Məhdudiyyətlər və leksiyalar Azərbaycanda dini mühiti dəyişə biləcəkmi; Şeyximiz niyə küncə sıxışdırılıb
Azərbaycanın dini mühitində son illərdə ciddi hadisələr baş verib. Ancaq bunların içərisində diqqət çəkən səs-küylü olaylar olsa da, eyni zamanda kölgədə qalan çox mühüm hadisələr var. Ən ciddi proses isə son iki ildə faktiki olaraq dövlətin dini proseslərə, necə deyərlər, “əl qoyması” tendensiyasıdır. Hər şey 2014-cü ilin əvvəlindən başladı.
Şeyxə olan ümidlər itdi
2014-cü ilin əvvəlində bir neçə hadisə baş verdi ki, bunlar hökumətin din sahəsində müəyyən addımlar atmasına və ya bu prosesi başlatmasına səbəb oldu. 2010-cu ildən sonra başlayan hicab qadağası etirazları, həbslər və dini zəmində gərginlik zamanı o vaxta qədər dini sahənin əsas kuratoru Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri faktiki kənarda qaldı. Daha sonra hökumət DQİDK sədrini dəyişdi və bundan sonrakı prosesdə dövlət özü dini icmalarla birbaşa iş görməyə başladı. Məlum oldu ki, dövlət qurumları artıq faktiki olaraq QMİ olmadan da dini prosesi idarə edir.
2014-cü ilin əvvəlində Suriyada islamçı qruplar arasında savaş başladıqdan sonra orda döyüşlərdə ölən azərbaycanlılar barədə xəbərlər artdı və ölkədə reaksiyalar göstərdi ki, QMİ, ümumiyyətlə, dini situasiyaya birbaşa təsir imkanını itirib. Yanvarda QMİ-nin verdiyi Suriya savaşı ilə bağlı fətvası isə ümumiyyətlə, çox təsirsiz oldu, heç bir ciddi reaksiya doğurmadı. Məlum oldu ki, Şeyxin təsir imkanı, sadəcə, məscidlərə axund təyinatı və son həddə polisi, yəni dövləti köməyə çağırıb hər şeyi polis gücü ilə həll etməyə çatır. Bunu isə istənilən əlaqədar qurum edə bilər. QMİ faktiki olaraq zəif quruma çevrilmişdi.
Image result for QMİ
Dövlət dini fəaliyyəti ələ alır
Ancaq təbii ki, Şeyxə və onun şəxsində QMİ-yə qarşı münasibətin kökündə başqa amillər də vardı. QMİ sədrinin klanının formalaşması, prezidentə yaxın və birbaşa təsir imkanının olması, nəzarətində və ya ətrafında toplanan iqtisadi güc onun rəqiblərini də çoxaltmışdı. Digər tərəfdən, son 10 ildə ölkədə baş verənlər göstərdi ki, Azərbaycanda əsas ictimai-siyasi proseslər məhz din amili üzərindən inkişaf edir və ya din amilinin təsiri var. Bu səbəbdən də belə bir həssas sahəni yalnız Şeyxə vermək olmazdı, din daha əvvəl olduğu kimi mənəvi məsələ deyildi, indi artıq həm də siyasi, iqtisadi, təhlükəsizlik məsələləri ilə bağlıdır.
Bu səbəbdən də dövlət başçısının sərəncamı ilə 2014-cü il fevralın 28-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edildi. Professor Kamal Abdulla isə prezidentin müşaviri təyin edildi. 2014-cü il mayın 15-də prezidentin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. 2014-cü il oktyabrın 20-də DİQDK-da sədr Mübariz Qurbanlının iştirakı ilə bir qrup dinşünas və müxtəlif dini konfessiyaların nümayəndələrinin iştirak etdiyi toplantı keçirildi. Həmin toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni dinşünaslıq üzrə komissiya yaradıldığı elan edildi.
Diqqət çəkən odur ki, hər iki dövlət qurumu - həm müşavirlik, həm də DQİDK - məhz həmin ildən dini maarifçilik fəaliyyətini həyata keçirəcəklərini bəyan etdilər. Halbuki müşavirlik həmin il yaransa da, DQİDK artıq 13 il idi ki, fəaliyyət göstərirdi və bu müddətdə dövlət qurumu dini təbliğat, maarifçilik kimi fəaliyyətlər həyata keçirmirdi. Çünki Azərbaycanda konstitusiyaya əsasən, din dövlətdən ayrıdır və dövlət qurumunun dini maarifçilik, dini təbliğat aparması ana qanuna ziddir. Ancaq bu çağa qədər formal da olsa bu normaya əməl edib. Ancaq 2014-cü ildən başlayaraq artıq hökumət dini fəaliyyətləri öz üzərinə götürdü.
Baxmayaraq ki, hələ də qüvvədə olan konstitusiya dövlətin dini fəaliyyətini yasaqlayır. Həmin il dövlətin müsəlman dini icmalarına yardımı ilk dəfə olaraq QMİ vasitəsilə deyil, DQİDK vasitəsilə verildi. Buna qədər isə hər il dövlətin qeyri - müsəlman dini icmalara yardımları DQİDK-ya ayrılır, dövlət qurumu sonra bu pulu bölürdü. Müsəlman icmalarına yardım isə QMİ vasitəsilə ayrılırdı. Ancaq 2014-cü ildə bu qayda dəyişdi. Bundan başqa yenə həmin il dövlət orqanları QMİ-nin başı üzərindən qərar qəbul edərək ehsan süfrələrini ləğv etdi. İlk dəfə bu zaman QMİ ilə hökumət qurumları arasında çat ortaya çıxdı.
Gələcəyə Şeyxlə Şeyxsiz