Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri Elnur Aslanov hələ də vətənə dönməyib. Cumhuriyyet.az xəbər verir ki, FƏTÖ-ya qarşı mübarizə başladığı ərəfədə ölkəni tərk edərək məzuniyyətə çıxan şöbə müdiri işinin başına qayıtmayıb. E.Aslanovun məzuniyyətə çıxdığını nazirliyin sözçüsü də təsdiqləmişdi və nə vaxt qayıdacağını təxmin etməmişdi. Əmək Məcəlləsinə görə məzuniyyət müddəti 21 gün, bəzi strukturlarda 30 gün ola bilər.
Nazirliyin şöbə müdirinin isə məzuniyyət müddəti çoxdan başa çatıb. Onun ölkəyə qayıdacağı isə bilinmir. İqtidar mediasının da onun barəsində yazmasından ehtimal etmək olar ki, E.Aslanov üçün həbs təhlükəsi var. Hər halda dünənə kimi E.Aslanov haqda iqtidar mətbuatında neqativ yazılar dərc olunmamışdı. İndisə onun FƏTÖ-nun Bakıdakı əsas qanadı kimi təqdim olunması deməyə əsas verir ki, şöbə müdiri üçün həbs təhlükəsi sovuşmayıb. Üstəlik, rəsmi Ankara prezident İlham Əliyevə Gülən şəbəkəsinə qarşı apardığı mübarizəyə görə təşəkkür edib. Bu halda E.Aslanovun vətənə dönüşü riskli addım olardı.
Cumhuriyyet.az xəbər verir ki, Prezident Administrasiyasında şöbə müdiri olmuş və 2014-cü ildə işindən kənarlaşdırılmış E.Aslanov baş gülənçi hesab olunur. Onun Fətullah Gülənə “hocam” xitabı ilə başlayan məktubunun ictimailəşməsi müqəddaratını həll edib. Aslanovla yanaşı Ceyhun Osmanlı və digərlərinin də adı FƏTÖ-ya bağlılıqda hallansa da, əsas şimşəklər sabiq PA rəsmisinin üzərinə fokuslanıb. Xatırladaq ki, E.Aslanovun Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad olunması barədə prezident 2014-cü il, martın 17-də sərəncam imzalanmışdı.