Baş nazir korrupsiyaya görə işdən qovulan məmura yüksək vəzifə verdi

22-11-2016, 09:47   


“Azəriqaz” İstehsalat Birliyi baş direktorunun satış və istismar üzrə sabiq müavini Qamət Məmmədov yeni vəzifəyə təyin olunub. O, hazırda “Azəristiliktəchizat” ASC-də məsul post tutur.

Bu barədə medianews.az saytına ASC-dəki mənbələrdən məlumat daxil olub. Xəbəri verən qaynağın sözlərinə görə, Qamət Məmmədov hazırda “Azəristiliktəchizat” ASC sədrinin müavini vəzifəsini icra edir.

Qamət Məmmədov “Azəriqaz”dakı vəzifəsi ilə bir il öncə – 2015-ci ilin oktyabr ayında vidalaşmışdı. Onun vəzifədən çıxarılmasına səbəb kimi isə “işdə yol verdiyi ciddi nöqsanlar” göstərilirdi. Bildirilirdi ki, “Azəriqaz” İB-nin oktyabrın 10-da keçirilmiş qapalı iclasında bu təsərrüfat subyektində baş verən korrupsiya və mənimsəmə halları, qurumun fəaliyyətindəki ciddi nöqsanlar və maliyyə pozuntusu faktları müzakirə edilib. Nəticədə əvvəllər Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi işləmiş Qamət Məmmədov 2011-ci ildən bəri tutduğu “Azəriqaz” sədrinin müavini vəzifəsindən azad olunub.


İstiqlal.az-ın araşdırmalarına görə, Q.Məmmədovu bu posta təyinatını baş nazir Artur Rəsizadə imzalayıb.

"Azəristiliktəchizat" ASC Azərbaycan prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmışdır və əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə ASC-nin nizamnaməsi təsdiq edilib.

Nizamnamənin 7.5 maddəsində göstərilir ki, "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri Cəmiyyətin sədrinin təqdimatına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar.

Konkret desək, Q.Məmmədovun ASC-nin sədr müavini təqdim olunması ilə bağlı təqdimatı ASC-nin sədri, sərəncamı isə baş nazir imzalayıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.