Yarıtmazlığı sığortalmaq siyasəti

8-10-2016, 09:53   
Yarıtmazlığı sığortalmaq siyasəti
Pis ənənənlərdən imtina etmədən dayanıqlı inkişaf yaratmaq olarmı?

Nə qədər çalışsaq da günün əsas mövzusundan yayınmaq mümkün olmur. Ölkənin hər gün biraz da böhran bataqlığına girməsi aydın görünür. Ötən yazımızda da qeyd etmişdik ki, hökumət xalqı böhrandan çıxarmaq əvəzinə, xalqın hesabına böhrandan çıxmaq istəyir. Faktiki olaraq xalqın yükünü azaltmaq istiqamətində heç bir addım atılmır. Əksinə, xaqlı daha da müflisləşdirəcək qərarlar verilir.
Amma hökumətin “islahat” planları bununla da yekunlaşmır. Bildiyiniz kimi birinci devalvasiyadan sonra saysız-hesabsız fərmanlar, sərəncamlar verilib, yeni qurumlar yaradılıb. Məsələn, Apellyasiya Şuraları , Maliyyə Monitorinq Mərkəzi , Maliyyə Sabitliyi Şurası yaradılıb, Açıq hökumətin təşviqinə dair Milli Plan hazırlanıb, iqtisadiyyatın yol xəritəsi cızılıb və.s
Amma ötən müddət ərzində yaradılmış qurumların, sərəncam və fəmanların hansısa yaraya dərman olduğu müşahidə edilməyib. Əksinə, hüquqsuzluq artan xətt üzrə davam edib, bank sektoru sıradan çıxıb, iqtisadiyyatın xəritəsi pozulub, milli valyuta üzməyə davam edir və.s Yəni, heç bir statistik göstərici, xalqın həyat səviyyəsi yaxşıya doğru heç nə göstərmir.
İndi də ölkə başçısı Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzalayıb. Şuranın sədri YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədovdur.
İndi haqlı bir sual yaranır ki, dayanıqlı inkişaf necə təmin ediləcək? Əli Əhmədov baş nazirin müavini təyin olunanda səhiyyə sahəsinin kuratoru kimi fəaliyyətə başlayıb. Amma ötən müddət ərzində nə tibbi sığorta haqqında qanunun qəbuluna nail olunub, nə dərmanların qiymətində enəm müşahidə edilib, nə də səhiyyənin ümumi mənzərəsində müsbət işartılar var. Yaxud, uzun müddət YAP-ın icra katibliyini edən bu adamın hansısa müsbət təkliflərinin, ölkəni irəli aparacaq addımlarının şahidi olmamaışıq. İndi tənəzzül şossesinə çıxmış ölkənin dayanıqlı inkişafını Əli Əhmədov təmin edəcək? Bir müddət əvvəl Maliyyə Sabitliyi Şurası yaradıldı, Artur Rəsizadə şuraya sədr təyin olundu və nəticə sıfırın altındadı. Guya, Əli Əhmədov fərqli nəticə göstərəcək? Bu adamlar ölkəni böhrandan çıxarmaq qabiliyyətinə sahibdilərsə, 20 ildir niyə bu qabiliyyətdən istifadə etmirlər?
Balaca uşaq da bilir ki, ölkəni böhrandan çıxarmaq üçün şəxslərin vəzifə dəyişikliyi, hansısa qurumun yaradılması əsas deyil və ola da bilməz. Nə qədər ki, neqativ ənənələr qüvvədədir, nə qədər ki, hüququn aliliyi yoxdur, nə qədər ki, real addımların atılması üçün siyasi iradə ortaya qoyulmayıb, nə qədər ki, ölkənin demokratik imici formalaşmayıb, o zamana qədər bütün addımlar imitasiya xarakteri daşıyacaq.
Bəli, hökumət yarıtmazlığa haqq qazandırmaq, səmərəli fəaliyyət görüntüsü yaratmaq üçün əsaslar yaradır. Cəmiyyətə inandırmaq istəyirlər ki, hökumət işləyir, vəziyyəti dəyişmək üçün səylər göstərir və gələcəyə ümid bəsləmək lazımdır.
Bir sözlə, bugünə qədər yaradılan qurumların xəstəni müalicə etmək perspektivi yoxdur. Əli Əhmədovun rəhbərlik edəcəyi qurum da xəstəni komadan ayılda bilməyəcək. Sadəcə olaraq “biz əlimizdən gələni etdik” qənaəti formalaşdırmaq istəyirlər.
Normal idarəçilik ənənəsini dayandırdıqdan sonra, dayanıqlı inkişafa nail olmaq mümkünsüzdür.

İlham
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.