«The Guardian»:Belə görüşlər legitimliyi şübhəli olan Əliyev üçün çox vacibdir

4-10-2016, 12:29   



«Azərbaycan dissidentləri Qərbi Bakının dəbdəbəli görünüşünə aldanmamağa çağırır».

Böyük Britaniyanın «The Guardian» qəzetində Joshua Kucera-nın Azərbaycan haqda məqaləsi belə adlanır.

Müəllif yazısını Bakıdakı gözəl tikililərin, parkların, bahalı brendlərin toplandığı ticarət mərkəzlərinin təsviri ilə başlayır. Amma neftin qiyməti düşən kimi şəhərin daha əvvəlki qədər bərq vurmadığını, parkların baxımsız, nəhəng tikinti layihələrinin yarımçıq qaldığını yazır.


«ÖZLƏRİNƏ PROBLEM YARATMAQ İSTƏMİRLƏR»

Məqalənin əsas mövzusu bu geriləmənin fonunda keçirilən referendumdan öncə və sonra baş verənlərdir. Müəllif yazır ki, referendum hakimiyyətin özünə təhlükə yaradan iqtisadi böhrana aqressiv cavabıdır. Səsvermədən əvvəl dövlət jurnalist və dissidentlərin təqibini o səviyyəyə çatdırıb ki, BMT-nin xüsusi məruzəçisi Michel Forst Azərbaycanda vətəndaş cəmiyyətinin iflic halda olduğunu, 1991-ci ildən – müstəqillik əldə olunandan bəri ən pis duruma düşdüyünü deyib.

Buna da bax-BMT məruzəçisi: ‘Onlar xain yox, qəhrəmandırlar’
Müəllif Azərbaycanda repressiyanın güclənməsi haqda məlumatların kimsəni təəccübləndirmədiyini, Azərbaycanın keçmiş Sovet ölkələri arasında ən avtoritar rejimlərdən biri olduğunu qeyd edir. Onun sözlərinə görə, «fövqəladə səslənən son vaxtlar Azərbaycanda vəziyyətin yaxşılaşması barədə deyilənlərdir».

Qəzet yazda Azərbaycanda xeyli siyasi məhbusun azadlığa buraxıldığını və elə həmin vaxtdan dövlət rəsmilərinin Qərblə bağlı tənqidləri dayandırdığını xatırladır. Tarixçi, Azərbaycanın tanınan ziyalılarından olan Altay Göyüşov «The Guardian»a müsahibəsində bu dəyişikliyin zahiri xarakter daşıdığını, Qərbin güzəştlərinə nail olmaq istəyən hökumətin taktikaya əl atdığını deyib: «Bir il əvvəl mən müəyyən şeyləri deməkdən çəkinirdim, çünki cəzalanacağımı bilirdim. İndi görürəm ki, onlar tanınan adamları tutmaq, özlərinə problem yaratmaq istəmirlər».


Siyasi fəalların fikrincə, hökumətin bəzən geriyə çəkilməyi iqtisadi böhranın nəticəsidir. Bu bahar azadlığa buraxılanlardan biri, araşdırmaçı-jurnalist Xədicə İsmayılova deyir ki, Azərbaycan hökumətinin pula ehtiyacı var…və «bu pulu verə bilən Qərb institutları hökumətin qarşısında, yəqin ki, şərt qoyurlar», şəffaflıq tələb edirlər. «Məhz buna görə indi hökumət QHT-lərə guya şərait yaratmağa çalışır. Amma bütün bunlar imitasiyadır. Onlar məhbusları buraxırlar, amma QHT-lərin fəaliyyətinə imkan vermirlər».

X.İsmayılova həbsdən çıxandan sonra «The Washington Post» da dərc olunan yazısında Qərb liderlərini Azərbaycan hökumətinin siyasi məhbuslardan «alver predmeti» kimi istifadəsinə yol verməməyə çağırmışdı.

Keçmiş məhbuslardan biri, «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov deyir ki, hökumət Birləşmiş Ştatlar və Avropa ilə bir qədər ehtiyatlı davranmaq qərarına gəlib və siyasi məhbusları Qərblə oyunlarında bir vasitəyə çevirib. Onun fikrincə, «Avropanın insan haqlarını müdafiəsi əməldən çox sözdədir».


KOSMETİK MARAQLAR

«The Guardian» diqqəti Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqton səfərinə çəkir, prezidentin Amerikanın paytaxtına martda, siyasi məhbuslar azad olunandan 2 həftə sonra getdiyini vurğulayır. Müəllif Əliyevin Birləşmiş Ştatlar prezidenti Barack Obama ilə şəkil çəkdirdiyini, vitse-prezident Joe Biden-lə görüşdüyünü, görüş zamanı Biden-in Azərbaycanda siyasi məhbusların azadlığa buraxılmasını alqışladığını qeyd edir. Yazır ki, bu görüntülər legitimliyi şübhəli olan İlham Əliyev kimi liderlərdən ötrü çox vacibdir.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Corc Meyson Universitetinin professoru Richard Kauzlarich «The Guardian»a deyib ki, Əliyevin Biden-lə görüşə nail olması Xədicə İsmayılova kimi siyasi məhbusların vasitəyə çevrildiyini sərgiləyib.

Altay Göyüşov söyləyir ki, Birləşmiş Ştatların bu cür kosmetik islahatlara reaksiyası onun Azərbaycanın demokratik ölkəyə çevrilməsiylə bağlı maraqlarının da kosmetik olduğunu göstərir.

Azərbaycan ordusunun durumuna etiraz aksiyalarının təşkilinə görə 3 il həbsdə yatmış Rəşadət Axundov isə Qərbin son aylar Azərbaycanla bağlı tənqidləri azaltdığını hiss etdiyini bildirir. «Əmin deyiləm, amma bəlkə də bir pərdəarxası razılaşma var», – Rəşadət Axundov «The Guardian»a müsahibəsində belə deyir.

(azadliq.org)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.