ABŞ Əliyevlə əməkdaşlığın şərtlərini açıqladı

19-10-2016, 21:47   
ABŞ  Əliyevlə  əməkdaşlığın şərtlərini açıqladı



Zaman göstərdi ki, YAP hakimiyyətinin Qarabağ diplomatiyası imitasiyadan ibarət imiş. Baş verənlər təsdiqlədi ki, 23 il ərzində sadəcə mənasız danışıqlar aparılıb və torpaqların işğaldan azad olunması üçün heç bir müsbət addım atılmayıb. Azərbaycan hökuməti xalqa boş vədlər verməklə məşğul olub və status-kvo yalnız Ermənistanın xeyrinə işləyib. Aprel döyüşlərindən sonrakı vədlər də yalan çıxdı və bir daha sübut olundu ki, bu hakimiyyətin dövründə Qarabağın azadlığını gözləmək sadəlövhlükdür.
Bir müddət əvvəl isə ABŞ dövlət katibi Con Kerri Qarabağ məsələsinə münasibət bildirdi və indiki vəziyyətdə münaqişənin nizamlanmasının mümkün olmadığını söylədi. Kerrinin bu açıqlamasından sonra YAP hökuməti əks-hücuma keçdi və ənənəvi ittihamlar yenidən meydana çıxdı. Bəzi deputatlar Kerrini ermənipərəst adlandırdı, bu adamın Qarabağ münaqişəsinin həlində maraqlı olmadığı iddia edildi.
Beləliklə, ABŞ-Azərbaycan münasibətlərində yenidən sərin küləklər əsməyə başladı. ABŞ prezidentinin Müstəqillik günü ilə bağlı İlham Əliyevə təbrik məktubu göndərməməsi də, münasibətlərdəki soyuqluğun göstəricisidir. Belə ki, bu dəfə ənənəvi təbrikin yerinə, ABŞ səfirliyinin bəyanatı yayıldı. Bəyanatda “Müstəqillik günü” münaisbətilə Azərbaycan xalqı təbrik olunur və ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğu bildirilir. Bəyanatda açıq şəkildə o da bildirilir ki, biz ifadə azadlığını, siyasi iştirakı, qanunun aliliyini təbliğ etmək, iqtisadi inkişafı gücləndirmək, terrorizmlə mübarizə aparmaq və Azərbaycan vətəndaşlarının hüzurlu və sabit gələcəyini təmin etmək tədbirlərinə dəstək vermək məqsədilə birgə əməkdaşlığı davam etməyə hazırıq.
Göründüyü kimi, budəfəki təbrik məktubu birbaşa hökumətə mesaj formasındadır. Açıq şəkildə bildirilir ki, normal münasibətlərin davam etməsi üçün demokratik islahatlar zəruridir.
Onu da qeyd edək ki, Kerrinin məlum çıxışından sonra Rusiya prezidentinin köməkçisi Yuri Uçakov da Qarabağ məsləsinə münasibət bildirdi və münaqişənin yaxın gələcəkdə həll olunacağına inanmadığını bildirdi. Faktiki olaraq Uşakov da Kerrinin dediklərini təsdiqlədi. Amma Azərbaycan hökuməti, başda İlham Əliyev olmaqla Uşakovun fikirlərinə deyil, Kerrinin sözlərinə bənd oldular. Həmişəki kimi Rusiyaya barmaq silkələməkdən qorxdular və ABŞ-ı hədəf seçdilər. Belə çıxır ki, eyni sözü ABŞ təmsilçisi deyəndə ermənipərst olur, Rusiya təmsilçisi deyəndə isə azərbaycanpərəst?
Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan hakimiyyəti heç vaxt bu məsələdə səmimi olmayıb. Sadəcə olaraq növbəti dəfə ABŞ-ı ittiham etmək, demokratiyadan qaçmaq üçün fürsət axtarıblar. Amma bu “fürsət” də Uşakovun münasibətilə bumeranqa çevrildi.

Samir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.