Rusiya hərbi raketlərinin azərbaycanlı müəllifi

13-12-2016, 09:47   
Rusiya hərbi raketlərinin azərbaycanlı müəllifi
İqor Aşurbəylinin film kimi həyat hekayəti; məşhur nəslin nümayəndəsi kiçik sahibkarlıqdan böyük ixtiraçıya necə çevrildi?

Rusiya hərbi sənaye kompleksində işləyib çalışan super ixtiraçılar sırasında azərbaycanlılar həmişə öz xüsusi istedadları ilə seçiliblər. Mövzu yarıqapalı, hətta bəzən tam qapalı olduğuna görə biz bu uzun siyahıda ancaq bəzilərinin adını çəkə bilərik.

Qalanlar barədə danışmaq hələ tezdi. Mətbuata adları açıqlanmış ixtiraçılarımız sırasında birinci yerləri sözsüz Paşayev Davud Hüseyn oğlu, İkram Kərimov, nəhayət, İqor Rauf oğlu Aşurbəyli bölüşür.

Rəhmətlik Davud Paşayev, sualtı atom qayıqlarının ən yeni “Borey” nəslini ixtira edərək dünya okeanı dərinliklərinə buraxıb. İkram Kərimov isə əsl Dərviş Məstəli Şahdı - o, zəlzələ törədən tam məxfi tektonik silahın müəllifidir. İxtirası, indiyədək bütün dünya hərbiçilərini narahat edir. Deyilənə görə, bu silahdan Rusiya Müdafiə Nazirliyi vaxtaşırı istifadə edərək okeanlarda sunami dalğası yaradır. Həmin nəhəng dalğanı lazımi istiqamətə yönləndirib düşməni yer üzündən birdəfəlik silir. 2011-ci ilin 11 mart tarixində Yaponiyada baş vermiş zəlzələni, bəzi araşdırmaçılar məhz İkram Kərimovun işi bilərlər. Zəlzələ nəticəsində Yaponiyanın Fukayama, Onaqava atom elektrik stansiyalarında Çernobl qəzası yaşanıb. Yapon dövləti, itkiləri görərək Kuril adalarına qarşı iddialarını bir müddət unutmağa məcbur qalıb.
Rusiya hərbi sənaye kompleksində çalışan digər məşhurumuz isə rəhmətlik tarixçi-alim Sara Aşurbəylinin yaxın qohumu İqor Aşurbəylidir.

Biblioqrafiyası bir səhifəyə yerləşməyən bu əvəzsiz tədqiqatçı 2001-ci ildən 2011-ci ilədək Rusiya Federasiyasının ən məxfi cəbhəxanasına - “Almaz-Antey” elmi-tədqiqat birliyinə rəhbərlik edib.

Məhz Aşurbəylinin rəhbərliyi altında Rusiya hərbi-sənaye kompleksi ən son silahlarını, yəni S-300 “Favorit”, S-400 “Triumf” zenit raketlərini istehsal edərək onları NATO-nun qorxulu röyasına çevirib. O, həm də gələcəkdə istifadəyə veriləcək beşinci nəsil zenit raketlərinin nəzəriyyəçi mühəndisi kimi də tanınır. İndiki raket silahlarını sabah əvəzləyəcək “S-500", "Vityaz" və s. kimi ixtiraları Aşurbəyliyə Rusiyada böyük şöhrət qazandırıb.

Aşurbəyli təkcə ixtiraçı-mühəndis kimi tanınmır Rusiyada. O, həm də yaxşı, mükəmməl təşkilatçı kimi də tanınır. Rusiya raket istehsalı sahəsindəki pərakəndəliyi məhz Aşurbəyli 2010-cu illərdə dəf edərək bütün istehsalı bir mərkəzə - A.A. Raspletin adına “Almaz-Antey” elmi-istehsalat birliyi"nə tabe etdirməyi bacarıb.

2011-ci ildə Rusiyanın vahid kosmik-müdafiə sistemini quran, Suriyada rus silahını bütün dünyaya reklam edən şəxs də yenə odur - İqor Aşurbəyli, 1744-cü ildən adını tarixi salnamələrə yazdırmış məşhur Aşurbəyli nəslinin indiki ən tanınmış nümayəndəsi.
Aşurbəyli İqor həm də öz elmi fəaliyyəti ilə də məşhurdu - Londonda nəşr edilən “Room” adlı beynəlxalq kosmik jurnalın baş redaktorudur. Texniki elmlər doktoru adını daşıyan həmyerlimiz 100-dən çox elmi araşdırmaya imza atıb. Bir ensiklopediya, üç monoqrafiya müəllifidir.

Aşurbəyli, Rusiya Federasiyasının demək olar bütün orden, medallarıyla təltif olunub. Rusiya Pravoslav kilsəsi də bu siyahıdan kənarda qalmayıb - özünün beş ordenini sancıb həmyerlimizin yaxasına.



Rusiya dövlətinin 1000 nəfərlik xüsusi kadr rezervində Aşurbəyli fəxri 304-cü yerdədir. Dmitriy Raqozinlə - Rusiya hərbi-sənaye kompleksinin fəxri sədri ilə, Aşurbəylini sıx dostluq, əməkdaşlıq telləri birləşdirir. Hər ikisi, Rusiyanın aviasiya və kosmik sənayesini bir mərkəzdə cəmləşdirməyin tərəfdarıdırlar.

***

Mətbuata verdiyi açıqlamada İqor Aşurbəyli öz həyatını belə təsvir edir:

- Qorbaçovun 80-ci illərdəki çağırışına səs verərək mən - 1963 doğumlu gənc alim, Bakıda “Sosium” adlı müstəqil kiçik müəssisə təsis edib başladım pul qazanmağa. İlk qazancımızı - 300 min rubl pulu bankdan götürməyə gedərkən, yadımdadı, köhnə adətimizlə tramvaya mindik. Taksi götürməyi, inanın, ağlımıza belə gətirmədik. 1991-ci ildə aclıqdan məcbur qaldıq Bakıdan Moskvaya köçməyə. Moskvada “Beynəlxalq informasiya və telekommunikasiya birjası” təsis edib girişdim Rusiya informasiya bazarına.

1994-cü ildə Boris Vasilyeviç Bunkin, məşhur ixtiraçı, məni Rusiya hərbi sənayesinin göbəyinə - “Almaz” elmi-istehsalat birliyinə dəvət edəndə, vallah, əvvəlcə bilmirdim buna “hə” deyim, yaxud “yox”. Birjam, bu məxfi qurumdan icarə götürdüyüm binada fəaliyyət göstərirdi. Səhmdarları sırasında tanınmış simalar çoxdu. “Almaz”çılar bizi ciddi güdürlər əvvəlcə. Sonra qərara gəlirlər, bizlə birləşib Rusiya hərbi-kosmik qüvvələrini tam yeni sistemdə təzədən qursunlar. İdeya, məni qanadlandırdı.

- O vaxt hərbi sənaye özünün qızıl dövrünü yaşamırdı, axı. Necə oldi ki, Rusiya sənayesinin bu aparıcı sahəsində belə uğurlar qazandız? Ən mükəmməl raketləri ixtira edib Rusiyanın NATO-ya qarşı kosmik qalxanını yarada bildiniz?



- 90-cı illərdə bizim sahədə iqtisadi qalxınmadan söz gedə bilməzdi. “Almaz-Antey” özünün böhran dövrünü yaşayırdı. Borc içində üzürdü. Putinin gəlişi ilə hərbi sifarişlərin miqyası, həcmi birə beş, birə on artdı birdən-birə. Hərbi sənaye isə, bilirsiniz, hər iqtisadiyyatın onurğa sütunudur. Burda sürətli inkişaf templərini təmin etmək bəsdir ki, ölkə iqtisadiyyatının digər sahələri də bir o qədər inkişaf etsin. İlk olaraq buna nail oldum. Gecə-gündüzüm yoxdu 2011-ci ilədək, vallah. Bilmirdim, divarların o tərəfində hansı fərqli həyat davam edir. Hərbi sənaye rəhbəri, sovet vaxtlarında olduğu kimi, 20-30 il sonranı görmək istedadına malik deyilsə, indidən istefa ərizəsini yazsın. Bəli, bizdə, belə idi. Biz 30-50 il sonranı nəzərə alıb, ən müasir zenit raketlərinin istehsalına girişdik. Rüşvət, mənimsəmə faktları bizi daim müşayiət etsə də, mən deyirdim - oğurlayın, yaxşı, bu, adətinizdi, ancaq çalışın stəkanın dibində nəsə qalsın.

- Şəxsi biznesiniz dururmu, yoxsa onu dövlət vəzifəsinə keçincə, ləğv etdiniz?

- Niyə ki...yox... Hələ Bakıdaykən təsis etdiyim “Sosium” kiçik müəssisəsi. İndi nəhəng holdinqdir. İdarəetməni tapşırmışam otuz yaşlı oğluma. Qoy özünü bu sahədə sınasın bir, sonra ona daha perspektivli sahələri tapşıracam. 30-dan çox müəssisənin qatıldığı holdinqdə indi 30 min insan çalışır. İldə cəmi dörd dəfə ora gedərəm. Səhmdarları yığıb lazımi göstərişlər verərəm. Vəssalam.

- “Rusiya Kosmik-Hava Qüvvələri” sistemi sizlə Raqozinin birgə müəllifliyi altında yaradılıb. Suriyada müvəffəqiyyətlə imtahandan çıxdı. Necə baş tutdu bu təşəbbüsünüz?



- 2004-cü ildən “Kosmik-Hava müdafiəsi üzrə ekspertlər şurası”nı təsis edib ona rəhbərlik etməyim, öz müsbət nəticəsini verməkdədir. Ekspertiza - bu çox vacib məsələ indi bizim ixtiyarımızdadır. Avropa Şurası bu təşəbbüsümüzü əvvəlcədən süngü ilə qarşıladı. Qarşıdurma hələ də davam edir.

- Sanksiyalara məruz qalırsız?

- Əlbəttə. İndi BMT nəzdindəki EKOSOS beynəlxalq təşkilatında qeydiyyatdan keçirik. Sanksiyalardan yan ötməyimiz bu statusla bağlı olacaq. Hələlik çulumuzu birtəhər sudan çıxarırıq. Bəli, mən “S-400"-dən daha mükəmməl bir silah bəlkə bir də ixtira etmədim. Ancaq həmişə gələcəyə baxıram. İstəyirəm yeni silahların 5-ci, 6-cı nəslini istehsala buraxım.

- Gələcəyi görməkdə, bəli, deyirlər əvəziniz yoxdur. Ukrayna ilə hərbi əməkdaşlıq, məhz sizin sayənizdə 2002-ci ildən ixtisara düşməyə başladı. Nəticədə Rusiya hərbi sənayesi həm Kiyevdən öz asılılığını qoruyub saxladı, həm də “S-300, 400, 500" raketlərinin istehsalını.

- Bəli. Biz buna artıq 2002-dən hazırdıq. Bəziləri, təəssüf ki, bunu çox gec dərk etdilər.



***

Qayıdaq uzaq qarlı Moskvadan cənuba - Bakıya. İndiki 2000-ci illərdən ötən əsrin 80-ci illərinə. İqor Aşurbəyli o uzaq vaxtlar, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunun ən mürəkkəb “Avtomatlaşdırılmış istehsalat prosesləri” fakültəsinə daxil olarkən xüsusi konkursdan keçməyə məcbur qalır. Konkurs zamanı, 16 tələbəni arxada buraxıb, öz tələbə vəsiqəsini qazanır. Burda da öz gələcək həyat yoldaşı Vika Burşteynlə tanış olub 1983-cü ildə onunla ailə həyatı qurur. 1984-cü ildə ailənin ilki - Ruslan doğulur. İndi o, atasının Moskvadakı şəxsi biznesinə uğurla rəhbərlik edir.



İqor Aşurbəyli Bakıda həm də qəzet naşiri kimi tanınıb vaxtı ilə. 90-cı illərdə Mətbuat prospektindəki ofisində qəzetini buraxmaqla özünü naşir kimi də sınaqdan çıxarıb.
Lakin Aşurbəylinin Bakı fəaliyyəti, Moskvadakıyla müqayisədə çox da uğurlu alınmır. Fəqət gəlin buna qiymət verək, - Moskva triumfundan sonra da həmyerlimiz doğma şəhərini unutmur. 2000-ci illərdən başlayaraq tez-tez Bakıda görünməyə başlayır. O, Qız qalası tərəfdəki dədə-baba mülkünü geri qaytarıb orda “Aşurbəyovlar evi”ni təsis edir. Bu sülalənin 1743-cü ildən başlayan Bakı dövrü ilə həmin binada tanış olmaq mümkündü.

Aşurbəyovlar evi ətrafında bu yaxınlarda qəribə, qanqaraldan bir əhvalatın baş verdiyini gərək burda qeyd edəm. Sara Aşurbəylinin Bakıdakı ünvanını (Vidadi küç. 143) bəzəyən 200 kiloqramlıq tunc xatirə lövhəsi ötən ay öz yerindən oğurlanıb. İqor Aşurbəylinin müdaxiləsindən sonra lövhə tapılaraq, yenidən öz yerinə qoyulub. Mütəxəssislər deyir ki, İqor Aşurbəylidə əsl Şerlok Holms istedadı olmasa, lövhə bəlkə çoxdan isti sobaların birində əridilib yoxa çıxmışdı.

Lakin Aşurbəyli Azərbaycanla münasibətlərini təkcə humanitar sahədə deyil, həm də hərbi sahədə qurmağı da bacarır. Müəllifi olduğu “S-300 Favorit” raketləri indi Azərbaycanın hava ərazisini düşmən həmlələrindən göz bəbəyi kimi qoruyur.



Sözü verək burda Aşurbəylinin özünə:

- Hərbi mövzularda danışmaqdan çəkinirəm. Ancaq Azərbaycan ordusunun bu gün “S-300" raketləri ilə təchiz olunması, inanın, məni çox sevindirir. Raketlər Azərbaycana dövlətlərarası müqavilə çərçivəsində verilib. İxtiram Azərbaycanın tam təhlükəsizliyinə təminat verərək, hamımızın dinc həyatını qoruyur. Çox istərdim ki, bu silahdan istifadə olunmasın. Çox böyük dağıdıcı gücə malik bu uçan əjdaha düşmənə anında, beşikdəcə zərbə endirməyə hər an hazırdı. Raketlərim hədəfi dəqiq vurur - bir santimetr o yan-bu yan yoxdu, raket öz yuvasından çıxdımı, daha onun qarşısını heç nə kəsə bilməz.

***

Bu il noyabrın 12-sində, Parisin məşhur “Rits” otelində keçirdiyi beynəlxalq konfransda İqor Aşurbəyli “Asqardiya” adlı kosmik dövlətin təqdimatını keçirib. Beləliklə, ixtiraçı alimimiz beynəlxalq projelərə start verib. İndən belə kosmosda yaranacaq yeni dövlətin bütün cari işləri İqor Aşurbəyliyə tapşırılıb.



Konfrans iştirakçıları sırasında bəlkə də mənim doğma əmim - məşhur Fransa astrofiziki, “Ariana” kosmik proqramının müəlliflərindən biri Cəmşid Herisçi də olub.

Mətbuat üçün tam qapalı saxlanılan əmimi heç vaxt görməsəm də, xəyallarımda onu həmin “Rits” otelində gördüm sanki. Gördüm ki, əmim necə orda öz bakılı həmkarıyla görüşüb öz “Ariana” dünyasını “Asqardiya”ya calayır.

İnanıram ki, bütün bunlar, Azərbaycanın da kosmik maraqlarına xidmət edəcək bir vaxt.

Həmid HERİSÇİ
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.