“Güc vasitələrinə gəldikdə isə, tarixi təcrübə göstərir ki, onlar yalnız müvəqqəti əmin-amanlıq xülyası yarada bilir. Axı məişətdə olduğu kimi, dünya siyasətində də qarşılıqlı təhdidlər strategiyasının faydasız olduğunu həyatın özü sübuta yetirir. Bununla belə, qloballaşma çoxlarının təsəvvür etdiyi kimi özbaşınalığı deyil, əksinə azadlığı, ictimai münasibətləri tənzimləyən vəzifələri, mənəviyyat qanunlarına hörməti nəzərdə tutur”. Bu fikirlər Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə məxsudur.
Ramiz Mehdiyev etiraf edir ki, güc vasitələri müvəqqəti əmin- amanlıq yaradır və gücə arxalanan siyasətin axırı yoxdur. Düzdü, Ramiz Mehdiyev bu fikirləri fərqli konteksdə söyləyib. Amma bu fikirkləri Azərbaycan reallığına da yönəltmək olar. Azərbaycan hakimiyyəti uzun illərdi ki, qorxu mühti yaradaraq, dövlətin gücündən istifadə edərək ölkəni şəxsi mülkə çevirib. Azərbaycan xalqı heç vaxt mövcud hakimiyyətə səs verməyib və bu rejimi dəstəkləməyib. Amma hakimiyyət seçkiləri saxtalaşdırmaq, alternativləri sıradan çıxarmaq, repressiya maşınını işə salmaqla toxunulmazlıq yaradıb. Ölkənin sərvətlərinin talan edilməsi, vətəndaşın çörəklə sınağa çəkiçlməsi məhz dövlətin gücündən şəxsi maraqlar naminə istifadə etmək hesabına mümkün olub. Hakimiyyət məhkəmə ssiteminin, polisin, prokurorluğun, qanunların, hüqunun gücünü özünə tabe etdirib. Amma Ramiz Mehdiyevin də etiraf etdiyi kimi güc müvəqqətidir, repressiyalar, cəmiyətə qorxu toxumu səpmək faydasızdır.
Ramiz Mehdiyev haqlı olaraq deyir ki, qloballaşma özbaşınalıq yox, azadlıqdır. O zaman Azərbyacan hakimiyyəti niyə qloballaşmanı özbaşınalıq kimi qəbul edir? Niyə vəzifəli şəxslər ölkəni ata malı kimi bölüb, niyə bütün sahələr məmur inhisarındadır, niyə istənlən adamı şərləyib həbs etmək normaya çevrilib? Məgər bütün bunlar özbaşınalıq deyil?
Ramiz Mehdiyev mənəviyyat qanunlarına hörmət edilməsini vacin sayırsa, ölkədəki mənəviyyatsızlıq hardan qaynaqlanır? İnsanları fərqli fikrinə görə işgəncə altında saxlamaq, müxalifət funksionerlərini yaxınları ilə şantaj etmək, alternativləri ləkələmək, natəmiz insanları mükafatlandırmaq, korrupsionerlərə “yaşıl işıq” yandırmaq mənəviyyat qanunudur?
Əlbəttə, tarixi təcrübə göstərdi ki, gücə arxalanıb xalqa zülm edənlər ən rüsvayçı aqibətlə üzləşirlər. Tarix göstərdi ki, dövlətin sərvətlərini talan edib, xalqı səfil vəziyyətində yaşadanlar xalqın qəzəbindən qurtula bilmədi.
Azərbaycanda da eyni vəziyyətdir və tarix təkrarlanır. Artıq insanlar başa düşür ki, gücün yaratdığı əmin-amanlıq masqa geyinmiş qeyri-sabitlikdir.
Bir halda ki, bu hökumətin başında duranlar tarixdən xəbərdardı, bir halda ki, gücün müvəqqəti olduğunu bilirlər, o zaman öz aqibətlərini də düzgün qiymətləndirə bilirlər. Ona görə də dünyaya tarix dərsi keçmək əvəzinə, tarixdən dərs götürmək lazımdır. Ramiz Mehdiyevin yuxarda səsləndirdiyi fikirlər ən çox Azərbaycan hökumətini hədəf seçir.
Akif