Ac xalqın üsyan qorxusu iqtidarı hərəkətə gətirdi: DAHA BİR QADAĞA

13-11-2016, 21:35   
Ac xalqın üsyan qorxusu iqtidarı hərəkətə gətirdi: DAHA BİR QADAĞA




Əli Əliyev: “Hakimiyyət sosial etirazların artmasından çəkinir”

Sərdar Cəlaloğlu: “Müharibə zamanı mitinq keçirmək olmaz”


Milli Məclisdə yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanunun 10-cu (Hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəlmiş tədbirlər) maddəsinə əlavələrə əsasən Azərbaycanda hərbi vəziyyət zamanı mitinqlər, küçə yürüşləri, piketlər qadağan edilir. Bəndə əsasən, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəlmiş tədbirlər sırasına “yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması” da daxil edilir.

Qeyd edək ki, yeni qanun layihəsinə görə, Azərbaycan ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə, xarici dövlət və ya dövlətlər Azərbaycana müharibə elan etdikdə, ölkəyə qarşı real silahlı hücum təhlükəsi yarandıqda və Azərbaycan ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda hərbi vəziyyət elan edilir. Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Məsələni “Cümhuriyət”ə şərh edən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib ki, hakimiyyətin bu addımı yaranan sosial narazılığın qarşısını almağa hesablanıb. Onun sözlərinə görə, hakimiyyət özü də bilir ki, iqtisadi vəziyyətə düzəliş edə bilmir: “Bu bir daha göstərir ki, parlament Yeni Azərbaycan Partiyasının diktəsi ilə idarə olunur. Hakim partiyanın nəzarətində olan qanunverici hakimiyyət ölkədə vəziyyətin saatba-saat pisləşməsindən məlumatlıdır. Bütün bunlar artan sosial narazılığın qarşısının alınmasına hesablanmış hazırlıq işləridir. Hakimiyyət fərqindədir ki, iqtisadi vəziyyətə düzəliş edə bilmir. İnsanların sosial vəziyyəti anba-an pisləşir, narazılıq artır. Bu narazılıq siyasi proselərə keçə bilər deyə hakimiyyət bütün istiqamətlərdə məhdudiyyətləri artırmaq qərarına gəlib. Parlamentdə də müzakirə olunan məsələ bunların nəticəsidir. Əgər hakimiyyət ölkədə müharibə vəziyyəti elan etsə, siyasi partiyalar da buna müvafiq olaraq siyasi fəaliyyəti donduraraq Qarabağın geri qaytarılması üçün əməli fəaliyyətə başlayar. Mən inanıram ki, bir çox müxalifət partiyaları hakimiyyətin bu xəttini dəstəkləyər. Aprel döyüşləri zamanı da bir çox partiyalar fəaliyyətini dayandırdılar. Mən də bəyanat vermişdim ki, hakimiyyətə qarşı əks təbliğatı dayandırıram və hakimiyyəti bu məsələlərdə dəstəkləyirəm. Biz hər zaman Qarabağ məsələsinin həllində hakimiyyəti dəstəkləməyə və hətta müvəqqəti fəaliyyətimizi də dayandırmağa hazırıq”.



Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Məclisin qərarının qeyri-adi olmadığını deyib: “Burada söhbət aktiv hərbi əməliyyatdan gedir. Bu qanunda da bu cür hallarda aksiyaların keçirilməsi qadağan olunur. Milli Məclisin bununla bağlı verdiyi qərar bir o qədər də qeyri-adi deyil.

Ölkə aktiv müharibə şəraitindədirsə hansı mitinqdən danışmaq olar? Ölkənin təhlükəsizliyi baxımından da bu cür olmalıdır. Çünki dövlət mitinqlərin təhlükəsizliyini təmin etməlidir. Məntiqlə də müharibə zamanı mitinq keçirmək olmaz”.

Vilayət Muxtar

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.