Yanan bina işində adı keçən deputat Ağalar Vəliyev mandatsız qala bilər
“Azəraqrartikinti” ASC sədrinə növbəti dəfə etimad göstərilməsi gözlənilmir.
Ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcəyi halda A.Vəliyev deputat kürsüsü ilə vidalaşa bilər.
Buna səbəbi iki olaydır: həm Azadlıq prospektində yanan binanın təmiri A.Vəliyevə tapşırılandan sonra deputatın maxinasiyalarının faş olunması, həm də Binəqədi faciəsində MTN təxribatının izi.
Belə ki, Vəliyev binanı təmir edən işçilərin maaşını kəsmişdi. Bu barədə fəhlələrin şikayəti məktubu mediada tirajlanmışdı. Bu təmir işində böyük pulların mənimsənildiyi haqda iddialar səslənmişdi. İndisə yeni situasiya yaranıb.
“Qlobal konstrukşin” şirkətinin həbsdə olan rəhbəri Miryusif Mahmudov məhkəmədə bina yanğınında MTN amilini qabardıb. Bundan sonra A.Vəliyev təşvişə düşüb.
Binanın təmirinin “Azəraqrartikinti” ASC-yə həvalə olunması şübhələrə yol açıb. A.Vəliyev də məsələdən narahatlıq keçirib.
Çünki vaxtilə mətbuatda adı tez-tez hallanan “Clear” otelinin sahibi olan Fikrət və Fəxrəddin qardaşları A.Vəliyevlə civə biznesində şərik olub. Qardaşların MTN generalı Akif Çovdarovla da əlaqələri haqda sensasion iddialar səslənmişdi.
Deputatın köməkçisi Duman adlı şəxs qeyd etmişdi ki, borclu olduğu şəxslərin pulunu ödəyə bilməmələrinin səbəbi əllərindəki bütün maliyyəni xaricdən civə alınmasına sərf etmələridir.
Həmin vaxt məsələ qapadıldı və deputat maksimum dərəcədə məlumatın yayılmasını önlədi. Bütün bu olayların zəncirvari bir-birinə gedib çıxması, yanan bina işində MTN izinin ortaya çıxması və binanın təmirinin deputata tapşırılması A.Vəliyevin vəziyyətini ağırlaşdırıb.
Qeyd edək ki, “Azəraqrartikinti” ASC dövlət büdcəsindən maliyyələşdirilən tikinti layihələrini - məktəblərin, uşaq bağçalarının, inzibati binaların tikintisini həyata keçirir. Habelə yaşayış binaları inşa edir. Daha doğrusu, bu sifarişləri alır və tikinti işlərini podratçı şirkətlərə həvalə edir.
“Azəraqrartikinti” ASC davamlı olaraq Bakı Şəhər İcra Hakimiyyətinin və Nazirlər Kabinetinin keçirdiyi tenderlərinin qalibi olur. Qarşı tərəfi dinləməyə hazırıq.
Politika.Az