Şagirdlərin 30 faizi niyə təhsilini yarımçıq qoyur?
Ölkə başçısı “ölkədə savadlılıq 100 fazidir” desə də, baç nazirin müavini Əli Əhmədov “ təhsilin inkişafı prezident üçün əsas prioritetsahədir” söyəsə də reallıq bunun əksini göstərir. Təkcə təhsil haqqının miqdarına, müəllimə verilən əməkhaqqına, tələbə təqaüdünə nəzər salamq kifayət edir ki, hökumət üçün təhsilin önəm daşımadığını aydın görə bilək. Hər il şahid olduğumuz rüsvayçı imtahan nəticələri, xaricdə təhsil proqramının dayandırılması, müəllimin seçki saxtakarına çevrilməsi, şagirdlərin repetitorlardan asılı vəziyyətə düşməsi də təhsilə “qayğı”nın nəticəsidir.
Bugünlərdə isə daah bir dəhşətli statistika açıqlandı. “IX sinifdə buraxılış imtahanını verdikdən sonra 30% şagird X-XI sinfə keçmir. Onlar məktəbi atıb, əmək bazarına gedirlər. Peşə məktəblərinə isə cəmi 1-2% şagird gedir”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, XI sinifdə buraxılış imtahanı verdikdən sonra məzunların cəmi 50%-i ali təhsil müəssisələrinə ərizə verir.
Əslində, 30 faiz şagirdin təhsilini yarımçıq qoyması, məktəbi atması böyük faciədir. Yaxud, məzunların 50 fazinin ümumiyyətlə təhsil haqqında düşünməməsi acınacaqlı reallıqdır. Bir tərəfdən təhsil haqqının yüksək olduğuna görə tələbə adını qazanmış gənclər təhsilini davam etdirə bilmir, o biri tərəfdən 30 faiz şagird ümumiyyətlə təhsilini başa vurmaq istəmir. Bu tendensiya dövlətin bugününü və sabahını təhdid edir.
Bu rəqəmlərdən də görünür ki, şagirdlər üçün təhsil perspektivsiz görünür. Adamlar ətrafda baş verənləri aydın görə bilirlər. Elm adamlarının 150-200 manatın girovluğunda yaşadığını, müəllimin seçki saxtakarına çevrildiyini, karyera pilləkənində irəliləməyin xüsusi şərtlərinin olduğunu baş düşürlər. Bir ölkədə ki, ali təhsilli fəhlələr ordusu var, bir ölkədə ki, təhsil rüşvət yuvasına çevrilib, həmin ölkədə təhsilin çöküşü labüddür. Hətta büdcədən ən az vəsait də təhsil sahəsinə ayrılır.
Rəsmi statistika 30 faiz şagirdin 9-cu sinifdən məktəbdən uzaqlaşdığını göstərirsə, deməli real vəziyyət daha ağırdı. Bu illər ərzində təkcə ölkənin sərvətləri talan edilmədi, həm də dövlətin əsas sütunu olan sahələr məhv olundu. Bütün sahələrə qazanc mənbəyi kimi baxıldı.
Normal hökumət belə bir statistikadan sonra həyəcan təbili çalmalı, təhsilə qarşı biganəlik yaradan səbəblər aradan qaldırmalıdır. Azərbaycanda təhsilin bu vəziyyətə düşməsi hökumətin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Azərbyacanın sabahını savadsızlıqla, cəhalətlə, təhsilsizliklə yükləyirlər.
Samir