Göyçayda etiraz aksiyası olub-DİN işcisi adamlarla söyüşlə danışır-VİDEO

16-10-2016, 09:35   
Göyçayda etiraz aksiyası olub-DİN işcisi  adamlarla söyüşlə danışır-VİDEO


Yol polisi rəisinin hərəkətlərindən şikayətləndiklərini bildirən rayon sakinləri yolu bağlayıblar

15-də Göyçay sakinləri Bakı-Qazax magistral yolunun Göyçay şəhəri ərazisindən keçən - "Qırmızı körpü" adlanan hissəsində yolu bağlayıblar. Etiraza səbəb Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Vüqar Qasımovla sürücülər arasında yaranan narazılıq olub.

Aksiya iştirakçılarından olan Malik Əsgərov AzadlıqRadiosuna deyib ki, yol polisi rəisi Füzuli adlı keçmiş yol polisini incidib.

“Füzulinin maşını saxlayıb. Halbuki, heç bir qayda pozuntusu olmayıb. İşçilərinə deyib, “basın içəri”. Füzuli ondan səbəbini soruşub, əvəzində rəis bunu söyüb. Füzuli rəisi döyüb, aparıblar polisə. Camaat bunu eşidəndə, toplaşaraq Füzulinin buraxılmasını tələb etdi”, - deyə Malik Əsgərov bildirib.

Sakinlərdən Mətin Məmmədov deyir, etirazları təkcə Füzuli adlı sürücünün incidilməsindən deyil, ümumiyyətlə, yeni rəisin göyçaylılara kobud münasibətindən qaynaqlanır: “Qarşısına çıxanı, yeri gəldi-gəlmədi, cərimələtdirir, maşınını əlindən alır. Adamlarla söyüşlə danışır”.

Sakinlərin sözlərinə görə, Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə hadisə yerinə gələrək, danışıqlar aparıb: “Söz verdilər ki, hadisə obyektiv araşdırılacaq. Dağılışdıq. Ancaq indi də bir nəfər aksiya iştirakçısını polisdə saxlayıblar. Buraxmasalar, təzədən toplaşacağıq, həm də sayımız daha çox olacaq. Bəsdir, qarşılarına keçən günahsız adamlara zülm elədilər”.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə yayılan informasiyaların həqiqətə uyğun olmadığını, məsələnin mahiyyətinin qəsdən təhrif olunmuş və şişirdilmiş şəkildə təqdim olunduğunu bildirib.

Orxan Mansurzadə APA-ya deyib ki, respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq reydlər keçirilir: “Bu rayonda həmin reydlərin keçirilməsini şərtləndirən əsas amillər sırasında son vaxtlar sürücülük hüququ olmayan şəxslər tərəfindən 3 piyadanın ölümü ilə nəticələnən yol qəzasının törədilməsini və Bakı-Yevlax-Şamaxı magistral yolunun üstündə yük avtomobillərinin qanunsuz park edilərək hərəkətə maneçilik törətməsini misal göstərmək olar”.

DİN rəsmisi bu yöndə görülən işlər barədə qısa məlumat verib: "Təkcə oktyabr ayının birinci yarısında Göyçay rayonunda yol polisi əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində 313 yol hərəkəti qayda pozuntusu faktı aşkarlanıb. İnzibati məsuliyyətə cəlb olunanlar arasında Bakı-Yevlax-Şamaxı magistral yolunun rayondan keçən hissəsində yük avtomobillərini qanunsuz park edilərək hərəkətin intensivliyinə mane olan 22 sürücü də var. Məhz onların bir qrupunun oktyabrın 15-də səhər sözügedən məkanın kənarına toplaşması adıçəkilən istiqamət üzrə hərəkət intensivliyinin qısamüddətli məhdudlaşdırılmasına səbəb olub.

O.Mansurzadə qeyd edib ki, rayonun, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri ictimai diqqəti özlərinə cəlb etmək istəyən həmin şəxslərlə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıblar. Bildirilib ki, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması hallarına qarşı keçirilən reydlər, bu istiqamətdə davam etdirilən digər tədbirlər nəinki onların, ümumilikdə, rayon sakinlərinin təhlükəsizliyinin təmin olunmasına yönəlib.

Rayon rəhbərliyinin müvafiq izahatından sonra həmin əraziyə yığışmış şəxslər dağılışıb və məsələ bununla da bitib. İndi rayonda əmin-amanlığı, sabitliyi pozmaqda maraqlı olan bəzi şəxslər məsələnin mahiyyətini qəsdən təhrif edərək onu siyasiləşdirməyə çalışır, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni təyin olunmuş, əməkdaşlarla birlikdə xidməti vəzifələrini yerinə yetirən rəis barədə böhtan və şantaj xarakterli məlumatlar yaymaqla ümumilikdə polisin rayonda qanunçuluğun daha da möhkəmləndirilməsi, ictimai qaydanın və təhlükəsizliyin etibarlı təmininə hesablanmış gərəkli fəaliyyətinə kölgə salmaq istəyirlər ki, bu da qətiyyən yolverilməzdir.

O. Mansurzadə həmçinin bildirib ki, bəzi xəbər saytlarında yol polisi bölməsinin rəisinin vəzifədən azad olunması barədə yaydığı məlumatlar yalandır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.