Büdcədən yayınan rüşvət-Qeyri-rəsmi yeyintiləri rəsmiləşdirmək olmazmı?
Hökumətin anti-böhran tədbirləri, islahat proqramları xalqın boğazından kəsməkdən ibarətdi. Bugünə qədər heç bir islahat addımı neqativ ənənələrin ləğviylə nəticələnməyib. Ya cərimələr artırılıb, ya qiymətlər qaldırılıb, ya ixtisarlar həyata keçirilib, ya da adamların ölkədən çıxışına qadağalar qoyulub. Korrupsiyanı ləğv etmək, monopoliyalara son qoymaq, “qara kassa”nın axırına çıxmaq heç kimin yadına düşmür. Məmurun komfortundan, nazirin maaşından, prezidentin xərclərindən kəsmirlər, amma xalqın haqqından həvəslə kəsirlər.
Bir halda ki, hökumət kəsməklə məşğuldu və büdcəyə pul yığmaq istədiyini iddia edir, o zaman kəsmək mümkün olan başqa yerləri də hədəf seçsin. Bu ölkəd “qara kassa” təkcə gömrükdə, vergidə deyil ki. Ölkənin müxtəlif sahələrində “qara kassa” mövcuddur. Ölkədə milyardlar dövr eləyir və bu milyardlar büdcəyə düşmür. Ona görə də “qara kassa”nı ağartmaq laızmdır. Yəni, bu oğurluqları leqallaşdırmaq və pulları büdcəyə yönəltmək lazımdır.
Məsələn, Azərbyacanda dövlət xəstəxanaları ilə özəl xəstəxanalar arasında fərq yoxdur. Yəni, dövlət xəsətəxanalarında da bütün xidmətlər, analizlər, əməliyyatlar pulludur. Amma bu qeyri-rəsmi ödənişlər büdcəyə deyil, ciblərə girir. Bir halda ki, xəstədən bu pullar alınır, bir halda ki, dövlət xəstəxanalarında milyionlar dövr eləyir, yaxşı olar ki, dövlət xəstəxanaları rəsmən pullu olsun. Xəstə Onkologiyaya gedib, biopsiya analizi verir və 70 manat ödəyir. Yəni, xəstənin cibindən bu pul zorla çıxarılır. Deməli, rəsmən pullu olsa və bunun hesabatı verilsə, daha məqsəduyğundur.
Yaxud, Azərbaycanda hərbi xidmətdən yayınmaq üçün müxtəlif üsullar var. Kimisi yüksək pul müqabilində, kimisi xəstəlik kağızı alaraq hərbidən yayınır. Elələri var ki, adları hərbidədir, özləri evdə. Beləliklə, hərbi xidmətdən yayınmaq məqsədiylə milyonlar kimlərinsə cibinə gedir. Yaxşı olar ki, bu qayda da leqallaşsın. Hərbi xidmətdən imtina edənlər, dövlət büdcəsinə müəyyən edilmiş məbləği ödəsin. Nəticədə milyonlar hansısa iribuynuzlunun deyil, büdcənin cibinə getsin.
Eyni qaydanı Cinayət Məcəlləsinə də şamil etmək olar. Bu ölkədə minlərlə insan yüksək məbləğ qarşılığında cəzadan azad edilir. Yaxud, cinayət törətmiş adamların maddəsi dəyişdirilir. Bu da sirr deyil ki, çox vaxt cinayətb törətmiş adamın maddəsini daha ağır maddəylə əvəzləyirlər ki, daha çox pul ala bilsinlər. Mümkündür ki, CM-yə dəyişiklik edilsin və ödənilən pullar rəsmən qeydiyyata keçsin.
Bəlkə də çoxları bunu korrupsiyanın legitimləşdirilməsi kimi qiymətləndirə bilər. Amma faktdır ki, külli miqdarda vəsait büdcədən yayınıdırılır. Azərbaycan reallığında bu halların rəsmiləşdirilməsi daha məqsədəuyğundur. Milyonlarla rüşvət məmurların cibinə getməkdənsə, dövlətin cibinə getsin.
Amma hökumət bütün sahələrdəki “qara kassa”nı ləğv etmək, dövlət strukturlarındakı yeyintiləri büdcəyə yönəltmək fikrində deyil. Çünki, bu qeyri-rəsmi yeyintilər əbədi qazanc yeridir.
Samir