Hakimiyyət daxilində yeni Fərhad Əliyevin yaranmasında kimlər maraqlıdır?
Parlamentdə son büdcə müzakirələri zamanı manatın dəyərsizləşməsində, valyuta qıtlığı ilə bağlı ajiotaj yaranmasında maraqlı qüvvələrin varlığından bəhs edilib. Hətta millət vəkili Yevda Abramov Milli Məclisdəki çıxışında "qara bazar"a xüsusi maşınlarda külli miqdarda valyuta çıxarıldığını, eyni gündə 4 saat ərzində hər dolların ciddi fərqlə alınıb-satıldığını öz gözləri ilə gördüyünü qeyd edib.
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin açıqlamasına görə, Prezident İlham Əliyevin tapşırığı əsasında "qara bazar"la bağlı dövlət başçısına məruzələr edilib və müvafiq tədbirlər görülüb. Hazırda bununla bağlı araşdırmalar aparılır, artıq şübhəli şəxslər müəyyənləşdirilib.
Xatırladaq ki, KİV-lər bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının rəhbəri Elmar Məmmədovun işdən çıxarılmasının səbəbi kimi xarici valyutanın şəxsi qazanc və digər məqsədlərlə "qara bazar"a ötürülməsini göstərib. Lent.az saytı məsələ ilə bağlı təfərrüatlara vararaq qeyd edib ki, təkcə ABB sədri deyil, "Azər-Türk Bank"ın rəhbəri Fərhad Adıgözəlov da "qara bazar"a külli miqdarda valyuta buraxılması və banklarda xarici valyuta qıtlığının yaradılmasında iştirak etdiyinə görə işdən uzaqlaşdırılıb.
ABB-nin ölkənin pul siyasətinin həyata keçirilməsində vacib rol oynadığını nəzərə alsaq, baş verənlər sensasiya hesab oluna bilər. Çünki bu banka rəhbərlik strateji vəzifə sayılır və həmin vəzifəni yerinə yetirən şəxsin dövlət rəhbərliyinin siyasətinə tam sadiq olması, təmiz işləməsi və heç bir çirkin maliyyə oyunlarında iştirak etməməsi vacibdir.
Bildirildiyinə görə, yaranmış mürəkkəb vəziyyəti təhlil etmək və növbəti fürsətçiləri müəyyənləşdirmək üçün yeni yaranan Maliyyə Bazarlarına Nəzarət Palatası çox ciddi şəkildə işləyirmiş. Araşdırmalar nəticəsində xarici valyuta qıtlığının yaranmasında "qara bazar"ın çiçəklənməsinin və bu işdə əsasən ABB və "Azər-Türk Bank"ın yuxarıda göstərilən fəaliyyətinin rol oynadığı aydın olub. Bununla bağlı Palata tərəfindən hər iki bankın rəhbərinə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilib. Bəzi məlumatlara görə, hətta onlar hüquq-mühafizə orqanlarına da dəvət olunub. Lakin uyğun nəticə çıxarılmadığına görə hər iki şəxs işdən uzaqlaşdırılıb.
Qeyd edək ki, ABB-nin sabiq sədri Cahangir Hacıyev işdən azad olunduqdan sonra Dövlət Neft Fondu həmin banka 1 milyard dollar kredit ayırıb. Hazırda kredit alan bankın rəhbərinin işdən azad edilməsi ondan xəbər verir ki, ABB-nin idarəetmə sistemində ciddi problemlər həqiqətən mövcud olub və hələ də tam aradan qaldırılmayıb.
Xatırladaq ki, C.Hacıyevin cinayətkar fəaliyyəti nəticəsində təxminən 5 milyard dollardan artıq vəsait ölkədən çıxarılıb. Bu əməlinə görə o, həbs və məhkum olunub. ABB-nin Müşahidə Şurasının müvafiq qərarı ilə Elmar Məmmədov, daha sonra isə Xalid Əhədov ABB-nin sədri təyin olunub.
E.Məmmədov 2015-ci ilin iyulunda vəzifəsinin icrasına başlamışdı. Bu təyinata qədər isə o, "Kapital Bank"da (2009-cu ilin iyunundan) və "Azər-Türk Bank"da (2014-cü ilin sonundan) İdarə Heyətinin sədri olmuşdu. Məlumata görə, E.Məmmədov "Azsığorta" şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur və maliyyə naziri Samir Şərifovun yaxın adamı kimi tanınır. Onun maliyyə sahəsində parlamasında S.Şərifovun böyük himayəçilik rolu olduğu deyilir. E.Məmmədovun "Kapital Bank"ın rəhbəri vəzifəsinə təyin olunmasında da S.Şərifovun həlledici rol oynadığı vurğulanır. Lakin belə güclü himayədarın olmasına baxmayaraq, bir neçə ildən sonra onun bu vəzifədən uzaqlaşdırılması kifayət qədər maraqlıdır və sıradan hadisə sayıla bilməz. Ehtimal edilir ki, E.Məmmədov sovet dövründən qalan əmanətlərin geri qaytarılması prosesində çox ciddi pozuntulara yol verib və buna görə də cəzalandırılıb.
Az sonra S.Şərifov "müqəddəs missiyasını" davam etdirərək onu bu dəfə "Azər-Türk Bank"ın rəhbəri vəzifəsinə gətirə bilib. Xatırladaq ki, media C.Hacıyevin ABB-dəki maxinasiyalarının açılmasında S.Şərifovun böyük rolunun olduğunu davamlı şəkildə yazırdı. Görünür, C.Hacıyevin məsələsini həll edən S.Şərifov onun yerinə E.Məmmədovun təqdimatını irəli sürməklə ABB-yə nəzarəti ələ keçirmək məqsədi güdüb.
Bəs E.Məmməovun yeni vəzifədə ömrü niyə bu qədər qısa oldu? Qeyd edək ki, dövlət rəsmiləri ABB-nin fəaliyyətinin sağlamlaşdırılması ilə bağlı ciddi tədbirlərin atılacağını və banka yüksək məbləğdə vəsaitlərin veriləcəyini öncədən bəyan etmişdi. Ehtimal ki, S.Şərifov öz protejesini bankın rəhbərliyinə gətirməklə həmin vəsaitlərin aqibətini məqsədlərinə uyğun həll etməyi qabaqcadan planlaşdırıbmış.
Mediaya sızan məlumata görə, E.Məmmədovun vasitəsilə ABB-nin vəsaitlərinin "qara bazar"a çıxarılması da bu planın tərkib hissəsi olub. Nəticədə həmin əməliyyatı qurub həyata keçirənlər bir neçə günün içində külli miqdarda vəsait əldə ediblər. Digər tərəfdən isə, ölkədə leqal valyuta satışında, digər banklarla müqayisədə, "Azər-Türk Bank"a üstün şərait yaradılıb. Belə demək mümkündürsə, "Azər-Türk Bank" valyuta monopolistinə çevrilərək sahiblərinə əlavə gəlir gətirən şəxsi kontor kimi işlədilib.
Deməli, bir tərəfdən ABB-nin dollar ehtiyatının "qara bazar"a çıxarılması, digər tərəfdən "Azər-Türk Bank"a monopolist imkanların yaradılması dar çərçivədəki işbazlara milyonlar qazandırmaqla yanaşı, ölkədə ciddi valyuta ajiotajına səbəb olub. Son dövrlər ciddi iqtisadi və maliyyə səbəbləri olmadan dolların kursunun ardıcıl yüksəlməsinin də bu amillə birbaşa əlaqəsi var.
Maraqlı digər məqam valyuta qıtlığı ətrafında mübhəm oyunlarda müxalifətin izinin ortaya çıxmasından ibarətdir. Belə ki, hər fürsət yarandıqda ölkənin maliyyə-iqtisadi sistemini ardıcıl tənqid edən müxalifət mediası, xarici KİV-lər və onların azərbaycandilli uzantıları sayılan bəzi saytlar baş verən olaylarla bağlı seyrçi mövqe nümayiş etdirməyi üstün tutub. Hətta Cahangir Hacıyev və onun vəkillərinin ciddi cəhdləri də onları maliyyə naziri və ABB-nin işdən uzaqlaşdırılmış sədri haqda ittihamlara qoşulmağa həvəsləndirə bilmədi. Redaksiyamıza informasiya verən mənbənin iddiasına görə, bu media resurslarının elektron versiyalarında yer almış yazılar bir tərəfdən kifayət qədər ciddi məbləğdə ödənişlərin hesabına, digər tərəfdən də Qərb fondlarından birinin yerli nümayəndəliyinin və Qərb diplomatlarından birinin işə qarışması nəticəsində silinib, kağız versiyalarında isə ümumən dərc edilməyib.
Diqqətçəkən bir nüans da odur ki, bu maxinasiyanı həyata keçirənlər "qara bazar"ı itirməmək və özlərinin gələcək siyasi iddialarını ört-basdır etmək üçün əks hücuma keçib. Belə ki, onlar mediaya Beynəlxalq Bankın yeni direktoru Xaliq Əhədovun keçmiş müsavatçı olması barədə məlumat ötürərək, onu hakimiyyətin gözündən salmağa və bu yolla da zərərsizləşdirməyə cəhd göstərir.
Maliyyə naziri ilə bağlı daha bir maraqlı iddia ilə dia.az saytı çıxış edib. Yazının hadisələrin mahiyyətini anlamağa kömək edəcəyini nəzərə alıb, olduğu kimi təqdim edirik. "2005-ci ilin hadisələrini xatırlayanlar yaxşı bilirlər, o zamanlar iqtisadi inkişaf naziri olan Fərhad Əliyev də hökumətə valyuta bazarında əzələ nümayiş etdirmək fikrinə düşdü. Bir günün içində valyutadəyişmə məntəqələrində dollar qeybə çəkildi. Ciddi siqnal idi. Və "yuxarılar" bu siqnalı gərəkən formada qəbul etdilər. Sabotajın altında imzası olan Fərhad Əliyevin qollarına qandal vuruldu, uzun illər həbsdə yatdı". Bu fikri səsləndirən məlumatlı mənbə iddia edir ki, indi də analoji qaydada maliyyə naziri Samir Şərifov hökumətə güc göstərmək sevdasına düşüb. Mənbənin söylədikləri: "Təbii ki, Samir Şərifov artıq peşman olub. Amma gecdir. Onun "qara bazar"a dollar ötürməsi, aşkar şəkildə ölkədə bahalaşmaya rəvac verən fəaliyyətdə bulunması, bu zaman Azərbaycan dövlətinin, xalqının və hakimiyyətin maraqlarını nəzərə almaması ona baha başa gələ bilər".
Mənbə iddia edir ki, S.Şərifov təkcə "Azər-Türk Bank"la deyil, daha bir neçə istiqamətlə "qara bazar"a dollar axını təşkil edib: "Samir Şərifov indi çətin durumdadır və çıxış yolu arayır. Bunun axırı necə olacaq, zamanla görəcəyik"...
Baş verənlərin ümumi mənzərəsi bir müddət əvvəl sabiq diplomat Arif Məmmədovla bağlı qalmaqalı xatırladır. Qərbin bəlli çevrələri və ölkə müxalifətinin müəyyən qanadı sabiq diplomat ətrafında ssenarilər quraraq, onun vasitəsilə Azərbaycanın diplomat korpusunda yeni müxalifətçilər yetişdirmək planını işə salmışdı. Görünür, diplomatlarla bağlı baş tutmamış oyunun başqa formada ölkə daxilinə transferinə cəhdlər edilir...
Tahir TAĞIYEV