Bir neçə gün öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, qurumun keçmiş sədri, hazırda Nəqliyyat nazirinin müavini vəzifəsinə çalışan Arif Əsgərov barəsində sərt ittihamlar səsləndirdi. Daha doğrusu, Qurbanov nazir müavinini korrupsiyada ittiham etdi. Bütün bunlar təsadüfi deyildi və bu savaşın pərdəarxasında ciddi məqamlar dayanır.
"Yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər"
"İş elə gətirdi ki, yenidən "Azərbaycan Dəmir Yolları" QSC-yə qayıtmalı oldum. Bura qayıtdıqdan sonra ciddi problemlərin şahidi oldum: "10-12 yaşında elektrovoz və teplovozlar alınaraq, Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı. Başladıq vaqon parkında araşdırma aparmağa. Daşınma xidmətlərinin rəisini çağırdım yanıma və birgə parka baxdıq. Gördük ki, 2023-cü ilədək belə davam etsə, parkımızda 123 vaqon qalacaq, qalanları sıradan çıxacaq. Yol infrastrukturunda rabitə sistemi yox dərəcəsində idi. Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdı. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatında olan ağac tirlərinin 70%-i yararsız vəziyyətdə olub. Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalarımız yox vəziyyətdə idi. Başqa sözlə, hara ayaq qoyurduqsa, orada bir dərd var idi. Öz-özümə düşünürdüm ki, mən bu qədər problemlərin öhdəsindən necə gələcəyəm. Amma özümdə güc tapdım, həmkarlarımı başıma topladım və başladım işləməyə. İşimdə dəmiryolçuların təcrübəsinə arxalandım", - Cavid Qurbanov bunu Arif Əsgərov haqqında demişdi, çünki o dövrdə qurumun rəhbəri o idi.
Qurbanov qurumda vəziyyətin acınacaqlı olduğunu bəyan etməklə, fəaliyyətində tam şəffaflığın yaradılmasına nail olmaq istədiyini də dilə gətirmişdi: "Artıq mal-materialın alınmasında olan nöqsanların, pozuntuların kökünü kəsmişik. Yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirmişik. Tender proseduru keçirilmədən bir dənə də olsun kənardan mal-material gətirilə bilməz".
Natiq Cəfərli: "Cinayət işi açılmalıdır"
Hətta Cavid Qurbanovun bu açıqlaması ictimaiyyətdə də geniş müzakirəyə yol açdı. İqtisadçı-ekspert Natiq Cəfərli də Cavid Qurbanovun açıqlamasını çox ciddi bəyanat adlandırıb.
"Hüquq-mühafizə orqanları bu sözlərdən sonra araşdırma, cinayət işi başlamalıdırlar. Əgər bu baş verməsə, deməli, bu ölkədə korrupsiya və büdcə oğurluğunun adi hal olduğu bir daha təsdiqini tapacaq", - deyə istisadçı bildirib.
Xatırladaq ki, Cavid Qurbanov 2015-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Buna qədər isə qurumun rəhbəri Arif Əsgərov olub.
Cavid Qurbanovun bu açıqlamasını müxtəlif aspektdə şərh edənlər var. Doğrudan da, bu açıqlama təsadüfi bir mesaj sayılmamlıdır...
Cavid Qurbanov nazir olmaq istəyir...
anaxeber.info-a mötəbər mənbələrdən daxil olan məlumata görə, cavid Qurbanov Ziya Məmmədovun müvinini vurmaqla həm də nəqliyyat nazirinə mesaj göndərib. Yəni korrupsioner məmurun "Azərbaycan Dəmir Yolları" QSC-dən çıxarılmasından sonra Nəqliyyat Nazirliyində müavin vəzifəsinə çəkilməsi o deməkdir ki, o, yenə də korrupsiya ilə məşğuldur və bu dəfə onu Ziya Məmmədov himayə edir. Əslində, Cavid Qurbanovun açıqlamasından çıxan məntiq budur.
Mənbə bildirir ki, nəqliyyat naziri Ziya Məmmədovla Cavid Qurbanov arasında davam edən mübarizə hazırda da pik həddə çatıb. Belə ki, Qurbanov nəqliyyat naziri olmaq iddiasını gizlətmir, Ziya Məmmədov isə yenə özünümüdafiə ilə məşğuldur. Onun sözlərinə görə, Ziya Məmmədovun səlahiyyətlərinin alınmasından sonra nazir faktiki məhud fəaliyyətlə məşğuldur: "Bundan başqa, hakimiyyət daxilində ona etimad da azalıb. Ziya Məmmədovla uzun müddət gərginlik yaşayan və ona qarşı kompromat savaşı aparan nazirlərin də Cavid Qurbanovu dəstəkləməsi prosesi ikincinin xeyrinə dəyişib. Ona görə də yaxın zamanlarda Cavid Qurbanovun nazir postuna gətirilməsi və Ziya Məmmədovun "qələminin qırılması" gözləniləndir".
Mənbə bildirir ki, Ziya Məmmmədova qarşı bu savaşda Kəmaləddin Heydərov da Cavid Qurbanova dəstək verir və çox böyük ehtimalla Heydərov həmişə özünə rəqib gördüyü Məmmədovu bu ssenari üzrə bitirmək niyyətindədir. O bildirir ki, Cavid Qurbanov Arif Əsgərovu korrupsiyada ittiham etməklə, əslində, Ziya Məmmədovu vurmuş oldu.
Bu açıqlamanı isə Qurbanov özbaşına verə bilməzdi, çox güman ki, bunun razılığını da müyyən qüvvələrdən alıb. Buna razılığın verilməsi isə o deməkdir ki, artıq Ziya Məmmədovun üçün yolun sonu görünür. Yəni "gözü həmişə yollarda qalan Ziya Məmmədov"un bu dəfə özünü yola salırlar. Onun üçün başqa yol qalmır, hətta özünün çəkdiyi olsa belə...
TURAN