Daxili işlər naziri 70 yaşlı “qurbanının” həbsxanada ömürlük cəzasını seyr etməkdən başqa addım ata bilmir
Daxili işlər naziri Ramil Usubovla keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudov arasındakı düşmənçilik dünənin-bu günün məsələsi deyil. Bunun kökü azı 20 il əvvələ gedib çıxır. Ona görə də zaman-zaman bu tərəflərdən birinin əlinə fürsət keçən kimi, o birindən qisas almağa çalışır. Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın keçmiş prezidenti, bu yaxınlarda 15 il həbs cəzası alan Cahangir Hacıyev də məhkəməsində buna üstüörtülü şəkildə eyhal vurmuşdu.
Mahmudovun Daxili İşlər Nazirliyindən sərəncama göndərilməsi ilə başlayan düşmənçilik o, nazir postuna gələndən sonra Hacı Məmmədovun dəstəsinin ifşasıyla nəticələnən “Qara kəmər” əməliyyatı vasitəsilə alınmış qisasla davam etdi. Bu əməliyyatla Mahmudov Daxili İşlər Nazirliyinə çox ciddi bir zərbə endirməklə yanaşı, həm də şəxsən Usubovun həbsi üçün iri addımlarla hərəkətə keçdi. Bu yolda qurban olaraq isə DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, 11 ildir ki, həbsdə olan general Zakir Nəsirov seçildi. Nəsirov özü də məhkəmədə açıq şəkildə bildirmişdi ki, onun Hacı Məmmədovun cinayətlərinə heç bir ailiyyəti yoxdur, sadəcə, Mahmudov Usubovun həbsinə nail olmaq üçün vacib həlqə olaraq, onu seçib. Məqsəd də Usubovun əleyhinə ifadə almaqdır.
“Mənə birbaşa və açıq dedilər ki, nazirin əleyhinə ifadə verməsən, ömürlük gedəcəksən. Dediklərini də elədilər”, – Zakir Nəsirov apellyasiya məhkəməsində demişdi.
Zakir Nəsirov Hacı Məmmədovun dəstəsinin ifşasından bir neçə ay sonra həbs olundu. Həmin ərəfədə Usubovun vəziyyəti kifayət qədər gərgin idi. Nəsirovun həbsindən az sonra DİN-də keçirilən və jurnalistlərin də iştirak etdiyi müşavirədə Ramil Usubov açıq mətnlə dedi ki, Zakir Nəsirovun heç bir günahı yoxdur. Birbaşa dilə gətirməsə də, Nəsirovun məhz onun “qurbanına” çevrildiyini etiraf etdi.
Məlumata görə, Ramil Usubovla Zakir Nəsirovun münasibətləri kifayət qədər yaxın olub. Eldar Mahmudovun “düşməndən” qisas almaq üçün məhz onu seçməsində bu amil də rol oynayıb. Amma görünən odur ki, Usubov bu prinsipial məsələdə Eldar Mahmudova qalib gələ bilmədi. Hətta Mahmudov tamamilə “zərərsizləşdirilib”, heydən düşmüş vəziyyətdə olsa belə…
Yeri gəlmişkən, Zakir Nəsirova qarşı əsas sübut Hacı Məmmədovun ifadələri idi ki, MTN ətrafındakı məlum olaylardan sonra həmin ifadələrdən imtina etdi. Hacı Məmmədov bildirdi ki, Nəsirovun bu dəstəyə başçılıq etməsi barədə dedikləri yalandır və bu ifadələri MTN rəhbərliyinin göstərişi ilə verib. Zakir Nəsirovun günahsız olduğunu vurğulayan Hacı Məmmədov Ali Məhkəməyə işinə yenidən baxılması üçün məktub da göndərdi. Amma Ali Məhkəmə ərizəsini geri qaytardı və işə baxmaqdan imtina etdi.
Hökumətin bu işin yenidən araşdırılmasında maraqlı olmaması başadüşüləndir. Çünki o işdə Zakir Nəsirov məsələsi yeganə qaranlıq məqam deyil. Hacı Məmmədov azadlıqda olduğu dövrdə onun dəstəsi və törətdikləri cinayətlər barədə prokurorluğa məlumat verəndən az sonra aradan götürülmüş, ümumiyyətlə, narkotikin dadını bilməyən bu qadının ölümün səbəbini “artıq dozada narkotikdən ürəyinin dayanması” kimi rəsmiləşdirənlər.., bütün bunlara göz yuman prokurorluq və nəhayət, prokurorluğun “çaldığı ilə oynayan” məhkəmələr olub.
Hacı Məmmədov və dəstəsinin cinayətlərilə bağlı iş yenidən araşdırılsa və müəyyən həqiqətlər üzə çıxsa, istər-istəməz bir xeyli cavabsız suallar üzə çıxacaq. Məsələn, bu işin istintaqını MTN aparsa da, istintaqa nəzarət prokurorluğun səlahiyyətində olub, ittiham aktını Zakir Qaralov imzalayıb. Eldar Mahmudov Nəsirovu özünün Usubovla düşmənçiliyindən doğan qisasçılıq hisslərinə qurban verirdisə, bəs Qaralov niyə birbaşa vəzifəsi olduğu halda, bunun qarşısını almayıb? Əksinə, Mahmudovun işçilərinin yazdığını öz imzası ilə təsdiqləyib. Yaxşı, prokurorluq buna göz yumdu, axı Hacı Məmmədov olayları ilə bağlı Azərbaycanda hər üç məhkəmə instansiyasının – Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin, Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin hökm və qərarları olub. Başqa sözlə, bu cinayət işi azı, 9 (hər instansiyada üçü olmaqla) hakimin əlindən keçib. Bəs onlar hara baxırdı?
Bütün bu cavabsız suallar göstərir ki, indiki məqamda hakimiyyət bu cinayət işinin yenidən araşdırılıb, “aləmin bir-birinə qarışmasını” istəmir.
Konkret olaraq, Zakir Nəsirov məsələsinə gəlincə, onun da həbsdə saxlanmasında maraqlı olan qüvvələr hələ ki, təsir rıçaqlarını qoruyub saxlayırlar.
Görünən budur ki, Usubov hələ ki, 70 yaşlı “qurbanının” Qobustan həbsxanasında ömürlük cəzasını seyr etməkdən başqa addım ata bilmir.
Azad Hüseynov