Şeyxin ərəb turistlərin Bakıya gəlişindən narahatlığının pərdəarxası

29-09-2016, 09:26   
Şeyxin ərəb turistlərin Bakıya gəlişindən narahatlığının pərdəarxası

Allahşükür Paşazadə “ onların gətirdikləri sərmayə lazım deyil” söyləyir; politoloq isə “təhlükə yoxdur, turizmin inkişafından narahat olmağa dəyməz”, deyir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Azərbaycana axın edən turistlər barədə verdiyi açıqlama müzakirələrə səbəb olub. “Report”un verdiyi məlumata görə, Şeyx bildirib ki, Azərbaycana turist kimi gələn, amma dini məsələlərə qarışan qonaqlar diqqətdə saxlanmalıdır.

Onun sözlərinə görə, gələn qonaq sakitcə məsciddə namaz qılıb gedərsə, bu, problem deyil: “Amma elə qonaqlar olur ki, dini işlərə qarışır. Təriqət məsələlərini qabartmaq və qarışıqlıq salmaq istəyirlər. Buna yol vermək olmaz. Onlar Azərbaycanda qarışıqlıq salmaqla fəlakətə səbəb olacaqlarsa, gətirdikləri sərmayə lazım deyil”.

QMİ rəhbərinin ölkəmizdə olan turistlərdən narahatlığı maraq doğurmaya bilməz. Onun fikirlərinin ətrafında mövqelər müxtəlifdir. Bir qisim hesab edir ki, şeyxdə Azərbaycanda olan ərəb turistlərinin dini proseslərə müdaxilə edə biləcəkləri barədə xəbərlər var və QMİ rəhbəri bundan çıxış edərək, narahatlığını dilə gətirir. Digər bir qisim isə düşünür ki, ölkəmizə gələn turistlərin əsasən sünni məzhəbinə aid olması, bəzilərinin isə radikal dini cərəyanlara mənsub olduğu üçün şeyx əsasən şiə ölkəsi olaraq Azərbaycanda bunun ciddi fəsadlar törədə biləcəyini zənn edir.

Image result for Qabil hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, turistlərin Azərbaycanda qarışıqlıq yaratmaq, bu istiqamətdə iş görmələri barədə dəqiq məlumat yoxdur: “Azərbaycana artıq ərəb turistlərinin axını başlayıb. Azərbaycan turizmdən ciddi gəlir götürmə mərhələsinə qədəm qoyub. Xalqımız da turizmə yavaş-yavaş alışmağa başlayıb. Məsələn, ərəb turistləri ilk dəfə ölkəmizə gələndə onların yüksək tonla danışmaları bizdə qıcıq oyadırdı. Amma qalan hərəkətləri normal idi. Onların gəlişlərinin Azərbaycanı görmək, burada istirahət etmək arzusundan irəli gəldiyini görmək mümkündür. Ola bilər ki, xarici xüsusi xidmət orqanları, yaxud başqa pozucu qüvvələr bunların beynini doldurub, nəsə pozucu işlər görməyə təhrik etsinlər. Amma Azərbaycanda hüquq-mühafizə və xüsusi xidmət orqanlarının fəaliyyəti kifayət qədər güclüdür. Əslində turist dəstələri xüsusi müşahidə altında bəlli yerlərə gedirlər, bəlli yerlərdə qalırlar, ölkəmizin görməli yerlərini bu şəkildə gəzirlər. Onların insanlarla təmasları da olur. Xüsusən Bakı şəhərində gəzərkən onları sərbəst buraxırlar. Amma turistlər və bizimkilər bir-birilərinin dillərini bilmirlər.

Image result for Ərəb Turistlər

Yəni qarşılıqlı təmas qurmaq o qədər də asan deyil. Bəli, biz ehtiyatlı olmalı, dövlətçiliyimizi qorumalıyıq. Dini zəmində müxtəlif qarşıdurma yaradanlara qarşı barışmaz olmalıyıq. Amma bunlara görə turist axınının qarşısını almaq, turizmi dayandırmaq düzgün olmazdı. Sadəcə olaraq, bu işdə məsuliyyət daşıyan dövlət orqanları ayıq-sayıq olmalıdırlar. İmkan verilməməlidir ki, onlar dini baxışlarını ölkəmizdə olan dini baxışlara qarşı qoysunlar. Ondan bir təbliğat vasitəsi kimi istifadə edərək, bir növ qarışıqlıq yaratsınlar.

Belə hallar hələ ki bu il baş vermədi. Gələcəkdə də baş verməməsi üçün Azərbaycanın hakimiyyət orqanlarından çox şey asılıdır. Azərbaycana gələn turistlərin çoxu sünni ərəblər idilər. Səudiyyə Ərəbistanının təəssübkeşi olanlar daha çox idilər. Görünür, bizim şiə mənsubiyyətimiz və onların sünni mənsubiyyətə daxil olmalarının problem yarada biləcəyini düşünən şeyx bu səbəbdən əndişələnir. Zənnimcə, əndişələnmək üçün hələ ki yetərincə faktlar yoxdur. Turizmin inkişafından hələlik narahat olmağa dəyməz”.

Cavanşir ABBASLI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.