NAXÇIVANIN GİZLİ SAXLANAN BƏZİ HƏQİQƏTLƏRİ - 300 milyonluq dotasiyanın pərdəarxası

4-10-2016, 13:51   

Bir neçə gün əvvəl Azərbaycanın 2017-ci il üçün Dövlət büdcəsi layihəsində nəzərdə tutulan gəlir və xərclər açıqlandı. Nazirlər Kabinetinin məlumatına görə, gələn ilin büdcə layihəsində gəlirlər 15 milyard 955 milyon manat, xərclər isə 16 milyard 600 milyon manat məbləğində nəzərdə tutulub.

Gəlirlərin 15 milyard 312 milyon 619 min manatını mərkəzləşdirilmiş, 642 milyon 381 min manatını isə yerli gəlirlər təşkil edəcək. Xərclərin isə 15 milyard 881 milyon 730 min manatı mərkəzləşdirilmiş, 718 mlyon 270 min manatı isə yerli xərclərdən ibarət olacaq.

Şəhər və rayonlara “nə qazanırsınız, onu da xərcləyin, neft pulu qurtardı” mesajı verildi!

budget2015Büdcə layihəsində ən çox diqqət çəkən məqamlardan biri yerli xərclərin, yəni şəhər və rayonlara ayrılan vəsaitlərin kəskin azaldılmasıdır. Belə ki, 2017-ci il dövlət büdcəsinin yerli xərcləri 718, 3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 820 milyon manat və ya 53,3 faiz azdır. 2015-ci ildə dövlət büdcəsinin yerli xərcləri təxminən 1,7 milyard manat (həmin dövr üçün dollarla ifadədə təxminən 2,2 milyard dollar) olmuşdusa, 2016-cı ildə bu rəqəm 1 milyard 550 milyon manata, gələn il üçün isə 718 milyon manata (təxminən 500 milyon dollara) endirilib. Yəni, şəhər və rayonların büdcəsinin ötən ilə nisbətən yarıdan da artıq hissəsi “qayçılanıb”. 2015-ci illə müqayisədə isə real olaraq 4 dəfədən artıq azaldılıb.

Xərclərin azalmasının əsas səbəbi kimi təhsil (məktəbəqədər uşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləri istisna olmaqla) və mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin xərclərinin yerli xərclərdən çıxarılaraq, mərkəzləşdirilmiş xərclərə aid edilməsi göstərilsə də, bu arqumentin vəziyyəti pərdələmək məqsədi daşıdığını söyləmək olar.

Əslində ölkədə ciddi maliyyə problemi yarandığından, büdcədən əvvəlki illərdə şəhər və rayonlara ayrılan vəsaitlərin böyük hissəsinin ləğv edildiyi şübhə doğurmur. Məhz bu məqsədlə şəhər və rayonlara dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımı (dotasiya) kəskin azaldılıb. Belə ki, 2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiyanın yerli xərclərin tərkibində xüsusi çəkisi 10,6 faizə endirilib. Daha dəqiqi, əvvəlki illə müqayisədə 743,5 mln. manat və ya 42,7 faiz azaldılıb. Yəni, faktiki olaraq şəhər və rayonlara “nə qazanırsınız, onu da xərcləyin, neft pulu qurtardı” mesajı verilib.

Böyük ixtisarlara hazırlıq: dotasiya kəsilib, yerli gəlirlər azalıb

скачанные файлыBuna görə də bir çox rayonların dotasiyası ümumiyyətlə kəsilib, onların üzərinə xərclərinin öz kiçik həcmli yerli büdcələrinin hesabına ödəmək öhdəliyi qoyulub. Bununla da gələn ilin büdcə layihəsinə görə, yerli gəlirləri öz hesabına təmin edəcək rayon və şəhərlərin sayı 33-ə çatdırılıb. İndiyədək Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları büdcədən dotasiya almırdılarsa, gələn il onlara Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları da qoşulacaq.
Digərlərinə isə xərclərinin ən yaxşı halda 10-15 faizinin mərkəzi büdcədən verilməsi nəzərdə tutulub. Ancaq dotasiyanın bu şəkildə azaldılması heç də yerli gəlirlərin artması ilə bağl deyil. Əksinə, proqnozlar gələn il yerli gəlirlərin də əhəmiyyətli dərəcədə azalacağını göstərir. Belə ki, əgər 2015-ci ildə yerli gəlirlər təxminən 840 milyon manat (həmin dövr üçün dollarla ifadədə təxminən 1 milyard dollar) olmuşdusa, bu il 766 milyon (təxminən 500 milyon dollar), gələn ilin büdcəsində isə 642,4 milyon manat (təxminən 400 milyon dollar) proqnozlaşdırılır. Bunun nəticəsi şəhər və rayonların yerli büdcəsinin kəskin şəkildə azalmasında özünü göstərir.

Bu, əslində gələn il dövlət aparatında ciddi ixtisarların olacağının da siqnalı hesab edilə bilər. Açıq görsənir ki, hökumət bir sıra dövlət orqanlarını birləşdirməyə, bəzilərini hətta ləğv etməyə hazırlaşır.

Ənənə dəyişmədi - Naxçıvana ayrılan dotasiya yenə yüksək səviyyədə saxlanıldı

imagesŞəhər və rayonların büdcəsinin belə kəskin azaldıldığı bir şəraitdə diqqəti cəlb edən məqamlardan biri də, Naxçıvan Muxtar Respublikasına (MR) ayrılan dotasiyanın, təxminən eyni səviyyədə saxlanılmasıdır. Belə ki, gələn il üçün Naxçıvan MR-in büdcəsinin gəlir və xərcləri bərabər olaraq 351,4 mln manat proqnozlaşdırılıb. Bunun 69 mln. manatı daxili potensial hesabına, 282,4 mln. manatı isə dotasiyalar hesabına formalaşacaq. Yəni bu il Naxçıvanın büdcəsində dotasiyanın həcmi 80,4%-dirsə, gələn il 80,3 faiz olacaq.
Əvvəlki illə müqayisədə Naxçıvan MR-ə dövlət büdcəsindən ayrılan dotasiyanın məbləği 15,2 mln. manat azalsa da, faiz nisbətində dotasiyanın həcmi dəyişməyib.

Hər kəsi düşündürən 2 sual

manatBu da Naxçıvan MR-in hər il yerli büdcəsinin 80-81 faizini mərkəzi büdcədən aldığı dotasiya ilə formalaşdırmaq ənənəsinə toxunulmadığını göstərir. Belədə – əvvala, ayrılan dotasiyanın MR-in ehtiyaclarına adekvat olub-olmaması, ikincisi isə Naxçıvanın yerli büdcəsinin niyə belə az olduğu sualları yaranır.
Birinci sualın cavabını, digər şəhər və rayonlarda adambaşına düşən vəsaitlə, Naxçıvan MR-də düşən vəsaiti müqayisə edərək tapmaq olar.
İkinci suala iki variantda baxılmalıdır: ya Naxçıvan MR-in iqtisadiyyatının real göstəriciləri şişirdilir, ya da muxtariyyatda kölgə iqtisadiyyatı yüksək səviyyədədir və vergi potensialından tam istifadə olunmur.

Naxçıvanda adambaşına 791, Lənkəranda 73 manat…

Birinci sualla bağlı aparılan müqayisəli təhlil göstərir ki, hökumət mərkəzi büdcədən Naxçıvana digər regionlara nisbətən, xeyli miqdarda artıq vəsait ayırır. Naxçıvandan fərqi olaraq dıgər şəhər və royanların çoxu mərkəzi büdcədən ya ümumiyyətlə pay almır, ya da 10 dəfələrlə az alır. Bu onların yerli büdcəsinin heç də böyük olması anlamına gəlmir. Sədəcə hökumət hansısa səbəbdən Naxçıvana büdcədən daha böyük miqdarda pay ayırır. 33 şəhər və rayonun dotasiyasının kəsildiyi, qalanlarının mərkəzi büdcədən asılılığı 10-20 faizin arasında olduğu halda, Naxçıvanın büdcə xərclərinin 80,3 faizinin mərkəzdən verilməsi bunu əyani sübut edir. Bunu başqa bir sadə müqayisə ilə də görmək olar.
1463392819_aaaaBelə ki, şəhər və rayonların büdcəsi ilə Naxçıvanın büdcəsini adambaşına böldükdə də ikincinin xeyrinə böyük fərq yaranır. 2016-cı ilin rəsmi statistikasına görə, Naxçıvan əhalisinin sayı 444 min nəfər olub. Gələn il üçün MR-in büdcəsini əhalinin sayına böldükdə, adambaşına, təxminən 791 manat düşür. Bu rəqəm Sumqayıtda 250 manat (büdcəsi 84, 1 milyon, əhalisi 336 min 200 nəfər), Mingəçevirdə 200 manat (büdcəsi 20, 47 milyon, əhalisi 102 min 400 nəfər), Gəncədə 132 manat (büdcəsi 43, 75 milyon, əhalisi 330 min 100 nəfər ), Qəbələdə 129 (büdcəsi 13, 31 milyon, əhalisi 103 min nəfər), Şəkidə 103 manat (büdcəsi 18, 98 milyon, əhalisi 182 min 700 nəfər), Lənkəranda 73 manat (büdcəsi 16, 88 milyon, əhalisi 231 min 100 nəfər) və sair təşkil edir.

Göründüyü kimi, adambaşına düşən xərclərə əsasən hesabladıqda Muxtar Respublikanın dotasiya hesabına formalaşan büdcəsinin digər regionlardan dəfələrlə böyük olduğu ortaya çıxır.

Onu da nəzərə alsaq ki, Naxçıvan MR-in RƏSMİ əhalisinin, təxminən yarısı Muxtar Respublika ərazisində qeydiyyatda olsa da kənarda yaşayır, onda ortadakı fərq daha da böyüyər.
Hökumətin adambaşına müqayisədə Naxçıvana, tutaq ki, Lənkərandan 10 dəfə artıq vəsait ayırmasının məntiqini anlamaq çətindir. Blokada şəraitini qeyd etmək olar, lakin bir şərtlə ki, büdcə xərclərində tam şəffaflıq olsun…

Naxçıvan büdcəsində təyinatı şübhəli, amorf xərclərə böyük ayırmalar var

Əlbəttə, Naxçıvan Muxtar Respublika olduğundan, onun ali hakimiyyətini, Nazirlər Kabinetini, mərkəzi dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını saxlamağa, burda çalışanların əmək haqqının ödənilməsinə, eləcə də müdafiə və təhlükəsizlik sahəsinə əlavə xərclər tələb olunur. Ancaq bu xərcləri çıxdıqda da, yenə ortada böyük fərq qalır.

Naxçıvan MR büdcə xərclərini təhlil etdikdə görürük ki, əvvala bəzi sahələrə bol-bol vəsait ayrılır. Məsələn, 2015-ci ildə MR-in dotasiya hesabına formalaşan büdcəsindən baytarlıq, meliorasiya və digər tədbirlərə 26,7 milyon manat vəsait ayrılıb. Həmin istiqamət üzrə bu qədər vəsaitin nəyə lazım olduğu sualı yaranır. Naxçıvanda sosial müdafiə xərclərinə cəmi 15 milyon ayrıldığı halda, baytarlıq və meliorasiyaya az qala bundan 2 dəfə artıq vəsaitin ayrılması müəyyən şübhələrə yol açmaya bilməz. Eyni fikirləri komunal təsərrüfat adı altında ayrılan 18,2 milyonla bağlı da söyləmək, misalları artırmaq da olar.

Şəki böyüklükdə rayonun bütün xərclərinə 18 milyon manat ayrıldığı halda, Naxçıvanda tək komunal təsərrüfata bu qədər vəsaitin xərclənməsi mümkün deyil. Və yaxud Lənkəran kimi böyük bir rayonun bütün xərcləri 20 milyon olduğu halda, MR-də baytarlıq və meliorasiyaya 26,7 milyon manatın xərclənməsi absurddur.

manat_dollar_045İkincisi, Naxçıvan MR büdcə xərclərini təhlil etdikdə, xeyli təyinatı konkret məlum olmayan, amorf xərclərin şahidi oluruq. Məsələn, təhsil sahəsində “DİGƏR müəssisə və tədbirlər” adı altında 21,5 milyonun, səhiyyə sahəsində “DİGƏR xidmətlərə” ayrılan 8, 3 milyonun, əsas bölmələrə aid edilən MƏCHUL xidmətlərə ayrılan 15,6 milyonun, əsas bölmələrə aid edilməyən SAİR xərclərə ayrılan 1,5 milyonun, bədən tərbiyəsi ilə bağlı “DİGƏR tədbirlərə” ayrılan 625 minin, DİGƏR xərclər adı altında ayrılan 600 minin hara getdiyi məlum deyil (əslində məlumdur-müəl.). Bura tikintiyə ayrılan 35 milyonun, MR-in Ehtiyat Fondu kimi nəzərdə tutilan 10 milyonun, iqtisadi fəaliyyətə ayrılan 7,5 milyonun, yük avtomobillərinin sürücülərinə kompensasiya(?) kimi nəzərdə tutulan 2 milyonun, fövqəladə halların aradan qaldırılması üçün ayrılan 1 milyonun xərclənməsində də hər hansı konkretliyin və şəffaflığın olmadığını da əlavə etmək olar.

Yəni, hər iki göstərici üzrə Naxçıvanın büdcə xərclərini təhlil etdikdə Muxtar Respublikaya dotasiya kimi ayrılan vəsaitin, təxminən yarısının şəffaf olmayan və yaxud təyinatı ciddi şübhə yaradan istiqamətlərə ayrıldığının şahidi oluruq. Bu isə son illərdə Naxçıvana dotasiya kimi ayrılmış 100 milyonlarla manatın taleyi ilə bağlı müəyyən suallara yol açır.

Məsələ ondadır ki, Naxçıvan MR-in 2016-cı ildə dövlət büdcəsinin xərcləri 351,4 mln. manat, 2015-ci il 366, 7 mln. manat müəyyən edilib. Bunun da müvafiq olaraq 282,4 və 297,7 milyon manatı mərkəzi dövlət büdcəsindən ayrılıb. Bu rəqəmlər, müvfiq olaraq, 2014-cü ildə 350 milyon 500 min (283 milyon 700 min manatı mərkəzi büdcədən), 2013-cü ildə 332 milyon 700 min (277 milyon 700 mini mərkəzi dövlət büdcəsindən) manat olub.

Ümumiyyətlə, son 8 ilin statistikası göstərir ki, hər il dövlət büdcəsindən Naxçıvana 250–300 milyon manat arasında vəsait ayrılıb. Bunun da maksimum 150-160 milyonu konkret sahələrə yönəldilib. Qalan vəsait təyinatı konkret olmayan və ya şübhə doğuran istiqamətlərdə xərclənib.

01_NAXCHIVAN-YENI-BINALARƏlbəttə, deyə bilərsiz ki, Naxçıvanda son illər xeyli abadlıq və quruculuq işləri görülüb. Ancaq nəzərə alsaq ki, son 8 ildə MR-ə mərkəzi büdcədən təxminən 2,5 milyard vəsait ayrılıb, onda görülən işlərin ayrılan vəsaitə nə qədər adekvat olduğunu müqayisəli şəkildə araşdırmaq qərurəti ortaya çıxır. Belə bir araşdırma isə Naxçıvanda görülən işlərin MR-ə ayrılan vəsaitin çox-çox altında qaldığını söyləməyə əsas verir. Hər halda hər il Naxçıvanla müqayisdə dəfələrlə, hətta 10 dəfələrlə az vəsait ayrılan bir çox şəhər və rayonlarımızda da oxşar abadlıq-quruculuq işləri həyata keçirilib. Ancaq bu rayon və şəhərlər mərkəzi büdcədən Naxçıvan kimi milyardlar almayıblar. Hətta bəziləri bütün bu işləri “daxili mənbələr” hesabına reallaşdırıblar.

Ancaq digər şəhər və rayonlarla müqayisədə böyük vəsait ayrılmasına baxmayaraq, Naxçıvanda hələ də bir çox kəndlərdə ötən əsrin ortalarında tikilən məktəblər, mədəniyyət klubları mövcuddur. Kəndlərin, hətta bəzi rayonların ətraf yolları, infrastrukturu bərbard vəziyyətdədir. Bu faktlar dotasiya kimi ayrılan vəsaitlərdən səmərəli istifadə olunmasına şübhə yaradır.

Bu reallıq, eyni zamanda son illər Naxçıvanda həyata keçirilən abadlıq-quruculuq işlərinin uğurlu idarəçiliyin nəticəsi kimi təqdim olunması cəhdlərini də təkzib edir. Bütün pul Bakıdan verildiyindən, aparılan abadlıq və quruculuq işlərinin də müəllifinin MƏRKƏZİ HAKİMİYYƏT olduğun söyləmək daha doğru olardı. Son 10 ildə Naxçıvanın mərkəzi büdcədən asılılığının azalmaması, əksinə, 80-81 faizə yüksəlməsi heç də idarəetmədəki bacarıqdan və uğurlardan xəbər vermir.

Naxçıvan cari xərclərini ödəyə bilmirsə…

Bu baxımdan ikinci suala cavab olaraq, Naxçıvan MR-in son illərdəki büdcə göstəricilərinin təhlilini apardıqda, bir sıra maraqlı faktlar ortaya çıxır. Məsələn, Naxçıvanın son illərdəki büdcə göstəricilərinin təhlili MR-də sosial-iqtisadi inkişafla bağlı deyilənlərin reallıqdan uzaq olduğunu ortaya çıxarır. 5502 kv.km əraziyə, qədim təsərrüfatçılıq ənənələrinə, ucuz işçi qüvvəsinə malik, sərhəddə yerləşdiyindən asan şəkildə xarici bazarlara çıxmaq imkanı olan Naxçıvanın iqtisadiyyatı nəinki öz ayaqları üstündə durmağa qadirdi, hətta heç mərkəzi icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının xərclərini ödəyəcək qədər gəlirlər əldə edə bilmir. Cari xərcləri ödəyə bilməkdən isə söhbət gedə bilməz.
Acınacaqlı haldır ki, son 10 ildə hər il büdcədən milyardlarla manat dotasiya alan Naxçıvanın mərkəzi büdcədən asılılığını azaltmaq istiqamətində, demək olar ki, heç bir iş görülməyib.

Rəsmi statistika: Naxçıvan böhran illərində də “yüksək inkişaf templərini” qoruyub saxlayıb

1sa2-300x204Belə bir vəziyyət eyni zamanda Naxçıvanda yerli iqtisadiyyatdan əldə edilən vəsaitlərin hara “buxarlandığı” sualını yaradır. Hər halda Naxçıvanın büdcə göstəricilərinin təhlili muxtar respublikada ya Ümumi Daxili Məhsulun (ÜDM) artımı ilə bağlı rəqəmlərin həddən artıq şişirdildiyini, ya da “kölgə iqtisadiyyatı”nın xüsusilə geniş vüsət aldığını söyləməyə əsas verir. Diqqət edək:
Naxçıvan MR-in rəsmi statistikasına görə, 2015-ci ildə muxtar respublikada 2 milyard 467 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da bir il əvvələ nisbətən 1,7 faiz çoxdur. 2016-cı ilin yanvar-avqust aylarında isə 1 milyard 602 milyon 760 min manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. İlin sonuna qədər bu artımın 2 faizi kecəcəyi gözlənilir.
Yəni, 10 il əvvələ nisbətən – 2006-cı illə müqayisədə isə (405 657 min manatlıq məhsul-müəl.) Naxçıvanda ümumi daxili məhsulun həcmi, təxminən 2 milyard manatdan çox artıb. Rəsmi statistikaya görə, 6 dəfəyə yaxın yüksəlib.
Yenə rəsmi statistikaya görə, 2015-ci ildə muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87,3 faiz təşkil edib. “2015-ci ildə muxtar respublikada 916 milyon 817 min 900 manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ildəki müvafiq göstəricini 2 faiz üstələyir…
2015-ci ildə bitkiçilik məhsulları istehsalının həcmi 2008-ci ilə nisbətən 2,7 dəfə artaraq 256 milyon 82 min manata, heyvandarlıq məhsulları istehsalının həcmi isə 2,5 dəfə artaraq 146 milyon 909 min manata çatmışdır…
Yük və sərnişin daşınmasından bütövlükdə 48 milyon 600 min 900 manat gəlir əldə edilmişdir ki, bu da 2014-cü ildəki göstəricidən 2,2 faiz çoxdur…
2015-ci ildə MR-də 20 hüquqi və 2580 fiziki şəxs qeydiyyata alınmışdır. Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün MR-də 361 növdə məhsul istehsal olunur. Bu məhsulların 119 növü ərzaq, 242 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir”, deyə rəsmi məlumatda bildirilir (bax:http://statistika.nmr.az).
Göründüyü ki, Naxçıvan MR-in statistikasına görə, ölkədə böhran olduğu dövrdə belə, müxtar respublika “yüksək inkişaf templərini” qoruyub saxlayıb, milyardlarla manatlıq məhsul istehsal edilib, xidmətlər göstərilib.

İqtisadiyyatda belə artım varsa, pullar hardadır?

2Dünyada qəbul edilmiş iqtisadi qanunauyğunluğa görə, ÜDM həcminin ən azı 15–20 faizi özünü büdcə daxilolmalarında göstərməlidir. Daha dəqiq desək, belə bir artımın müqabilində Naxçıvan büdcəsinə yerli sahibkarlar əlavə, minimum 350 MİLYON MANAT vəsait ödəməli idilər (Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə Azərbaycanda UDM-nin həcmi təxminən 54 milyard manat, vergi daxilolmaları isə 7,2 milyard təşkil edib. Yəni, ölkədə kölgə iqtisadiyyatının həcminin yüksək olmasına baxmayaraq, UDM-nin təxminən 15 faizi həcmində vergi ödəmələri olub-müəl.). Bu ödənilərdisə hər il rəsmi statistikaya görə, milyardlarla manatlıq məhsul istehsal edən Naxçıvanın mərkəzi büdcədən 1 qəpik də olsun dotasiya almasına ehtiyac qalmazdı, yerli büdcə 100 milyonlar əldə edərdi. Ancaq bu 100 milyonların yerli büdcəyə gedən yolun harasında yoxa çıxması ciddi araşdırma tələb edir.

Hər halda belə bir potensial olduğu halda, 10 İL ƏRZİNDƏ – 2006-cı illə müqayisədə Naxçıvanın yerli gəlirləri cəmi-cümlətanı 56 milyon artıb ki (13 milyon manatdan 69 milyona yüksəlb), bunda da özəl sektorun böyük payından söhbət gedə bilməz.

Özəl sektorun büdcədə payı simvolik rəqəmlərlə ifadə olunur
Məsələ ondadır ki, Naxçıvan MR-in 2006-cı illə 2016-ci il büdcə zərfinin müqayisəsi göstərir ki, özəl sektordan daxilolmalar cüzi olub. Təhlilər göstərir ki, 2006-cı idən 2016-ci ilə qədər olan dövrdə yerli gəlirlərdəki 56 milyonluq artımın böyük hissəsini – 50 milyonunu fiziki şəxslərin gəlir vergisi, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, bir də əlavə dəyər vergisi təşkil edib.

Belə ki, fiziki şəxslərin gəlir vergisi təxminən 18 milyon, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 2 milyon artıb. Əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar isə təxminən 38 milyona yüksəlib. Göründüyü kimi, 10 il ərzində Naxçıvan MR-in büdcə gəlirlərindəki 56 milyon manatlıq artımın əsas hissəsini ƏDV təşkil edib. ƏDV-nin yüksəlməsinə təsir edən əsas amillərdən biri isə məhz mərkəzi büdcədən tikintiyə ayrılan vəsaitin artmasıdır. 2006-cı illə müqayisədə 2011-2016-cı illlərdə büdcədən bu sahəyə ayrılan pul 5 dəfə artaraq, 7 milyon manatdan 35 milyon manata qaldırılıb. Bundan əlavə nəqliyyat və rabitə xidmətinə mərkəzi büdcədən ayrılan vəsaitin 10 dəfəyə yaxın artırılması da ƏDV-nin yüksəlməsinə səbəb olub.
Bu və digər faktlar Naxçıvan MR-in onsuz da kiçik olan yerli büdcə gəlirlərinin tərkibində özəl sektorun, xüsusilə də hüquqi şəxs yaratmaqla sahibkarlıqla məşğul olanların, iri müəssisə və təsərrüfat sahiblərinin payının simvolik məbləğdə olduğunu söyləməyə əsas verir.

Naxçıvan rəhbərliyinin heyrət doğuran “məntiqi”

187084Halbuki, həm Naxçıvan MR-in rəsmi statistikası, həm də ortada olan faktlar bunun tam əksini göstərir. Faktlara müraciət edək: Rəsmi statistikaya görə, 2015-ci ildə MR-də 2 milyard 467 milyon manatlıq ÜDM istehsal olunub ki, bunun da 87,3 faizi özəl bölmənin payına düşüb. Yəni özəl bölmədə 2 milyard 153 milyon 691 min məhsul istehsal edilib. Bunun da əhəmiyyətli hissəsini sənayə məhsulu tutub. Belə ki, MR-də 916 milyon 817 min 900 manat həcmində sənaye məhsulu istehsal olunub ki, bunun da 875 milyon 425 min 400 manatı, yəni, 95,4 faizi özəl sektorun payına düşüb.
Qeyd edək ki, 2005-ci ildə isə MR-də sənaye istehsalının ümumi həcmi 41 milyon 207 min manat olub. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun çəkisi 66,6 faiz olub. Yəni, özəl sektor 32, 46 milyon manatlıq məhsul istehsal edib.
Göründüyü kimi, Naxçıvan MR-də 2005-ci illə müqayisədə 2015-ci ildə ümumilikdə 870 milyon manat artıq – təxminən 22 dəfə çox sənaye məhsulu istehsal olunub. Özəl sektorda isə bu artım təxminən 30 dəfə təşkil edib.
Ancaq cox qəribədir ki, belə əhəmiyyətli artım, nədənsə nə hüquqi şəxslərin gəlir vergisində, nə əmlak vergisində, nə də torpaq vergisində özünü göstərib. Hüquqi şəxslərin gəlir vergisi 2006-cı illə müqayisədə, cəmi 500 min manat artaraq, simvolik bir məbləğə – 1 milyon manata catıb.

Daha qəribəsi isə odur ki, rəsmi statistikada hər il çoxlu sayda hüquqi şəxslərin, yeni müəssisələrin yarandığını elan edilsə də (2015-ci ildə MR-də 20, 2016-ci ilin ilk yarısında 12 yeni hüquqi şəxs yaradıldığı elan edilib), onların ödədiyi vergi azalıb. 2015-ci ildəki 1,5 milyon manatdan, 2016-cı ildə 1 milyon manata düşüb. Naxçıvanın iqtisadi rəhbərliyinin bu “məntiqinə” heyrətlənməmək mümkün deyil.

Özəl sektorda istehsal artdıqca, gəlirləri azalır?!

vergiBelə qəribəlik əmlak vergisində, hüquqi şəxslərin torpaq vergisində də özünü göstərib. Birinci 400 min manatdan 350 min manata düşüb, ikinci neçə illərki simvolik həddini dəyişməyib- 150 min manatda qalıb.
Yəni, bütün bu vergi növləri üzrə cəmi daxilolmalar 2 milyon manata belə çatmayıb. Belə çıxır ki, özəl sektorda istehsal dəfələrlə artsa da, onların gəlirləri artmaq əvəzinə aşağı düşüb. Yəni özəl sektorun istehsal etdiyi məhsulların ən az 90 faizi heç bir qazanc götürmədən, maya dəyərindən də aşağı qiymətə satılır.
Əlbəttə, bu inandırıcı deyil. Sadəcə istehsal olunan məhsulun qazancının böyük qismi gizlədilir. Təbii ki, rəsmi hesabatdan. Daha açıq desək, özəl sektorun vergisinin bir qismi qeyri-rəsmi yığılır, bir qismi də bəlli şəxslərə aid olduğundan heç yığılmır.

Bunu sübut edən konkret faktlara keçməzdən öncə, Naxçıvanın büdcəsi ilə rəsmi statistikası arasındakı qəribəlıyi, daha doğrusu anormallığı göstərən başqa bir fakta da toxunmaq istərdik.

Rəsmi statistika: Naxçıvanda 231 min nəfər işlə təmin olunub. Elə isə…

79Rəsmi statistikaya inansaq, hazırda Naxçıvan Muxtar Respublikasında işsizlik yoxdur. Belə ki, 2015-ci ilin yekunlarına dair rəsmi statistikada əmək ehtiyatları barədə məlumat verilməsə də, muxtar respublikada 231 min nəfər iqtisadi fəal əhalinin hamısının işlə təmin olunduğu, işsizliyin olmadığı qeyd edilib. Bu üzdən də işsizliyə görə müavinət alanlar da yoxdur. Bunu doğru qəbul etsək, başqa bir fakt ortaya çıxır.
Diqqət edək: Naxçıvanın 2015-ci il dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisinin məbləği cəmi 14 milyon, 2016-cı ildə 18,7 milyon manat nəzərdə tutulur. Qanuna görə, dövlət və özəl müəssisələrdə çalışan, 105 manatdan artıq maaş alan hər bir şəxs dövlətə vergi ödəməlidir. Həmin vergi isə özünü dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi kimi göstərir.

Elə isə 160 milyon manatlıq vergi hardadır?
Rəsmi rəqəmlərə görə, Naxçıvanda 41 min nəfər dövlət, 189 min nəfər isə özəl sektorda çalışır. 2015-ci ilin yekununa görə, Naxçıvanda orta əmək haqqı 399, 5 manat olub. Bu o deməıkdir ki, muxtar respublikada işlə təmin olunmuş 231 min nəfər şəxs dövlətə maaşından 14 faiz gəlir vergisi ödəyir. Sadə hesablama aparsaq, işləyənlərin hər birinin ay ərzində ortalama büdcəyə 672 manat vergi ödəməli olduğu ortaya çıxır. Bunu işləyənlərin sayına vurduqda 155 milyon manat edir!
Eyni zamanda, rəsmi məlumata görə, ötən il Naxçıvandakı satış dövriyyəsi 1 milyard 300 milyon manatdan artıq olub. 10 min nəfərə yaxın fiziki şəxsin məhsul buraxılışı və satışı isə 300 milyon manata yaxın olub. Bu da onu deməyə əsas verir ki, bu işlərlə məşğul olan fiziki şəxslərin 2 faizlik gəlir vergisi ən az 6 milyon manat olmalıdır.
Yəni, fiziki şəxslərin gəlir vergisi 160 milyon manatdan artıq nəzərdə tutulmalı idi. Ancaq 2015-ci il dövlət büdcəsində fiziki şəxslərdən 14 milyon, 2016-cı ildə 18,7 milyon manat toplanması nəzərdə tutulub.

2 nəticə – ikisi də saxtakarlıqdır!

Burdan 2 nəticə çıxır: ya iş yerlərinin sayı və orta aylıq əməkhaqqı şişirdilib, yaxud da büdcədən xeyli miqdarda pul gizlədilir. İkisi də saxtakarlıqdır, dövləti, ölkə ictimaiyyətini aldatmaq, ələ salmaqdır.
Əgər fiziki şəxslərin gəlir vergisi gizlədilmirsə, orta aylıq əməkhaqqı ilə bağlı göstərilən rəqəm də düzgündürsə, o zaman, deməli Naxçıvanda işləyənlərin sayı 231 min yox, cəmi 30-35 min nəfərdir ki, çox böyük ehtimalla reallıq da burda özünü göstərir.
Çünki 30-35 min nəfər həmin orta aylıq maaşla 14 milyon manat büdcəyə vergi ödəyə bilər. Bu isə o deməkdir ki, Naxçıvanda rəsmi statistikada göstərildiyinidən dəfələrlə az əhali yaşayır və işlə təmin olunub. Bu halda da belə az bir əhalinin yaşadığı regiona dövlət büdcəsindən hər il, təxminən 300 milyonun niyə ayrılması sualı aktuallaşır.
Bu sualların cavabını Naxçıvanda statistik rəqəmləri “düzüb-qoşanların” ixtiyarına buraxaraq qeyd edək ki, fikrimizcə, həm Naxçıvanda yaşayıb-işləyənlərin sayı dəfələrlə şişirdilir, həm də gəlirlər büdcədən gizlədilir.
Naxçıvanda qeydiyyatda olan hər 3 nəfərdən 2-nin Bakıda və Türkiyədə yaşaması hamıya məlum olduğundan, MR-də yaşayıb-işləyənlərin sayının dəfələrlə şişirdilməsinin xüsusi şərhə ehtiyacı yoxdur.

«Badamlı» və «Sirab» neftdən bahadır, ancaq...



Gəlirlərin büdcədən gizlədilməsini isə sədəcə iki müəssisənin satdığı məhsulla, Naxçıvan büdcəsinə hüquqi şəxslərin ödədiyi mənfəət vergisini müqayisə etməklə göstərə bilərik.

Belə ki, Dövlət Stastika Komitəsinin məlumata görə, Azərbaycanda 2015-ci ildə 81 milyon 74 min litr, 2014-cü ildə isə 76 milyon 90 min litr mineral su istehsal edilib. İstehsalın 96%-i Naxçıvanın payına düşür.
2015-ci ilin rəqəmləri əlimizdə olmasa da, Naxçıvan Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə 73 milyon litr «Badamlı» və «Sirab» istehsal edilib (bax:www.contact.az/docs/2015/Economics).
Qeyd edək ki, Sirab suyunu “Sirab” ASC , “Badamlı” suyunu isə “Gəmiqaya Mineral Sular” (“Gəmiqaya Holding”ə daxildir) istehsal edir.
Bu şirkətlərin istehsal etdikləri məhsuların həcmi, gəlirləri ilə bağlı məlumatlara toxunmuruq, cünki həqiqəti əks etdirdiyinə şübhə edirik. Odur ki, rəsmi statistikaya əsasən kiçik hesablama aparaq.
Əvvəlcə qeyd edək ki, ötən ilə qədər pərakəndə satışda yerli mineral suyun bir litri təxminən 45-50 qəpik olub. Devalvasiyadan sonra isə qiymətlər bir qədər də artıb. Məsələn, “SİRAB” suyunun 1 litrinin qiyməti pərakəndə satışda 55-60 qəpikdir. «Badamlı»nın da qiyməti təxminən eynidir.
Yəni faktiki olaraq bu sular daxili bazarda nəinki xam neftdən bahadır, hətta 1 litr dizelin qiymətinə satılır. Halbuki, sudan fərqli olaraq, benzin mürəkkəb texnoloji proseslərdən sonra bazara çıxarılır. Hələ onun hasilat xərclərindən danışmırıq. Bu isə o deməkdir ki, mineral suların satışı, eyni həcmdə neftin satışından daha çox gəlir gətirir.
Allahın Azərbaycan xalqına neməti olan bu mineral sular, demək olar ki, sadə bir emal prosesindən keçirilərək bazara çıxarılır və kimlərinsə varidatını artırır.

Qazandıqları milyonlardan büdcəyə niyə pay vermirlər?

7Hər halda Naxçıvanda istehsal olunan «Badamlı» və «Sirab» sularından əldə olunan gəlirin milyonlarla manatla ölçüldüyünü söyləyə bilərik. “Sirab” ASC-nin açıqlamasına görə, butulka və tara başına ölkə daxilində satışdan 19 qəpik, ölkə xaricində satışdan isə 41 qəpik gəlir əldə edir.
Bu zaman neçə litrlik butulkanın nəzərdə tutulduğu açıqlanmasa da, bu şirkətlərin daxildə və xaricdə satdıqları hər litr sudan ən azı 20 qəpik əldə etdikləri şübhə doğurmur. Dolların qalxması xaricə də böyük miqdarda məhsul ixrac edən (istehsal etdikləri məhsulun təxminən 15 faizini-müəl.) “SİRAB” ASC-nin və “Gəmiqaya Mineral Sular”ın gəlirlərinin manatla ifadədə artması deməkdir (Yeri gəlmişkən, “Sirab” və “Badamlı” suyunun Azərbaycanla yanaşı Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Ukraynada da yeni bazarı var. 2012-ci ildən isə “SİRAB” mineral suyu hətta Avropa bazarına da çıxarılır.).
2014-cü ildə 73 milyon litr «Badamlı» və «Sirab» istehsal edildiyini (ötən il bu rəqəm bir qədər də artıb) nəzərə alsaq, istehsalçıların il ərzində təxminən 15 milyon manat gəlir əldə etdiyini söyləyə bilərik. Şirkətlərin isə gəlirlərinin 20 faizini mənfəət vergisi kimi ödəməsi nəzərdə tutulur. Bu baxımdan təkcə “Sirab” və “Badamlı” satışından Naxçıvanın büdcəsinə, təxminən 3 milyon mənfəət vergisi daxil olmalıdır. Ancaq bu il Naxçıvanın büdcə gəlirlərində hüququi şəxlərin mənfəət vergisinin ümumi həcmi cəmi 1 milyon (?!) nəzərdə tutulub.

Başqa bir fakt: 2016-cı ilədək meneral sular istehsal edən müəssisələrin hər kubmetr su üçün 6 manat (bu ildən 10 manat) mədən vergisi ödəməsi nəzərdə tutulmuşdu. Bu hesabla ildə 73 milyon litr “Sirab” və “Badamlı” istehsal edən müəssisələr Naxçıvan büdcəsinə 438 min manat mədən vergisi ödəməlidir. Ancaq neçə illərdir ki, Naxçıvanın büdcə gəlirlərində mədən vergisinin həcmi 60 min manat saxlanılır. Fərq 7 dəfədir.

Naxçıvanda 10 milyonlarla manat vergidən gizlədilir: Bunu Bakıda bilmirlərmi?

1naxciBu böyük fərq əslində müəyyən mənada Naxçıvanda büdcədən gizlədilən vəsaitlərin də həcmini ifadə edir. Yəni, yerli istehsaldan, biznes sektorundan dövlətə çatası vəsait məlum qrupun şəxsi cibinə deyil, büdcəyə daxil olardısa və MR-in potensialından səmərəli istifadə edilərdisə, heç şübhəsiz Naxçıvanın büdcə gəlirləri də indikindən 6-7 dəfə çox olardı. Yəni, indiki kimi 69 milyon deyil, ən azı 400 milyon manat olardı. Bəs bunu Bakıda bilmirlərmi?

Əlbəttə bilirlər. Elə isə niyə əksər şəhər və rayonların dotasiyası kəsildiyi, qalanlarına simvolik həcmdə vəsait ayrıldığı halda, Naxçıvanda 10 milyonlarla verginin gizlədildiyi “görməzdən” gəlinirək, MR-in yerli büdcəsinin 80-i yenə də mərkəzdən verilir?

Dəqiq bilmirik, lakin düşünürük ki, bu iqtisadi deyil, siyasi səbəblərlə bağlıdır! Hətta Bakının hər il 300 milyon civarında dotasiyasını Naxçıvan rəhbərliyinə “NEFT PAYI” adlandıranlar da var…

İ. İsmayılbəyli
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.