Metropolitenlə Binəqədi icra hakimiyyətinin qaranlıq tunel əməliyyatı

29-11-2016, 09:17   

Maliyyə Nazirliyinin ayırdığı milyonlara korrupsiya təhlükəsi; “Motodrom” adlanan yaşayış massivinin sakinləri iddia edir ki, onlara verilməli olan kompensasiyanın məbləği iki dəfədən çox azaldılıb; üstəlik, qiymətləndirmə şirkətinin adı gizlədilir

Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, “Motodrom” adlanan yaşayış massivinin sakinləri növbəti dəfə etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın az olmasıdır.

Belə ki, metronun “Avtovağzal” stansiyasının depo ərazisinə düşən 65 evin sökülməsi nəzərdə tutulub. Həmin evlərin sakinləri isə onlara veriləcək kompensasiyanın azlığından şikayətçidirlər.

“Yeni Müsavat” qəzetinin əməkdaşı adıçəkilən ərazidə olub və sakinlərin şikayətlərini dinləyib.

Əraziyə çatarkən 70-ə yaxın sakin qəsəbənin mərkəzində toplaşaraq etiraz aksiyası keçirirdi. Onların sözlərinə görə, aksiyadan öncə bir qrup narazı sakin Milli Məclisə gedərək millət vəkilləri ilə görüşüblər. Milli Məclisin vitse-spikeri Bahar Muradova və deputat Çingiz Qənizadə vətəndaşları qəbul edib, onların şikayətinə baxılacağını bildiriblər. Onlar mənzillərinə veriləcək olan kompensasiyanın azlığından şikayətçidirlər.

“Yeni Müsavat”a danışan qəsəbə sakini Vəzir Abdullayev ötən gün Milli Məclisdə olduqlarını və problemlərini deputatlara çatdırdıqlarını bildirdi: “Problemlə bağlı bir neçə şikayətçi ilə birgə Milli Məclisə getdik. Orada bizi Milli Məclisin vitse-spikeri Bahar Muradova qarşıladı. Bahar xanım problemlə bağlı bütün aidiyyəti qurumlarla əlaqə saxlayacağını və məsələni aydınlaşdıracağını dedi. Daha sonra bizimlə millət vəkili Çingiz Qənizadə görüşdü, problemimizi dinlədi. Nə qədər kompensasiya verildiyini soruşdu. Biz isə mənzilin hər kvadratmetrinə görə, 350-500 manat arasında kompensasiya verildiyini bildirdik. Hörmətli millət vəkilləri bu problemin qısa zamanda həll ediləcəyini bildirdilər”.

Biz ərazidə olduğumuz zaman Bakı Metropoliteni ASC-nin əməkdaşları kompensasiyası verilmiş iki evin söküntüsünü həyata keçirmək istədi. Lakin narazı sakinlər buna mane olmağa çalışdı. Nəticədə iki tərəf arasında mübahisə yaşandı. Əraziyə polis əməkdaşları çağırıldı və sakinlərlə söhbət aparıldı. Şikayətçiləri evlərin sökülməsinə razı salmaq mümkün olmadı. Sakinlərlə polis arasında mübahisə şiddətləndi. Narazı sakinlər bildirdilər ki, həmin evlər sökülərsə ona bitişik olan evlərə də zərər dəyəcək. Uzun mübahisədən sonra polis əməkdaşları vətəndaşlara söküntü zamanı evlərinə zərər dəyməyəcəyi ilə bağlı söz verdilər.

Xatırladaq ki, ərazidəki 65 evdən cəmi 18 ev verilən kompensasiyanın məbləği ilə razılaşıb və hazırda o evlərin söküntüsü prosesi gedir. Digər sakinlər isə evlərinin hər kvadratına görə təklif edilən 500 manatlıq kompensasiya ilə razılaşmır, mənzillərinin hər kvadratmetrinin minimum 1100-1200 manatdan hesablanmasını tələb edirlər.

Sakinlər onu da bildirdi ki, qiymətləndirmə və ölçü işləri düzgün aparılmır: “Evlərin ölçülməsi düzgün aparılmır. Evin kvadratmetrini az göstərməyə çalışırlar. Digər tərəfdən, kompensasiyanın 350-500 manat arasında olmasını kim təyin edib? Bu, necə, hansı kriteriyalara görə müəyyən edilir? Bu haqda bizə heç bir məlumat verilmir".

Sakinlər söküntü işləri aparan şəxslərin onları təhdid etdiyini də iddia edirlər: ”Bizə deyirlər ki, 15 gün ərzində köçməsəniz, evinizi başınıza uçuracağıq. Biz isə onlara deyirik ki, heç olmasa bizə evimizin hər kvadratmetrinə görə 1200 manatdan kompensasiya ödəyin. Bəzi evlərə 1200 manatdan veriblər, bizim evləri niyə daha ucuz hesablayırlar. Gedib yolu kəsirik, etiraz edirik, bütün mətbuat yazır, ancaq bir xeyri yoxdur. Qışın oğlan çağında bizi evimizdən çıxarmağa heç kimin ixtiyarı yoxdur".

Qeyd edək ki, sakinlər arasında məcburi köçkünlər də var.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq və oraya da baş çəkdik. İcra hakimiyyətinin ictimai humanitar məsələlər üzrə baş məsləhətçisi Leyla Kərimova baş verənlərlə bağlı izahat verdi: “”Motodrom" adlana ərazidə baş verənlərdən xəbərdarıq. Qeyd edim ki, kompensasiyaların ödənilməsi, sakinlərin köçürülməsi işi birbaşa Bakı Metropoliteni QSC tərəfindən həyata keçirilir. Qaranlıq qalan sualları birbaşa o qurumun mətbuat xidmətinə ünvanlaya bilərsiniz. Həmin ərazi Binəqədi rayonu ərazisində yerləşdiyi üçün biz sadəcə prosesə nəzarət edirik. Sənədləşmə və kompensasiya prosesində icra hakimiyyəti olaraq biz iştirak etmirik. Bütün narazılıqlarla bağlı şənbə günü Binəqədi rayonunun icra başçısının müavini Bakı Metropoliteninin əməkdaşları ilə birgə həmin ərazidə olub və sakinlərin sualları cavablandırılıb. Yenə də xatırlatmaq istəyirəm ki, kompensasiya ilə bağlı suallara Bakı Metropoliteninin mətbuat xidmətindən lazımi cavablar ala bilərsiniz".

Bakı Metropoliteni QSC-nin də mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev metropolitenin kompensasiyanın ödənilməsi işinə məsul olmadığını vurğuladı: “”Xocahəsən" elektrik deposu ilə “Avtovağzal” stansiyası arasında bənövşəyi xəttin tuneli tikilir. Həmin istiqamətdə yaşayış evlərinin olması təhlükəli idi. Buna görə də müvafiq dövlət qurumları həmin ərazini yoxladılar. Bildirdilər ki, gələcəkdə evlər təhlükə altında qala bilər. Bu səbəbdən evlərin sökülməsinə qərar verildi. Söküntü və kompensasiya işləri isə müstəqil bir qiymətləndirmə şirkətinə həvalə olundu. Həmin prosesə isə bizim heç bir müdaxiləmiz yoxdur. Həmin qurum tərəfindən evlərin ölçü işləri və qiymətləndirmə işləri aparılır. Kompensasiyalar hesablanaraq sonda Maliyyə Nazirliyinə təqdim edilir. Bakı Metropoliteni olaraq biz bu işdə, sadəcə, tərəf kimi iştirak edirik. Kompensasiya və digər məsələlərin bizimlə əlaqəsi yoxdur. Bir tərəf kimi lazımi işlərdə kömək etməyə çalışırıq, texnikamız vasitəsilə evlərin söküntüsünə, daşınmasına köməklik edirik".

Ekspertlər iddia edirlər ki, qiymətləndirmə şirkətinin adının gizli saxlanılması qanunauyğun deyil. Belə ki, bu, prosesin şəffaflığına ciddi şəkildə kölgə salır və sakinlərin iddialarının doğruluğunu təsdiqləyir.

Mövzunu diqqətdə saxlayacağıq.



Məğrur MƏRD
Fotolar müəllifindir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.