İcra hakimiyyətlərinin ləğvi reallaşır-vilayətlər, yoxsa quberniyalar...

8-12-2016, 10:07   
İcra hakimiyyətlərinin ləğvi reallaşır-vilayətlər, yoxsa quberniyalar...
İdarəçilikdə ciddi dəyişikliklər gözlənilir; qərarlara münasibət birmənalı deyil

Son aylar Azərbaycan rayonlarının bir neçə vilayətdə birləşdirilməsi barədə təkliflər səslənir. Dövlət büdcəsinə qənaət üçün əlavə xərclərin azaldılması yollarından biri kimi vilayətlərin yaradılması ideyası irəli sürülüb. Milli Məclisin dekabrın 6-da keçirilən iclasında da bu mövzu müzakirə olunub. Deputat Fəzail Ağamalı rayonların ləğv edilib yerində quberniyaların yaradılması təklifini irəli sürüb. F.Ağamalı hesab edir ki, bu idarəçilik sistemi daha çevik və səmərəlidir.

Sabiq baş nazir, AXP lideri Pənah Hüseyn hesab edir ki, vilayət məsələsi bir qədər fərqlidir: “Vilayətlərin yaradılması və bunun idarəçilikdə ciddi dəyişikliklərə səbəb olacağı ilə bağlı ortada konkret qanun layihəsi yoxdur. Şəxsən mən bunun prinsipial məsələ olduğunu, hansısa bir dəyişikliyə səbəb olacağını düşünmürəm. Burada müəyyən siyasi səbəblər də ola bilər. Azərbaycan monolit bir ölkə deyil. Bu baxımdan, bu məsələ hərtərəfli müzakirə olunmalıdır. Quberniya Azərbaycanın Rusiya tərkibində olduğu müstəmləkə dövrünün sözüdür. Bu ərazi bölgüsü Çar Rusiyası dövrünə aid idi. Jirinovski Rusiyada belə bir ərazi bölgüsünün aparılması təklifi ilə çıxış etmişdi. Tarixi baxımdan bizə uyğun olmayan müstəmləkə dövrünü xatırladan bir termindir. Yuxarıda qeyd etdiyim səbəblərə görə bunu doğru saymıram”.

Image result for Fikrət Yusifov

Keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov bildirdi ki, Azərbaycanda quberniyaların yaradılması mümkündür: “Rayonlarda bu qədər idarəçilik aparatlarının olmasına gərək yoxdur. Bunlar şişirdilib. Quberniya təcrübəsi qonşu dövlətlərdə var. Rusiyanı misal çəkə bilərik. Çox uğurlu idarəçilik formasıdır. Hesab edirəm ki, 5-6 rayonun quberniyada birləşdirilməsi çox normal haldır. Belə olarsa, xərclərə kifayət qədər qənaət olunacaq. Üstəgəl, idarəçiliyin çevikliyi baxımından çox müsbət addım olacaq. Bu nöqteyi-nəzərdən bu tətbiqi əvvəlcədən dəstəkləyirəm. Naxçıvan istisna olmaqla, 9 quberniyanın yaradılması çox normal hal olar. Bütün prizmalardan buna müsbət yanaşmaq lazımdır. Bir bölgənin problemləri biri var ki beş rəhbərdən, biri də var ki, bir rəhbərdən soruşulsun. Fərqi ayırd etməmək mümkün deyil. Gələcəkdə yəqin ki, quberniya rəhbərləri birbaşa prezidentin təyinatı ilə olacaq. Ondan sonra da quberniyaların seçkili olması prosesi baş verəcək. Bu model bizə çox uyğundur və vacibdir. Hər quberniyanın özünün proqramı hazırlanacaq. Qubernator rəhbərlik etdiyi bölgənin iqtisadi durumuna cavabdeh şəxs olacaq. Qeyri-neft sektorunu inkişaf etdirmək istəyirik. Bu sahədə ciddi nailiyyətlər əldə etmək mümkün olacaq. İdarəetmə aparatının çevikliyi çox mühüm şərtlərdən biri olacaq. Sahibkarlara maneçilik halları da azalacaq. Bir növ sahibkarların fəaliyyəti üçün münbit şərait yaranacaq. Büdcəyə böyük qənaət olacaq. 72 rayonun yerinə 9 quberniya olacaq. İndiki bir icra hakimiyyətinin aparatı kifayət edir ki, bir quberniya idarə olunsun. 4-5 rayonun icra strukturu bir yerdə formalaşdırılacaq. İşsizlik problemləri bu gün iqtisadi böhran şəraitində var. Say etibarı ilə düşünmürəm ki, işsizlik ordusu yaranacaq. Bank sistemində baş verən proseslərdən sonra bir çoxları işlərini itirdilər. Amma onlar sahələrini dəyişmək məcburiyyətində qalacaqlar. Bu problemlər zaman-zaman həll olunacaq. Bundan çəkinmək lazım deyil”.

Cavanşir ABBASLI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.