Məşuqəsi ilə birləşərək ərini qətlə yetirən, onun meyitini doğrayaraq hissələrə parçalayan, cəsədi paytaxtdan İsmayıllıya apararaq oradakı meşəlikdə basdıran cütlüyün – Sədi Məmmədovun və Lalə Mahmudovanın cinayət işi üzrə məhkəmə istintaqı davam edir. Prosesə hakim Əfqan Hacıyev sədrlik edir.
Sözügedən qətl hadisəsi ötən ilin sentyabr ayının 26-da baş verib. İşdən evə sağ-salamat qayıdan Kamran Mahmudov elə həmin gecə yatdığı yerdə vəhşicəsinə qətlə yetirilib. Ailə başçısının bu cür qəddarlıqla öldürülməsinə səbəb nə olub?
İlk dəfə 2014-cü ilin may ayında qətl planını həyata keçirmək istəyiblər
Kamran Mahmudovun telefonuna zəng çatmadığını görən qardaşı Elçin Mahmudov polisə müraciət edib. Virtualaz.org saytının xəbərinə görə, əvvəlcə mərhumun itkin düşməsi versiyası ortaya atılıb. Buna səbəb Lalənin izi azdıraraq ərinin xarici pasportunun evdə olmadığını deməsi olub. Daha sonra məlum olub ki, əslində Kamran nəinki ölkədən, heç şəhərdən kənara çıxmayıbmış. Çox keçmir ki, tibb bacısı işləyən Lalənin zərgər sevgilisi Sədi ilə birləşərək Kamranı qəddarcasına qətlə yetirdiyi bəlli olur.
Hər ikisi ailəli olan Lalə ilə Sədi arasında sevgi münasibətləri 6 il öncə başlayıb. Belə ki, qızıl və gümüş məmulatlarının alqı-satqısı ilə məşğul olan Sədi Lalənin anasına məxsus mağazanı icarəyə götürüb. Onların ilk tanışlıqları da buradan başlayıb. Aralarında əvvəlcə işgüzar, daha sonrasa sevgi münasibətləri yaranıb. Cütlük əvvəlcə gözdən iraq yerlərdə – müxtəlif otellerdə görüşsə də, sonradan Sədi qadının evinə ayaq açıb. Bu münasibətlər getdikcə intensiv şəkil alıb və Lalə ərindən, ailəsindən büsbütün soyuyub. L.Mahmudova isə istintaqa verdiyi ifadəsində bunun səbəbini Kamranın ona diqqət, qayğı göstərməməsi ilə izah edib. Son zamanlar Lalənin özünə əvvəlkinə nisbətən daha çox fikir verməsi, bəzənib-düzənməsi ərinin gözündən yayınmayıb, arvadından şübhələnməyə başlayıb.
Nəhayət, sonda Kamranı öldürüb özlərinə yeni həyat qurmağı planlaşdırıblar. Təklif qadının sevgilisindən – Sədi Məmmədovdan gəlib. İstintaqa verdiyi ifadəsində Sədi göstərib ki, Lalə dəfələrlə ərindən boşanamağa cəhd etsə də, alınmayıb. Ərinin ondan şübhələndiyini sevgilisinə çatdırdıqdan sonra Sədi qətl planını reallaşdıracaqları günü dəqiqləşdirib. İlk dəfə 2014-cü ilin may ayında qətl planını həyata keçirmək istəyiblər. Amma Sədi Məmmədovun motosikletlə qəza törətməsi onların cızdığı planı ertələyib. Belə ki, S.Məmmədovun uzun müddət xəstə yatması səbəbindən cinayəti təxirə salmağa məcbur olublar. Tam bir il keçdikdən sonra isə sözügedən amansız qətli reallaşdırıblar.
” Planlaşdırdığımız kimi də oldu”
2015-ci ilin sentyabr ayının ortalarından etibarən L.Mahmudova və S.Məmmədov Kamranı necə öldürməklə bağlı söhbətlər aparıblar. İmkan düşən kimi bu qətli həyata keçirmək üçün S.Məmmədov sellofan torbalar, torbaları bağlamaq üçün ilgəklər alaraq Laləyə verib. Lalə həmin əşyaları özünə məxsus avtomobilə qoyaraq yaşadığı mənzilə gətirərək orada gizlədib: “Lalə bir gün ərinin ondan şübhələndiyini dedi və birlikdə Kamranı öldürməyi planlaşdırdıq. Plana görə, Lalə qapını açmalı, mən Kamranı yatdığı yerdə öldürüb, bədənini doğrayıb İsmayıllı rayonuna aparıb basdırmalı idim. Sentyabrın ortalarında meyiti yığmaq üçün sellofan torbalar və xomutlar alıb Laləyə verdim, evə apardı.”
Sentyabrın 26-da S.Məmmədov Laləyə “WhatsApp”la mesaj yazaraq, əri evə gəldikrən sonra ona xəbər verməsini və mənzilin qapısını açıq qoymasını tapşırıb: “Hadisədən 1-2 gün əvvəl “Makdonalds”da Lalə ilə görüşüb qətli necə edəcəyimizi bir daha razılaşdırdıq. Lalə dedi ki, Kamranın evə gəlməsi və yatması barədə mənə məlumat verəcək, sonra qapını açacaq və mən evə daxil olacağam. Planlaşdırdığımız kimi də oldu. “
“Kamranın parçalarını 15 torbaya yığıb ağzını xomutla bağladım“
Gecə saatlarında Kamran Mahmudov evə gəldikdən sonra Lalə bu barədə Sədini məlumatlandırıb. S.Məmmədov özü ilə odlu silah götürərək Lalənin yaşadığı ünvana yollanıb. Mənzilə daxil olaraq Kamranın yatdığı otağa keçib, ona baş nahiyəsindən üç dəfə atəş açıb. Öldüyündən əmin olduqdan sonra meyiti sürüyərək hamama gətiriblər. Kamranın başı içəridə, ayaqları isə dəhlizdə qalıb. Meyiti çəkərək ayaqlarını da içəri salıblar. Sonra Sədi özü ilə gətirdiyi çantadan mətbəx bıçağı və dəmirkəsən mişarı götürüb, vanna otağını bağlayıb: “Çantamda silah, bıçaq və dəmir kəsən mişar götürmüşdüm. Silahı çıxarıb Kamran yatan otağa girdim. Lalə mətbəxə keçib gözləməyə başladı. Kamranın başının arxasından bir güllə vurdum, sonra dəhlizə qayıtdım. Laləyə “vsyo” dedim. O da Kamranın başının qanı otağa bulaşmasın deyə sellofan torbanı mənə verdi. Təkrar Kamran yatan otağa girib onun başına 2 güllə sıxdım, sonra xırıltı səsi tam kəsildi. Torbanı Kamranın başına keçirtdim. Lalə ilə birgə meyiti sürüyərək hamam otağına apardıq. Laləyə çölə çıxmasını dedim, qapını bağladım, Kamranın paltarlarını çıxarıb bədənini bıçaq, sümüklərini dəmir kəsən mişarla doğramağa başladım. Təxminən iki saat meyiti hissələrə ayırdım. Laləni çağırıb sellofanları verməsini dedim. O, parçalanmış meyiti görməmək üçün otağa baxmadan sellofanları verdi. Kamranın parçalarını 15 torbaya yığıb ağzını xomutla bağladım. Sonra onları Laləyə verdim, o da dəhlizdə divara söykəyib yığırdı. Hamamda qanı yudum, özüm də yuyundum, yorulduğum üçün biraz dincəldim. Sonra torbaları daşıyıb maşınıma yığdım. Öz evimə gedib paltarımı dəyişib, İsmayıllıya, Talıstan kəndinə getdim”.
Yolda qardaşım Əliyə zəng edib ağac əkmək üçün yer qazmasını istədim. Ora çatandan sonra qazılan yeri biraz da genişləndirdim, Kamranın cəsədinin hissələrini torbalardan çıxarıb çuxura töküb üstünü basdırdım. İzi itirmək üçün ora çınqıl töküb, üstündə ocaq qaladım. Kamranın paltarlarını da özümlə götürmüşdüm, onları da ocaqda yandırdım. Silahı yardımçı evdə gizlədib, getdim. Peşmanam”.
“Mənə Kamranı öldürməyi təklif etdi, razılaşdım”
“Kamran Nərimanov rayonunda “Fullmart” marketin direktoru idi. Maddi imkanı yaxşı olsa da, ailəmizi təmin edə bilmirdi. İşləməyimə etiraz edirdi, mənə qadın kimi diqqət ayırmırdı, gəzməyə aparmırdı, sekslə məşğul olanda yalnız özünü fikirləşirdi, bir kişi kimi məni təmin etmirdi. Təxminən 4 il əvvəl anamın qızıl alqı-satqısı dükanını icarəyə verdiyi Sədi ilə tanış oldum, evli olduğunu, 2 oğlu olduğunu bilirdim. Sonralar münasibətlərimiz istiləşdi, Kamran evdə olmayanda gecə saat 1-2 radələrində uşaqları yatırıb Sədini çağırırdım, intim əlaqədə olurduq.
2014-cü ildə Sədi ilə gizli görüşməkdən bezdim, Kamrana boşanmaq istədiyimi dedim, razılaşmadı. Sədini sevirdim, onunla evlənmək istəyirdim, amma arvadından boşanmasını istəmirdim. Sədi mənim üçün əsl kişi idi. Bir gün mənə Kamranı öldürməyi təklif etdi, razılaşdım. Amma Sədinin qəzaya düşməsi bu planımızı təxirə saldı. O yeriməyə başlayandan sonra təkrar planı reallaşdırmaq qərarına gəldik. Sentyabrın 25-i axşam Sədiyə “Line”da mesaj yazıb Kamranın evə gəldiyini və bərk yatdığını dedim, sonra mesajları sildim. Qapını açdım, Sədi otağa keçdi, mən mətbəxdə gözlədim. Bir neçə dəqiqə sonra taqqıltı və xırıltı səsi eşitdim. Bildim ki, Sədi Kamranı güllələyib, o da xırıldayır”.
L.Mahmudova ondan sonra baş verənlər haqda S.Məmmədovun dediklərinə oxşar ifadə verib. Sonda ərinin öldürülməsindən peşman olmadığını deyib: “Bircə hadisənin üstünün açılmasına görə peşmanam. Mən Sədi ilə birgə olmaq istəyirdim. Kamrandan boşansaydım da, yenə uşaqları görmək adı ilə bizi narahat edəcəkdi”.
Bir qətlin izi ilə və kamera görüntüləri
Ertəsi gün Kamranın qohum-əqrəbası onu axtarmağa başlayıb. Lalə isə onlara deyib ki, saat 9-da evdən çıxıb işə gedəndə Kamran evdə yatırmış. Mərhumun qardaşı Elçin Mahmudov istintaqa ifadəsində bildirib ki, qardaşının itkin düşməsi ilə bağlı polisə müraciət etmək istəyəndə Lalə ona evdən 12 min dolların oğurlanmasını deməməsini xahiş edib. Lalənin bu sözləri Elçini şübhələndirib. Belə ki, qətldən iki ay əvvəl Kamranın evindən naməlum şəraitdə 12 min dollar pul yoxa çıxıb. Pulun kim tərəfindən götürülməsini araşdırarkən onlarda şübhə yaranıb ki, pulu Lalənin qardaşı qızı oğurlayıb və görüşdüyü oğlana vermiş ola bilər. Elçin qardaşının evindən çıxarkən yaxınlıqdakı “İzmir Plaza”nın müşahidə kamrerasını görüb. Onlardan xahiş edərək, həmin gecənin kamera görüntülərini alıb. Elçin kamera görüntülərində müşahidə edib ki, qardaşı Kamran sentyabrın 26-da gecə saat 01:20 dəqiqədə evə gəlib, ondan 10 dəqiqə sonra 10 KA 009 dövlət qeydiyyat nişanlı, BMW markalı naməlum avtomobil gələrək Kamranın avtomobili ilə üzbəüz saxlayıb. Həmin sürücü bir müddət avtomobildə oturub. Saat təxminən 03:00 radələrində düşərək qardaşının yaşadığı mənzilin dəhlizinə daxil olur. Müəyyən müddət keçəndən sonra isə həmin sürücü polietilen torbalarda nəsə daşıyaraq avtomobilə yığır. Elçin bu şübhəli şəxs barəsində polisə məlumat verir və görüntüləri onlara təqdim edir. Bununla da işin üstü açılır.
Qətlə yetirilən K.Mahmudovun qardaşı Elçin Mahmudov qətl ərəfəsində baş verənlərdən danışıb: “Əvvəla onu deyim ki, məhkəmə prosesinin qapalı keçirilməsi bizim üçün müəmmalı oldu. Müəyyən detallar ictimaiyyətdən gizli saxlanıldı. Cəmiyyət bilməli idi ki, söhbət necə olub. Məhkəmədə Lalə hər şeyi boynundan atır, guya ki, əvvəldən qətl törədiləcəyindən məlumatı olmayıb. Onun ifadəsinə görə, Sədi Kamranı öldürüb, doğrayıb, daşıyıb maşına yığandan sonra Laləyə onu öldürdüyünü deyib. Sədi də məhkəmədə dedi ki, əvvəldən Kamranı öldürmək istəməyib, ani qərar verib. Sual verdilər ki, bəs silah niyə üstündə idi? Dedi mənim düşmənlərim var, ona görə maşınımda daim silah gəzdirirəm. Sədi qətldən əvvəl qəzaya düşüb deyə ağır şey qaldıra bilmir. Ondan soruşduq ki, cəsədi basdırdıqları yerin üstünə qoyulan ağır setka torbalarını necə qaldırıb? Cavab verə bilmədi. Çünki özü etməyib. Ona qardaşı Əli kömək edib. Bundan başqa, qətldən Lalənin anası Tacirənin, qardaşı qızının da xəbəri olub, amma gizlədiblər. Lalə qətl gecəsi Kamranın bütün şalvarlarının ayağını kəsib, bizə də deyirdi ki, Kamran vəhabilərə qoşulmuşdu. İndi də vəkilləri onları öyrədir, hər dəfə fərqli bir şey deyirlər”.
Qeyd edək ki, hazırda qətl hadisəsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində proses gedir.
/azpolitika.info/