar da başladılar, bu kimi yollara əl atmağa... Məsələyə məhkəmə qərar verib. Ev indi də heç kimə satılmayıb. Məhkəmədən də nümayəndələr gəlib, həmin şəxsin vəkili ilə bərabər evə baxış etdilər. Baxışdan sonra məhkəmə davam edib. Söylənilənlər yalandır və bizə qarşı atılan böhtandır”.




Əli Rais,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.