Yanvarda Hökumət buraxıla bilər

14-12-2016, 09:14   


Yeni ilin ilk ayında sürprizlər gözlənilir; məlumatlara görə, yeni formalaşdırılacaq Nazirlər Kabinetində hətta bir neçə “açar” nazirlər yer almaya bilər

Tarif Şurasının qazın və elektrik enerjisinin qiymətlərini bahalaşdırması ölkədə sosial gərginliyi tətikləyən faktora çevrilib. Ortada sosial narazılığı ifadə eləyən hansısa hərəkətlənmə, etirazlar olmasa da Tarif Şurasının qərarının narahatlıq yaratdığını hakimiyyət deputatları belə dilə gətirirlər. Yayılan xəbərlərə görə, prezident İlham Əliyevin yanvarın birinci yarısı keçirəcəyi müşavirədə Nazirlər Kabinetini buraxacağı gözlənilir. Məlumatlara görə, yeni formalaşdırılacaq Nazirlər Kabinetində köhnələrin əksəriyyəti, hətta bir neçə “açar” nazirlər yer almaya bilər.

Prezidentin bu yaxınlarda imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji “yol xəritələri”ndə nəzərdə tutulan islahatların məhz yeni Nazirlər Kabineti-yeni kadrlarla həyata keçirilməsi planı var. Xəbərlərdə qeyd edilir ki, Nazirlər Kabineti buraxılacağı halda fevralda 82 yaşı tamam olacaq Artur Rasi-Zadə yenidən baş nazir təyin edilməyəcək. Eyni zamanda bir sıra struktur islahatları da məhz bu zaman gerçəkləşdiriləcək. Belə ki, bir-birini təkrarlayan hökumət qurumlarının bəzilərini ləğv edəcəyi, bəzilərinin isə birləşdiriləcəyi deyilir.


Struktur islahatlarının anonsunu bir həftə öncə Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da verib. S.Novruzov deyib ki, artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə, oxşar strukturlar birləşdirilməlidir: “Struktur islahatları sonrakı mərhələlərdə də davam edəcək. Xərclərin optimallaşdırılması və idarəetmə aparatının sadələşdirilməsi hökumətin prioritetlərinə daxildir”.

Onu da qeyd edək ki, Tarif Şurasının qərarının ya ləğvi, ya da əhaliyə köhnə qiymətlərlə nəzərdə tutulan limitin miqdarının artırılması üçün bir sıra siyasi, ictimai qüvvələr, iqtisadçılar, siyasətçilər hakimiyyətə müraciətlər ünvanlayıblar. Bunlardan biri də Yeni AXCP-nin sədri Razi Nurullayev olub.

Image result for Razi Nurullayev

R.Nurullayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər prezident Tarif Şurasının qərarı ilə bağlı sözügedən addımlardan birini atsa, bu, hər kəs tərəfindən müsbət qarşılanacaq. Xalq həm belə bir qərarı, həm də yarıtmaz hökumətin buraxılması barədə qərarın verilməsini, yeni həqiqi islahatçı komandanın hökumətə gətirilməsini gözləyir: “Öncə deyim ki, mən və partiyamız prezidenti Tarif Şurasının qərarına yenidən baxmağa və xalqın mənafeyinə uyğun düzəlişləri etməyə çağırıb. Eyni zamanda bir-birini təkrarlayan dövlət qurumlarının da ləğv edilməsini təklif etmiş və təklifləri də Prezident Administrasiyasına təqdim etmişik. ”Yol xəritələri"nin yerinə yetirilməsi yeni və savadlı kadrlara həvalə olunmalıdır. Bununla bağlı təklifimizi hökumətə yazılı surətdə təqdim etmişik və mətbuatda da dərc edilib. İndi bütün bu addımların hamısının atılacağına o qədər inanmasam da, reallaşsa yaxşı olar.

Hökumət sosial öhdəliklərini yerinə yetirmək üçün dotasiyalardan canını qurtarmalıdır.

“Azərişıq”, “Azərqaz”, “Azəristiliktəchizat” və digər bu kimi dövlət qurumları sərmayə qoymaq üçün büdcə pullarını sərf edirlər. Hökumət bunu edə bilmir artıq. Onlardan kəsib sosial öhdəliklərini yerinə yetirmək və bəzi əmək haqlarında artım etmək niyyətindədir. Onun üçün də Tarif Şurasının qərarının ləğv edilməsi optimal variant deyildir. Ən yaxşısı, işıq və qaza qoyulan limitlərin artırılmasına ümid etmək olar.

Komandaya yeni kadrların cəlb edilməsi isə təbii ki, olacaq. Amma həlledici vəzifələr yenə də köhnə qvardiyanın əlində qala bilər".

Qeyd edək ki, Nazirlər Kabinetinin tərkibinə baş nazir və 6 müavini, 20 nazir, 9 komitə sədri, 4 Dövlət Agentliyi rəhbəri, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri, Dövlət Dəniz Administrasiyasının rəisi, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru, Dövlət Miqrasiya Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Milli Arxiv İdarəsinin rəisi daxildir.

Etibar SEYİDAĞA
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.