Bərdə rayonunda Qarabağ döyüşlərində şəhid olmuş polis əməkdaşları Ziyafət Balıyev, Azər Məmmədov, Namiq Paşayev və İlyas Süleymanova polis şöbəsinin həyətində qoyulmuş abidə sökülüb. Hadisə 3 gün əvvəl baş verib. anaxeber.info saytına daxil olan məlumata görə, abidənin sökülməsi barədə göstərişi polis şöbəsinin yeni rəisi İlqar Məmmədov verib. Yeni rəisin bu addımı hansı səbəbdən atdığı bəlli deyil. Lakin şəhid polislərə qoyulan abidənin sökülməsi rayon camaatının, həmçinin yerli polis əməkdaşlarının narazılığına səbəb olub. Bəzi iddialara görə, yerli polis əməkdaşları baş vermiş hadisə barədə daxili işlər naziri Ramil Usubova müraciət etməyə hazırlaşır.
Məlumatda deyilir ki, polislər əvvəlcə abidənin yenisi ilə əvəzlənəcəyini düşünüblər. Lakin sonradan məlum oıub ki, yanılıblar. Polislər narazılıqlarını bildirsələr də, nəticəsi olmayıb.
İlqar Məmmədov Bərdə polisinin rəhbərliyinə sentyabr ayında təyin olunub. Bundan əvvəl Xəzər Rayon Polis İdarəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. Bəzi məlumatlara görə, İlqar Məmmədov DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin keçmiş rəisi, təqaüddə olan general-mayor Cavanşir Məmmədovun qardaşı oğludur.
anaxeber.info