Əli Abbasovun müavininin də “qələmi qırıldı” - İltimas Məmmədovun həbsi gündəmdə

18-11-2016, 10:11   


1,5 MİLYONLUQ EV NAZİR MÜAVİNİNİN SONUNU ÇATDIRDI


Rabitə və Yüksək Texnologiyalar nazirinin həbsdə olan yüksək rütbəli məmurlarının məhkəmə ifadələri nazir müavini İltimas Məmmədovun "qələminin qırılmasına” səbəb olub.

BakiPost.az-ın əldə etdiyi məlumata görə, bu ifadələrin ciddi müzakirəsi, cəmiyyətdə şok effekt yaratması və bəzi gizli mətləblərin aşkarlanması İ.Məmmədovun vəzifə daşımasını mümkünsüz edib. Hətta onun həbs olunması təhlükəsi yaranıb.

Belə ki, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov və "Bakı Telefon Rabitəsi”nin sabiq baş direktoru Beytulla Hüseynovun məhkəmələrinin gedişatından asılı olaraq, onun həbs edilib-edilməyəcəyi müəyyənləşdiriləcək.

Daxil olan xəbərdə bildirilir ki, İ.Məmmədov nazirliyin rəsmi şəxsləri tutulduqdan və nazir Əli Abbasov işdən çıxarıldıqdan sonra bəzi "ilginc səbəblər”, qurumdakı bəzi işlərin açılmasında yardım edə bilməsi üçün toxunulmaz saxlanılıb. Nazir müavini bir müddət hətta nazirliyi təkbaşına idarə etmişdi. Yeni nazir Ramin Quluzadə isə vəzifəyə təyinatından sonra xələfinin ən yaxın adamına toxunmamış, onunla işləməyə başlamışdı. Bu da onu deməyə əsas verirdi ki, az qala bütün yüksək vəzifəli şəxsləri "vurulan” RYTN-də "qələmi qırılmayan” yeganə adam olan İ.Məmmədov hansısa anlaşma müqabilində qorunur. Lakin görünür, nazir müavininə dözüm limiti də bitib. "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynovun ifadəsinin mətbuata sızdırılması bunu göstərir. Sabiq baş direktorun ifadəsinə görə, İ.Məmmədov konkret cinayət əməllərində ittiham olunur. O, ifadəsində göstərib ki, nazir müavini İltimas Məmmədova ev tikintisi üçün qeyri-rəsmi formada 1,5 milyon manat pul verib.

Nazir müavini isə mətbuata açıqlamasında bu milyonluq yeyinti ittihamına cavab verməyəcəyini bildirib: "Ünvanıma səsləndirilən ittihamlarla bağlı açıqlama vermək niyyətində deyiləm".

Əldə etdiyimiz məlumata görə, elə məhz bu ifadə əsasında İ.Məmmədov işdən azad ediləcək və həbsinə də zəmin hazırlanacaq.

Bildirilir ki, hazırkı nazir Ramin Quluzadə də kifayət qədər təmiz olan reputasiyasına xələl gətirmək niyyətində deyil və adı belə korrupsiya cinayətində hallanan şəxslə işləmək fikri yoxdur.



Mənbə bildirir ki, R.Quluzadə İ.Məmmədovla işləməmək istədiyi barədə "yuxarılara” bir neçə dəfə mesaj yollasa da, nazir müavininə toxunulmayıb. Ortaya çıxan bu ifadə isə R.Quluzadənin də əlini gücləndirib. O, konkret faktla çıxış edəcək və belə bir adamın onun və nazirliyin nüfuzuna zərər vurduğunu ortaya qoyacaq.

İ.Məmmədovun həbs edilib-edilməyəcəyi isə bir sonrakı addımdan asılıdır. Mənbə bildirir ki, indiki halda nazir müavininin xilas olması çox az ehtimal olunur. Çünki ortada 1,5 milyonluq cinayət var və İ.Məmmədov da naziri Əli Abbasov qədər güclü deyil ki, belə böyük korrupsiya faktına görə ona toxunmasınlar.

İ.Məmmədovun işdən qovulması prosesinin isə bu ilin sonuna qədər həll ediləcəyi bildirilir.

Bakı Post
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.